Yeni dünya nizamına Xankəndidən və paytaxtdan baxış

Yeni dünya nizamına Xankəndidən və paytaxtdan baxış

10 Aprel 2025

Aprel ayının 8-də ADA Universiteti və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə Xankəndi şəhərindəki Qarabağ Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda 7-ci ADA Siyasi Forumu Azərbaycanın beynəlxalq arenada artan nüfuzunun və postmünaqişə dövründə Qarabağın reabilitasiyasında atdığı ciddi addımların bariz göstəricisidir. Forumda 44 ölkədən 80-dən çox beynəlxalq ekspertin və beyin mərkəzlərinin nümayəndələrinin iştirakı Azərbaycanın bölgədə dialoq, əməkdaşlıq və açıq müzakirəyə verdiyi dəyərin sübutudur.

Forumun birinci paneli “Geosiyasi dəyişikliklər və onların regional suverenliyə təsiri” mövzusuna həsr olunmuşdu və burada qlobal güc balansındakı dəyişikliklər, milli suverenlik və regional sabitlik kimi mühüm mövzular müzakirə edildi. İkinci paneldə isə “Yeni dünya nizamı: iqtisadi transformasiya və rəqəmsal inqilabdan gözləntilər” ön planda idi. Burada iqtisadi müstəqillik, texnologiyaların güc bölgüsünə təsiri və dayanıqlı inkişaf yolları gündəmdədir.

Forumun Xankəndidə keçirilməsi iştirakçılar tərəfindən Azərbaycanın bərpa və yenidən inteqrasiya siyasətindəki açıq dialoqa və beynəlxalq əməkdaşlığa verdiyi önəmin təzahürü kimi qiymətləndirilir. Bu yanaşma yalnız fiziki deyil, intellektual və mədəni bərpa prosesini də əhatə edir. Tədbirdə, həmçinin qlobal enerji təhlükəsizliyi, regional ticarət, rəqəmsal iqtisadiyyat və təbii sərvətlərin idarə edilməsi məsələləri də müzakirə olundu. Forumun davamı Xankəndidən sonra 9 aprel tarixdə dövlət başçısı İlham Əliyevin iştirakı ilə ADA Universitetində baş tutdu.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin beynəlxalq forumda etdiyi çıxış, yalnız ölkəmizin xarici və daxili siyasətinə dair strateji baxışların təqdimatı deyil, həm də son dövrün regional və qlobal çağırışlarına dair prinsipial mövqeyin ifadəsidir. Prezidentin bu çıxışı bir çox aspektlərdən təhlil olunmalı və həm ictimaiyyət, həm də siyasi dairələr tərəfindən dərindən dəyərləndirilməlidir.
Dövlət başçısının da qeyd etdiyi kimi, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi tarixi ədalətin və beynəlxalq hüququn bərpasıdır. Bu mərhələ, sadəcə, hərbi və siyasi nailiyyət deyil, həm də milli iradənin, xalq-dövlət birliyinin qələbəsidir. Lakin bu reallığın davamlı və dayanıqlı sülhə çevrilməsi təkcə Azərbaycanın istəyi ilə mümkün deyil – Ermənistanın da bu prosesə səmimi və real yanaşması əsas şərtdir.

“Əgər Ermənistan təhlükəli niyyətlərə qayıdarsa, Azərbaycan onu dərhal cəzalandırmağa hazırdır” fikri isə preventiv və məsuliyyətli dövlət siyasətinin ifadəsidir. Bu bəyanat revanşist meyillərin qarşısının alınması üçün açıq mesajdır və göstərir ki, Azərbaycan sabitliyi qorumağa, amma eyni zamanda təhlükələri önləməyə qadir və qərarlıdır.
Ölkə başçısının vurğuladığı məqamlar, yəni Azərbaycan Ordusunun yüksək peşəkarlığı, əməliyyatların beynəlxalq hüquqa tam uyğun şəkildə aparılması – bizim müharibədəki əxlaqi və hüquqi üstünlüyümüzü bir daha təsdiqləyir. Biz yalnız haqqımızı bərpa etdik və bunu dünyanın gözü önündə ədalətli şəkildə etdik. Prezidentin “Azərbaycan qisas almaq məqsədi güdməyib” fikri isə ölkəmizin sülhsevər və ədalətli xarici siyasət kursunu əks etdirir.

Qarabağda müşahidə olunan dağıntılarla bağlı səsləndirilən fikirlər isə bütün beynəlxalq ictimaiyyətə ünvanlanmış bir çağırışdır. Azərbaycanın müharibədən sonra quruculuğa, bərpaya, yaşatmağa yönəlmiş fəaliyyətini erməni vandalizminin yaratdığı dağıntılar fonunda görmək lazımdır. Prezidentin ekologiya məsələsinə xüsusi toxunması – Ermənistanın Araz çayını çirkləndirməsi ilə bağlı etdiyi çıxış – regiondakı ekoloji balansın pozulmasına dair ciddi xəbərdarlıqdır. Bu həm transsərhəd ekoloji cinayət, həm də insan hüquqlarının pozuntusudur.
Eyni zamanda Prezidentin nitqi Azərbaycan tərəfinin qarşı tərəfə bir daha sülh və əməkdaşlıq üçün şans tanıdığı faktını dünya ictimaiyyətinə bariz şəkildə çatdırdı. Bu, güclü olanın ədalətli davranışı kimi qiymətləndirilməlidir.

Prezident İlham Əliyevin Ermənistanın regiondakı enerji və nəqliyyat layihələrindən könüllü şəkildə kənarda qalması ilə bağlı dedikləri çox mühüm geosiyasi və iqtisadi məqamdır. Ermənistan real müstəqilliyini təmin edə bilmək üçün əməkdaşlıq yollarını seçə bilərdi, lakin təəssüf ki, düşmənçilik və təcrid siyasətinə üstünlük verdi. Halbuki Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır və yeni nəqliyyat yollarının mərkəzindədir. Ermənistan bu sistemə inteqrasiya etsəydi, iqtisadi inkişaf, sabitlik və rifah əldə edə bilərdi.

Forumda müzakirə olanan məsələlər sırasında dünya dövlətlərində baş verən siyasi gedişatın ölkəmizə təsirini də xüsusi qiymətləndirmək lazımdır.  ABŞ-də baş verən siyasi dəyişikliklərlə bağlı fikirlər təkcə Ermənistanın vəziyyəti ilə deyil, həm də geosiyasi reallıqlarla bağlı dərin təhlildir. Ermənistanın xarici siyasətini “Taktika dəyişir, amma mahiyyət eyni qalır” fikri ilə xarakterizə edən dövlət başçısı göstərdi ki, bu ölkənin siyasi çevrələri hələ də konstruktiv dialoqa və davamlı sülhə hazır deyillər.

Bu fikirlər həm də beynəlxalq aləmə bir çağırışdır,  yəni sülhə nail olmaq üçün Ermənistana təsir imkanlarından istifadə olunmalıdır. Prezident açıq şəkildə bildirir ki, sülh müqaviləsi imzalanmayana qədər qarşıdurma riski qalacaq.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Türkiyə və İsrail arasında münasibətlərin normallaşdırılmasında ölkəmizin oynadığı rolu xüsusi vurğulaması, dövlətimizin getdikcə artan diplomatik nüfuzunun və qlobal proseslərə təsir imkanlarının bariz göstəricisidir. Bu həm də Azərbaycanın xarici siyasətində nə qədər balanslı, məsuliyyətli və uzaqgörən bir xətt izlədiyini sübut edir. Türkiyə Azərbaycanın strateji müttəfiqi, İsrail isə mühüm tərəfdaşıdır. Bu iki dost ölkə arasında münasibətlərin gərginləşməsi fonunda Azərbaycanın neytral, amma fəal mövqe tutması, tərəflər arasında körpü rolunu oynaması həm regionda sabitlik naminə atılmış addım, həm də ölkəmizin beynəlxalq aləmdə etibarlı aktora çevrildiyinin sübutudur. Bu fakt onu göstərir ki, Azərbaycan artıq təkcə iqtisadi və enerji sahələrində deyil, diplomatik müstəvidə də nüfuz sahibi olan, barışa və dialoqa töhfə verən bir ölkədir.

Bu çıxış göstərdi ki, Azərbaycan öz diplomatik resursları ilə tərəflər arasında dialoq platforması yaratmağa çalışıb. Bu fakt Azərbaycanın beynəlxalq siyasətdə balanslı, ədalətli və səmərəli vasitəçilik edə bilən dövlət olduğunu nümayiş etdirir.

Nəticə olaraq, Prezident İlham Əliyevin çıxışı həm daxili auditoriyaya, həm də beynəlxalq ictimaiyyətə yönəlmiş aydın və sistemli bir strateji mesaj idi. Burada həm sülh təklifi, həm təhlükəsizlik təminatı, həm də regional əməkdaşlığa çağırış var. Azərbaycanın bu gün təqdim etdiyi inkişaf və əməkdaşlıq modeli regionun gələcəyinə işıq tutur.

Canməmməd CANMƏMMƏDOV

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı