Naxçıvanda arxeologiya elminin formalaşması və inkişafı

Naxçıvanda arxeologiya elminin formalaşması və inkişafı

15 Aprel 2025

Bəşər tarixinin ən qədim, xüsusən yazıya qədərki tarixinin öyrənilməsində arxeologiya elmi mühüm yer tutur. Qədim maddi mədəniyyət nümunələri əsasında insanların meydana gəlməsi və inkişaf etməsini öyrənən arxeologiya Azərbaycan milli tarix elminin çox mühüm sahəsidir. Naxçıvanda arxeoloji tədqiqatlar XIX əsrin sonlarından etibarən aparılsa da, onun bir elm kimi formalaşması prosesi XX əsrin 20 illərində başlanmışdır. Bu dövrdə 1925-ci ildən 1928-ci ilədək fəaliyyət göstərən Azərbaycan “Tədqiq və Tətəbbö” cəmiyyətinin Naxçıvan şöbəsi bütün sahələr kimi, abidələrimizin öyrənilməsinə göstərdiyi diqqət nəticəsində arxeologiya da elm kimi formalaşmağa başlamışdır. Azərbaycan “Tədqiq və Tətəbbö” cəmiyyətinin Naxçıvan şöbəsində bu sahə ilə məşğul olmaq üçün “Arxeoloji bölmə” də yaradılmışdır. Azərbaycan “Tədqiq və Tətəbbö” cəmiyyətinin Naxçıvan şöbəsi 1925-ci ilin sentyabr ayından 1926-cı ilin iyun ayına qədər Xaraba Gilanda aparılan arxeoloji qazıntını maliyyələşdirmək üçün 300 min manat pul ayırmışdır. 1926-cı ildə Qızılburunda aparılan arxeoloji tədqiqatlara yaxından köməklik göstərmişdir. Şöbənin elmi katibi Mirbağır Mirhüseyn oğlu Mirheydərzadə Qızılburun qazıntısında yaxından iştirak etmişdir. 1934-1936-cı illərdə Oğlanqala, Şahtaxtı, Şortəpə abidələrində, XX əsrin 50-60-ci illərində I Kültəpə, II Kültəpə, Sədərək və digər abidələrdə arxeoloji tədqiqatlar aparılmışdır. 1969-cu ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsi ilə əlaqədar olaraq arxeoloji, tarixi və memarlıq abidələrimizin elmi tədqiqi üçün əlverişli şərait yaradılmış, arxeologiya elmi daha da inkişaf etmişdir. Ulu öndər Azərbaycanda, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanda bu elmin inkişafı üçün misilsiz işlər görmüşdür. İlk növbədə 1970-ci ildən başlayaraq azərbaycanlı arxeoloq gənclərin Moskva və Leninqrad şəhərlərində (indiki Sankt-Peterburq) yüksək səviyyədə mütəxəssis kimi yetişmələri üçün həmin ölkələrdəki aspiranturalara qəbul olunmaları və təcrübə keçmələri prosesi həyata keçirilmişdir. 1972-ci ildə ulu öndərin şəxsi təşəbbüsü ilə Azərbaycan Elmlər Akademiyası Rəyasət Heyəti Naxçıvan Regional Elm Mərkəzinin yaradılması haqqında qərar qəbul etmişdir. Bu zaman ümummilli liderimiz: “Bölgənin təbii xammal ehtiyyatlarının kompleks şəkildə öyrənilməsi və səmərəli istifadə olunmasının elmi əsaslarının işlənib hazırlanması, muxtar respublikanın sosial-iqtisadi inkişafını, tarixini, arxeoloji, epiqrafik, etnoqrafik və folklor abidələrini öyrənməyi” Naxçıvan Regional Elm Mərkəzinin əsas fəaliyyət istiqamətləri olduğunu müəyyənləşdirmişdir. Bu mərkəzdə fəaliyyət göstərən “Arxeologiya və Etnoqrafiya şöbəsi”nin əməkdaşları tərəfindən Naxçıvanda etnoqrafiya, epiqrafika ilə yanaşı arxeologiya sahəsində də uğurlu elmi tədqiqatlar aparılmışdır. 1974-cü ildə Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutu nəzdində Arxeologiya və Etnoqrafiya Sektorunun təşkil olunması ölkəmizin digər bölgələri kimi Naxçıvan Muxtar Respublikasında da arxeologiyanın inkişafına böyük təsir göstərmişdir. 1975-ci ildən başlayaraq Şamaxı, Qəbələ, Şəki, Quba, Gəncə və digər bölgələrdə olduğu kimi Naxçıvanda da, arxeoloji bazalar təşkil olunmuşdur. 1981-ci ilin sentyabr ayında ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü ilə Azərbaycan KP MK və Nazirlər Soveti “Azərbaycan SSR-də memarlıq və arxeoloji abidələrin qorunması, bərpası və istifadəsinin yaxşılaşdırılması tədbirləri haqqında” qərarı qəbul etmişdir. Bu qərar Azərbaycan Respublikasının bütün bölgələrində olduğu kimi Naxçıvanda da, arxeologiyanın inkişafında mühüm əhəmiyyəti daşımışdır. Qərardan sonara hər il ardıcıl olaraq respublikamızın bütün bölgələri kimi Naxçıvan Muxtar Respublikasına da, arxeoloji ekspedisiyalar təşkil olunmuş, abidələrimiz öyrənilmişdir. Naxçıvan arxeologiyası inkişaf etmiş, arxeoloji tədqiqatların əhatə dairəsi və əhəmiyyəti daha da artmışdır. Bu dövrdə Qazma, Xaraba-Gilan, Sumbatan, Haqqıxlıq, Şahtaxtı, Ovçulartəpəsi, Xələc, Ərəbyengicə, Qızılburun, Damlama, Sarıdərə, I Maxta və digər abidələrdə sistemli geniş arxeoloji tədqiqatlar aparılmışdır. 

Azərbaycan xalqının ümumimilli lideri Heydər Əliyevin 1993-cü ildən başlayan siyasi hakimiyyətinin ikinci dövründə Azərbaycanın digər bölgələrində olduğu kimi Naxçıvanda da arxeologiya elminin inkişafında növbəti mərhələ başlanmışdır. Ulu öndərin şəxsi təşəbbüsü və rəhbərliyi ilə Azərbaycan Respublikası Nazirlər kabineti 1993-cü ilin iyulun 8-də bununla bağlı xüsusi qərar qəbul etmişdir. Qərara əsasən Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutu nəzdindəki Arxeologiya və Etnoqrafiya Sektoru bazasında Arxeologiya və Etnoqrafiya İnstitutu təşkil olunaraq Azərbaycanın digər bölgələri kimi Naxçıvan Muxtar Respublikasında da arxeologiya elminin inkişafı üçün əlverişli şərait yaradılmışdır. Abidələrimizin öyrənilməsi üçün daha geniş və beynəlxalq miqyasda seçilən tədqiqatlar aparılmışdır. 2001-2002-ci illərdə ümummilli liderimizin tövsiyyəsi ilə kompleks şəkildə Naxçıvan-Gəmiqaya ekspedisiyası təşkil olunmuşdur. 07 avqust 2002-ci ildə Azərbaycan Respublikasının Prezdenti Heydər Əliyev tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin təsis edilməsi haqqında” sərəncam imzalamışdır. Ulu öndər 12 avqust 2002-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin yaradılması ilə bağlı keçirilən müşavirədəki çıxışında bu məsələ haqqında demişdir: “Azərbaycan haqqında fikirlərimi sizə çatdıraraq demək istəyirəm ki, bu baxımdan Naxçıvan xüsusi yer tutur. Naxçıvanın qədim, zəngin tarixi Azərbaycan tarixinin çox parlaq səhifələrindəndir. Əgər Azərbaycanın tarixi haqqında, ümumiyyətlə, bir çox işlər görülübsə, Naxçıvanın tarixi haqqında, qədim tarixi haqqında və Naxçıvanın bir diyar kimi öyrənilməsi - həm təbiətinin, həm adət ənənələrinin, etnoqrafiyasının öyrənilməsi barədə çox az iş görülübdür. Bunları nəzərə alaraq, mən bu sərəncamı vermişəm”.

Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyətində də hər zaman Naxçıvan tarixinin öyrənilməsi ən əsas prioritet məsələlərdən biri kimi daima diqqət mərkəzindədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz çıxışlarında dəfələrlə qeyd edib ki, “Naxçıvan qədim Azərbaycan torpağıdır, qədim tarixə və mədəniyyətə malikdir. Naxçıvanın tarixi abidələri Azərbaycan xalqının böyük istedadının nümunələridi”.

Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin yaradılması Naxçıvanda arxeologiya elminin inkişafında müstəsna yer tutur. Bölmənin nəzdində fəaliyyət göstərən Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun “Qədim dövr arxeologiyası”, “Antik və orta əsrlər arxeologiyası”, “Arxeoloji xidmət” şöbələrində Naxçıvanda arxeologiyanın hərtərəfli inkişafı üçün dövlət tərəfindən hər cür əlverişli şərait yaradılmışdır. Aparılan sistemli tədqiqatlar nəticəsində 1202 tarix və mədəniyyət abidələri pasportlaşdırılmış, “Naxçıvan Abidələri Ensklopediyası”, xeyli sayda kitab və monoqrafiyalar nəşr olunmuşdur.

Naxçıvan Dövlət Universitetində arxeologiya ixtisası üzrə magistraturanın olması, 2006-cı ildən etibarən AMEA Naxçıvan Bölməsində doktorontura və dissertanturanın, dissertasiya şurasının fəaliyyət göstərməsi Azərbaycan arxeologiyasının inkişafında, arxeoloq kadrların yetişməsində mühüm yer tutur. Dissertasiya şurasında Naxçıvanla yanaşı Azərbaycanın digər bölgələrindən olan təqiqaçıların da elmi işlərinin müzakirələri, seminarları, müdafiələri keçirilmiş, onlar öz tədqiqat işlərini uğurla müdafiə edərək qısa zamanda fəlsəfə doktorluğu, elmlər doktorluğu elmi dərəcələri, dosent elmi adı almışdır. Haliyədə arxeologiya ixtisası üzrə Naxçıvanlı xeyli çox alimlər arxeoloq kadırların hazırlanmasında, elmi tədqiqatların aparılmasında uğurla fəaliyyət göstərirlər. Onların içərisində fəlsəfə doktorları, elmlər doktorları ilə yanaşı dosent, professorlar, AMEA-nın müxbir üzvü olan tədqiqatçılarımız da vardır. Naxçıvanda yerli mütəxəsilərin apardıqları uğurlu tədqiqatlar zamanı onların əldə etdiyi mühüm elmi yeniliklərə görə muxtar respublikanın ərazisindəki abidələr ABŞ, Fransa, Türkiyə və s xarici ölkə alimlərinin də maraqlandırmışdır. Onlar naxçıvanlı arxeoloqların rəhbərliyi ilə birlikdə Ovçulartəpəsi, Oğlanqala, Duzdağ, I Kültəpə, Zirincli və digər abidələrdə arxeolji qazıntılar aparmışlar. 

Onlar apardıqları sistemli, uğurlu tədqiqatlarda yerli mütəxəsislərlə yanaşı ABŞ-dan, Türkiyədən və digər xarici ölkələrdən olan tədqiqatçıların da iştirak etməsi Naxçıvan arxeologiyasının inkaş etdiyini sübut edən faktlardandır. Tədqiqatlar zamanı yalnız Azərbaycanın dеyil, həmçinin Cənubi Qafqazın Paleolit, Neolit, Еnеоlit, Tunc, Dəmir dövrü abidələrinin dövrləşdirilməsi üçün mühüm еlmi əhəmiyyət daşıyan maraqlı elmi nəticələr əldə edilmişdir. Bu bölgənin Erkən Əkinçilik, Kür-Araz, Boyalı qablar, Şəhərsalma mədəniyyətlərinin əsas mərkəzlərindən biri olduğu sübut edilmişdir. 

Naxçıvan Muxtar Respublikasının ərazisindəki Şahtaxtı, Plovdağ, Xaraba Gilan, Оvçulartəpəsi, Оğlanqala, I Maxta Kültəpəsi, Ərəbyеngicə, Xələc, I Kültəpə, Meydantəpə, Qazma mağarası, Rəsul dərəsi, Naxçıvantəpə, Bülövqaya və digər abidələrdə aparılan sistemli arxeoloji tədqiqatlar zamanı Azərbaycan arxeologiyasında özünəməxsus yer tutan bir çox mühüm nəticələr əldə edilmişdir. Qazma, Kilid, Daşqala mağaralarında və digər daş dövrü abidələrində aparılan arxeoloji tədqiqatlar zamanı onlardan əldə olunmuş fauna və flora qalıqları, müxtəlif formalı əmək alətləri və digər arxeoloji materiallar nəticəsində Naxçıvanın daş dövrü bitki və heyvanat aləmi ilə yanaşı, insanların həyat tərzi, məşğuliyyət sahələri haqqında bir çox mühüm elmi yeniliklər əldə edilmişdir. I Kültəpə arxeoloji abidəsindən tapılmış müxtəlif növ taxıl növləri və onlara məxsus əmək alətləri nəticəsində Eneolit dövründə Naxçıvanda əkinçilik mədəniyyətinin inkişaf etdiyi, Naxçıvanın Cənubi Qafqazda dənli bitkilərin becərildiyi ilk ocaqlardan biri olduğu sübut edilmişdir. Ovçular təpəsindən körük ucluğunun, Zirinclidən yastı baltalar tökmək üçün qəlibin, I Kültəpə abidəsindən müxtəlif metal əşyaların tapılması Eneolit dövründə Naxçıvanda metallurgiya və metalişləmə sahəsində yerli istehsalın olduğu müəyyən edilmişdir.

Plovdağda aşkar edilmiş Erkən Tunc dövrünün yaşayış və təsərrüfat tikililəri, Ovçular təpəsi, Maxta, Xələc abidələrindən tapılmış Proto Kür-Araz keramikası, Oğlanqaladan əldə olunmuş saray qalıqları, sütun altlıqları və üzərində mixi işarələr olan təsərrüfat küpünün parçası, Duzdağdan taplan axeoloji materiallar Naxçıvanın qədim və zəngin tarixinin olduğunu sübut edən tutarlı faktlardandır. Ovçular təpəsi, Maxta Kültəpəsi, Xələc, abidələrindən tapılmış Proto Kür-Araz keramikası nəticəsində Naxçıvanda Kür-Araz mədəniyyətinin formalaşması tarixinin qədim olduğu sübut edilmişdir. Oğlanqalada aparılan arxeoloji tədqiqatlar zamanı müəyyən olunmuşdur ki, bu abidə Şərur düzənliyini əhatə edən, Atropatena dövründə mühüm inzibati mərkəz olmuşdur. Duzdağda aparılan arxeoloji araşdırmalar zamanı abidədən tapılan daş əmək alətlərinin və gil qabların öyrənilməsi nəticəsində bu abidənin dünyanın ən qədim duz mədənlərindən biri olduğu, Naxçıvanda mədənçiliyin tarixinin eradan əvvəl V minilliyin ikinci yarısından başlandığı müəyyən edilmişdir. Aparılan arxeoloji tədqiqatlar zamanı Naxçıvantəpə abidəsində Dalmatəpə, Bülövqayası abidəsində Ubeyd mədəniyyətinə aid arxeoloji materialların aşkar olunması nəticəsində Naxçıvanın qədim sivilizasiya mərkəzlərindən biri olduğu bir daha öz təsdiqini tapmışdır. 

II Kültəpə, Şahtaxtı, Qızılburun, Nəhəcir və digər arxeoloji abidələrin tədqiqi nəticəsində Naxçıvanın Boyalıqablar mədəniyyətinin əsas mərkəzlərindən biri olduğu, beş min il bundan əvvəl Naxçıvanda şəhərtipli yaşayış yerlərinin salındığı və şəhərsalma mədəniyyətinin formalaşdığı sübut edilmişdir. II Kültəpə abidəsindən tapılan dulusçuluq məhəlləsi və mükəmməl quruluşlu dulus kürələr, içərisi boya ilə dolu olan küpələr, bütöv boyalı qablar Orta Tunc dövründə II Kültəpənin Naxçıvanın mühüm dulusçuluq mərkəzi, Boyalı qablar mədəniyyətinin isə əsas istehsal ocağı olduğu müəyyən edilmişdir.

Toğrul XƏLİLOV

AMEA Naxçıvan Bölməsinin şöbə müdiri, tarix elmləri doktoru, dosent