Sülh masasında gecikənlər tarix masasında cavab verir
Tarix bəzən elə məqamlar yetişdirir ki, bu məqamlar təkcə qələbəyə deyil, bütöv bir xalqın ruhunun, milli mənliyinin təcəssümünə çevrilir. Bu qəbildən, Azərbaycanın müasir hərb tarixinə qızıl hərflərlə yazılan Qarabağ Zəfəri milli iradənin, vətənpərvərliyin və əyilməzliyin təntənəsidir.
2020-ci ilin sentyabrından cəbhə xəttinin bütün istiqamətlərində yazılmağa başlayan şanlı tarix Azərbaycan ordusunun qətiyyətini, döyüş hazırlığını və torpaq uğrunda ölüm-dirim mübarizəsini bütün dünyaya nümayiş etdirdi. İlk günlərdən strateji məntəqələrin azad olunması, düşmənin müdafiə xətlərinin yarılması və ən əsası isə psixoloji üstünlüyün təmin edilməsi, sözsüz ki, Azərbaycanın parlaq qələbəsinin müjdəçisi idi. Beləliklə, Azərbaycan əsgərinin qəhrəmanlığı, döyüş meydanındakı məharəti, vətənin azadlığı uğrunda etdiyi fədakarlıq Müzəffər Ali Baş Komandanın qətiyyətli liderliyi, xalqın birliyi və həmrəyliyi ilə vəhdət təşkil edərək, düşmənə sarsıdıcı zərbə vurdu. Eyni zamanda, Ermənistanın işğal siyasətinin iflasını, düşmənin acizliyini və Azərbaycan ordusunun regionda əsas hərbi qüvvəyə çevrildiyini açıq şəkildə göstərdi. Bu baxımdan, Qarabağ zəfəri sadəcə bir müharibə deyildi – bu, haqqın nahaqqa, ədalətin işğala, milli ruhun mənəvi zəifliyə qarşı qazandığı böyük qələbə idi.
Təsadüfi deyil ki, Qarabağ zəfəri öz ərazi bütövlüyünü təmin edən, tarixi ədaləti bərpa edən, güclü, müstəqil, azad, firəvan, suveren Azərbaycanın gələcəyə inamla addımladığı bir dövrdə yeni bir tarixi mərhələnin əsasını qoydu. Bu gün Azərbaycan beynəlxalq arenada tarix boyu olmadığı qədər güclü bir aktora və nüfuzlu bir güc mərkəzinə çevrilib. Elə bir aktora ki, Almaniya bizdən üzr istəyir, Fransa daxili işlərinə qarışmaqda ittiham edir, İran Azərbaycanın uğurlarından çəkinir, Rusiya bizimlə hesablaşır. Qeyd etdiyimiz faktlara əsasən deyə bilərik ki, sözün əsl mənasında, Vətən Müharibəsindən sonra Cənubi Qafqazda sülhə təminat verən, eləcə də, Azərbaycanın maraqlarına cavab verən yeni geosiyasi reallıqlar formalaşıb. Lakin, qeyd olunmalıdır ki, regionda mövcud olan nisbi sabitlik və dinc şərait, mahiyyət etibarilə, Azərbaycanın hərbi-siyasi gücünün təcəssümü olan “Dəmir Yumruq” hesabına formalaşmış de-fakto reallığın məhsuludur. Hazırkı mərhələdə Cənubi Qafqazda davamlı sülhün və qarşılıqlı etimada əsaslanan münasibətlərin təşəkkülü baxımından, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması de-fakto şəraitin de-yure səviyyəyə yüksəldilməsi istiqamətində atılacaq əsaslı və strateji əhəmiyyətə malik addımlardan biridir. Lakin, bu gün Ermənistan rəhbərliyi müxtəlif bəhanələr gətirməklə sülh gündəminin irəlilədilməsinə süni maneələr yaradır. Bu isə bölgədəki gələcək perspektivlər və tərəflər arasında qarşılıqlı inamın möhkəmlənməsi baxımından bir sıra sualların ortaya çıxmasına yol açır: “Süni gecikdirmə Ermənistanın daxili-siyasi təlatümlərinin məhsuludur, yoxsa Ermənistanın ikili standartlar müstəvisində apardığı gizli geosiyasi koordinasiyanın nəticəsidir ?”
Suala birinci istiqamətdə yanaşdığımız halda, bu gün Rəsmi İrəvan tez-tez öz siyasi ritorikasında bu gecikməni beynəlxalq arenada “rezonans” doğuracağına inandığı “təhlükəsizlik təminatlarının yetərsizliyi”, “status məsələsi” və ya “insan hüquqları” kimi arqumentlərlə, “status-kvo”, “öz müqəddəratını təyinetmə”, “beynəlxalq vasitəçilik” kimi terminlərlə əsaslandırmağa çalışır. Lakin, Ermənistan unutmamalıdır ki, beynəlxalq hüququn fundamental prinsiplərinə uyğun olaraq, Azərbaycan ərazisində hər hansı “status” məsələsinin mövcudluğu artıq hüquqi qüvvəsini itirmişdir və beynəlxalq səviyyədə tanınan reallıqlar bununla ziddiyyət təşkil edir. Digər tərəfdən, erməni pafosunun növbəti hədəfinə çevrilən “status-kvo”, “öz müqəddəratını təyinetmə” və “beynəlxalq vasitəçilik” kimi anlayışlar Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndinə zidd olaraq, münaqişənin həllinə yönəlik hüquqi çərçivə və prinsiplərə uyğun gəlmir.
Məsələnin digər bir tərəfi isə sülh sazişinin süni maneələrlə uzaldırması ilə bağlıdır. Belə ki, Ermənistanın bu addımını daha geniş çərçivədə qiymətləndirdikdə, onun “protracted conflict” – yəni uzadılmış münaqişə strategiyası çərçivəsində həyata keçirildiyi aşkar olur. Bu modelə əsasən, münaqişənin tərəflərindən biri, vəziyyəti süni şəkildə uzadaraq, regional və beynəlxalq aktorların təsirini artırmağa çalışır. Beləliklə, status-kvonun saxlanılmasına və münaqişənin həllinin təxirə salınmasına xidmət edən bu addım yalnız mövcud gərginliyi dərinləşdirir və bölgədə davamlı sülhün təmin olunmasına maneə törədir.
Sualı ikinci istiqamətdə qiymətləndirdiyimiz halda isə qeyd etməliyik ki, Ermənistanın daxili-siyasi vəziyyəti, xüsusilə Paşinyan hökuməti ilə radikal müxalifət arasındakı ziddiyyətlər sülh və əməkdaşlıq istiqamətindəki irəliləyişlərə maneə törədən mühüm amillərdən biri olaraq qalır. Populist yanaşmalar, revizionist təfəkkür və diaspora təzyiqləri Ermənistanın xarici siyasətində tutarlı və strateji qərarların qəbul edilməsini çətinləşdirir, uzunmüddətli perspektivdə rasional və maraqlara əsaslanan qərarların qəbul edilməsini əngəlləyir. Digər tərəfdən, regionda və beynəlxalq miqyasda maraqları olan qlobal güclər, xüsusilə Rusiya və Qərb dövlətləri Ermənistanın qeyri-müəyyən davranışından öz geosiyasi məqsədləri üçün istifadə etməyə çalışırlar. Nəzərə alsaq ki, Üçtərəfli Bəyanatın “Zəngəzur dəhlizi” ilə bağlı olan bəndi təkcə, şərq və qərb arasında tranzit yükdaşıma fəaliyyətini müəyyən etmir, eyni zamanda Yeni Dünya Nizamının formalaşdığı bir dövrdə qlobal güclərin potensial rəqibinə çevrilən Türk Dövlətləri Təşkilatının əsaslarının möhkəmlənməsində ən böyük addım kimi xarakterizə edilir. Sözü gedən bu vəziyyət isə təbii olaraq, Ermənistanı tarix boyu heç olmadığı qədər yarıtmaz geosiyasi vasitə olaraq kontekstə daxil edir.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyev 03 aprel 2025-ci il tarixdə Almaniya Federativ Respbulikasının prezidenti Frank-Valter Ştaynmayer iştirakı ilə keçirilən brifinqdə qeyd etmişdir: “Sülh müqaviləsinin mətni tam razılaşdırlıb. 17 paraqrafdan ibarətdir. Azərbaycan burada hər hansı əlavə şərt irəli sürməyib. Bizim şərtlərimiz Ermənistan üçün bəllidir, yenilik deyil. Bu şərtləri uzun müddətdir ki, irəli sürürük. Ancaq, Erməsitandan bu günə qədər hər hansı ciddi cavab almamışıq. Bu şərtlər nədən ibarətdir ? Birinci, ATƏT-in Minsk Qrupu ləğv edilməlidir. Bunun da məntiqi ondan ibarətdir ki, 1992-ci ildə yaradılmış ATƏT-in Minsk Qrupunun mandatı keçmiş “Qarabağ münaqişəsi”ni həll edə bilmədi. “Qarabağ münaqişəsi”ni BMT-nin Nizamnaməsi əsasında və Beynəlxalq hüquq çərçivəsində Azərbaycan həll edib.
Digər tərəfdən Ermənistan Konstitusiyasında Ermənistanın Müstəqillik Aktına istinad vardır. O, konstitusiyanın tərkib hissəsidir. Orada isə Azərbaycanın hüquqi və tarixi ərazisinin Ermənistanla birləşməsi haqqında müddəa var. Bu, bizə qarşı açıq ərazi iddiası sayılır. Ona görə, Erməsistan Konstitusiyasında bu müddəanın çıxarılması bizim legitim tələbimizdir. Bu iki şərt təmin olunduqdan sonra sülh müqaviləsini imzalamaq üçün heç bir maneə olmayacaq. Necə deyərlər, “Top Ermənistanın tərəfindədir.” Əgər, doğrudan da Ermənistan sülh müqaviləsi imzalamaq istəyirsə, Ermənistanın bu iki legitim şərtini qəbul etməlidir.”
Göründüyü kimi cənab Prezidentin çıxışından da aydın olduğu kimi, bu gün Azərbaycanın sülh müqaviləsinin imzalanmasına münasibətdə mövqeyi bəllidir. Ermənistanın sülh müqaviləsini yubatması, əslində, tarixi fürsətin itirilməsinə bərabərdir. Bu prosesin süni şəkildə uzadılması nə Ermənistanın, nə də regionun gələcəyi üçün səmərəli deyil. Əksinə, bu cür davranış Ermənistanın izolyasiyaya məhkum edilməsinə, regional layihələrdən kənarda qalmasına və siyasi etimad böhranına sürüklənməsinə gətirib çıxarır.
Nəticə olaraq, tarix bir daha sübut edib ki, XXI əsr reallığında geosiyasi realizm və praqmatik diplomatiya münaqişələrin həllində əsas açardır. Ermənistan acı həqiqətləri nə qədər tez qəbul edərsə, bir o qədər tez öz inkişaf yolunu tapa bilər. Əks halda, Ermənistan tarixin yaddaşında yenidən özünü sükutun səssizliyinə həbs etmiş, imkanların pəncərəsi qarşısında susqun qalmış və regional proseslərin kənarında unudulmuş bir dövlət kimi xatırlanacaq.
Yusif MİRZƏZADƏ
Naxçıvan Dövlət Universiteti
Tələbə Elmi Cəmiyyətinin sədri