Azərbaycan dilinin qorunması və inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev: İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir.
Hər bir xalqın milli-mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Dil hər bir xalqın varlığının ən əsas, bəlkə də yeganə təminatçısıdır. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Ana dilimiz xalqımızın keçdiyi bütün tarixi mərhələlərdə onunla birgə olmuş, onun taleyini yaşamışdır. Qədim tarixə malik olan, əsrlərdir xalqımızın əbədiyaşarlığına xidmət edən ana dilimiz min illərin müxtəlif burulğanlarından alnıaçıq, üzüağ çıxaraq müasir dövrə qədər gəlib çatmış ən böyük mənəvi sərvətimizdir. Ana dilimiz dövlət rəmzlərimiz olan himn, gerb və bayraq kimi müqəddəsdir.
Bu, bir faktdır ki, Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi, qorunması və inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər deyirdi: “Ulu öndər Heydər Əliyev və Azərbaycan dili”... Bu iki ad XX əsrin 70-ci illərindən həmişə qoşa çəkilmişdir. Sovet hakimiyyəti dövründə, xüsusən 70-ci illərə qədər əhalisinin əksəriyyətinin azərbaycanlılardan ibarət olmasına baxmayaraq, respublikamızda Azərbaycan dili hakim dil deyildi. Ana dilimizin inkişaf etdirilməsi və zənginləşdirilməsi isə qeyri-mümkün idi. Dövlət tərəfindən isə bu məqsədlə hər hansı bir tədbir görülmürdü. 70-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndi. Rus dilinin hüquqlarının genişləndirilməsi ilə əlaqədar “vahid dil” siyasəti daha geniş şəkildə təbliğ olunurdu. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq çox riskli və qorxulu idi. Dil məsələsini qabardanlar isə əsasən Sibirə sürgün olunurdu. Respublika rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. Çünki bu məsələ onların sonunu gətirə bilərdi.
Bütün bunlara baxmayaraq, o vaxt Azərbaycan Respublikasının rəhbəri olan ulu öndər Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirmişdir. Ümummilli lider Heydər Əliyev SSRİ Konstitusiyası haqqında danışarkən öz nitqində xüsusi olaraq vurğulamışdır ki, Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq məhz ana dilində oxumaq imkanı ilə təmin olunur. Ulu öndərin bu fikirləri, əslində, ana dilinin dövlət dili statusunu qorumaq məqsədi daşıyırdı.
SSRİ Konstitusiyası qəbul edildikdən sonra müttəfiq respublikaların Konstitusiya layihəsi dərc olunaraq ümumxalq müzakirəsinə verildi. Bu layihədə Azərbaycan dilinin hansı status daşıması məsələsi öz əksini tapmamışdı. Kommunist ideologiyasının hökm sürdüyü o dövrdə əhalinin iştirakı ilə keçirilən müzakirələr, sözsüz ki, formal xarakter daşıyırdı. Buna baxmayaraq, milli ruhlu ziyalılar layihəyə Azərbaycan dilinin salınmamasına narazılıqlarını bildirmişdilər. Respublikanın o zamankı rəhbəri ulu öndər Heydər Əliyev də Konstitusiya layihəsinə Azərbaycan dilinin dövlət dili olması barədə maddə salınmasına çalışırdı. Lakin Moskvadakı rəhbərlər müxtəlif bəhanələr gətirərək bunun qarşısını alırdılar. Xalqını, millətini böyük məhəbbətlə sevən ulu öndər isə öz məqsədinə çatmaq üçün fəaliyyətini davam etdirirdi.
Ulu öndər yaranmış ağır vəziyyətə baxmayaraq, Azərbaycan dilinin dövlət dili statusunun Konstitusiyaya salınması məsələsini birdəfəlik həll etdi. Ümumxalq müzakirəsinə verilmiş Azərbaycan Respublikası Konstitusiya layihəsinin 73-cü maddəsinə belə bir əlavənin edilməsi təklif olundu: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. Nəticədə Azərbaycanın Konstitusiyası ümummilli lider Heydər Əliyevin təklif etdiyi şəkildə qəbul olundu və Azərbaycan dili dövlət dili statusu aldı. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi ümummilli lider Heydər Əliyevin xalqı qarşısında ən böyük tarixi xidmətlərindən oldu. Ulu öndər bununla gələcək müstəqil dövlətçiliyin milli atributlarından birini məharətlə qorudu. Bundan sonra isə ana dilimizin inkişafı və qorunması sahəsində mühüm əhəmiyyətli tədbirlərin həyata keçirilməsinə nail oldu. Hələ kommunist ideologiyasının hökmranlıq etdiyi bir dövrdə ulu öndər deyirdi: “Dil xalqın böyük sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir”.
Xalqın təkidli tələbi ilə 1993-cü ildə yenidən siyasi hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev digər sahələrdə olduğu kimi, milli-mənəvi dəyərlərimizin qorunması, adət və ənənələrimizin yaşadılması məsələlərini də diqqətdə saxlayırdı. Həmin dövrdə qarşıda böyük bir vəzifə dururdu: dövlətçiliyin inkişafı ilə yanaşı, dövlət dilini də inkişaf etdirmək! Dövlət dilini inkişaf etdirmək üçün dövlətçilik təfəkkürü lazım idi. Bu təfəkkür isə ən yüksək səviyyədə ulu öndər Heydər Əliyevə xas idi. Bu mənada, Azərbaycan dilinin dövlət dili kimi rəsmiləşdirilməsi də məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər oldu. Müzakirələrin nəticəsi olaraq 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapdı. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirildi. Bir-birinin ardınca fərmanlar imzalandı, qanunlar qəbul edildi.
Ümummilli lider Heydər Əliyev Azərbaycan dilinin inkişafı və zənginləşməsi üçün müxtəlif vasitələrdən istifadə edirdi. Azərbaycanda dilçi alimlərə yüksək diqqət və qayğı göstərilməsi, Azərbaycan dilində nəşr edilən kitabların tirajlarının çoxaldılması və digər tədbirlər ana dilinin daha da inkişaf etdirilməsi məqsədi daşıyırdı. Ana dilimizə göstərilən bu qayğı nəticəsində xalqımızın milli ruhu getdikcə yüksəlir, özünə inamı artır və müstəqillik düşüncələri daha da güclənirdi. Azərbaycan dilinin inkişafı isə daim diqqət mərkəzində saxlanılırdı.
Ulu öndər Heydər Əliyev şəxsən özü Azərbaycan dilinin qorunmasına və inkişafına xüsusi diqqət yetirirdi. Bu diqqətin nəticəsi olaraq ulu öndər 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzaladı. Tarixi əhəmiyyət kəsb edən bu sənəd dilimizin inkişafı və tətbiqi sahəsində meydana çıxan problemlərin həllində mühüm rol oynadı. Həmin Fərmanda Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Dil Komissiyasının yaradılması da nəzərdə tutulurdu. Dünyanın heç bir dövlətində analoqu olmayan belə bir qurumun yaradılması ana dilimizin tətbiqi işinin təkmilləşdirilməsinə daha səmərəli şəkildə nəzarət etmək və bu prosesi ümummilli maraqlar kontekstində tənzimləmək məqsədi daşıyırdı.
Latın qrafikalı əlifbanın tətbiqinin Azərbaycan Respublikasının siyasi həyatında, yazı mədəniyyəti tariximizdə mühüm hadisə olduğunu nəzərə alaraq, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 2001-ci il avqustun 9-da daha bir Fərman imzalamışdır. Bu Fərmanla avqustun 1-i Azərbaycan Respublikasında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü elan edilmişdir. Yalnız ümummilli liderimiz Heydər Əliyevin imzaladığı bu Fərmandan sonra ana dilimizin tətbiqi işinin daha mükəmməl səviyyədə həyata keçirilməsinə başlanıldı. Məhz bundan sonra respublikada bütün sənədləşmələr latın qrafikası ilə aparıldı. Artıq latın qrafikalı Azərbaycan əlifbası beynəlxalq aləmdə yaxşı tanınır.
Ümummilli lider Heydər Əliyev yazıçılarla, mədəniyyət işçiləri ilə, gənclərlə görüşlərində Azərbaycan dili, onun saflığı və qorunması məsələlərini həmişə irəli sürmüş və dil mütəxəssislərinə özünün nəzəri göstərişlərini vermişdir. Görkəmli dövlət xadimi bu sahədəki fəaliyyətini əsasən iki istiqamətdə qurmuşdur: Azərbaycan dili ilə bağlı söylədiyi nəzəri mülahizələr və Azərbaycan dilinin əməli olaraq tətbiqi ilə bağlı özünün nümunəvi nitqləri. Hamı etiraf edir ki, ümummilli lider Heydər Əliyev Azərbaycan dilinin üslublarından, zənginliyindən, frazeoloji söz birləşmələrindən məqamında və çox məharətlə istifadə edir, onlara bəzən yaradıcılıqla yanaşır, öz nitqini auditoriyaya və seçdiyi mövzuya görə qurur, dil faktlarından, vurğu və intonasiyalardan məharətlə istifadə edirdi.
Ulu öndərin daxili və xarici siyasəti, həmçinin apardığı dil siyasəti bu gün də uğurla davam etdirilir. Ölkə Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” və “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli Sərəncamları da öz ictimai-tarixi əhəmiyyətinə görə yüksək qiymətləndirilir. Həmin Sərəncamlara uyğun olaraq, 2004-cü ildə Azərbaycan dilində latın qrafikası ilə çapı nəzərdə tutulan əsərlərin siyahısı hazırlanmış və çap olunmuşdur. Ölkə Prezidenti bu Sərəncamlarla həm də milli-mənəvi dəyərlərimizə, elmin və mədəniyyətin inkişafına böyük diqqət yetirdiyini bir daha təsdiqləmişdir. Ölkə başçısının imzaladığı 9 aprel 2013-cü il tarixli “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında” növbəti Sərəncam isə Ana dilimizə – Azərbaycan dilinə növbəti diqqət və qayğı kimi diqqəti cəlb etdi.
Milli dəyərlərin qorunması, zənginləşdirilməsi, inkişaf etdirilməsi, cəmiyyətdə tutduğu mövqeyindən, peşəsindən, ixtisasından, vəzifəsindən asılı olmayaraq, hər kəsin vətəndaşlıq borcudur. Hər bir Azərbaycan vətəndaşı öz ana dilini qorumalı, onun mənəvi-siyasi nüfuzunu təkcə ölkə daxilində deyil, bütün dünyada yüksəltməyə çalışmalıdır. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: “Millətin milliliyini saxlayan onun dilidir. Əgər Azərbaycan dili olmasa, Azərbaycan dilində ədəbiyyat da olmaz. Azərbaycan dili olmasa, Azərbaycan dilində mahnılar olmaz, musiqi olmaz. Bunların hamısı bir-birinə bağlıdır. Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi və inkişaf etməsi də bizim nailiyyətlərimizdən biridir. Bu, təkcə dil məsələsi deyil, həm də Azərbaycançılıq məsələsidir”.
Qafar QƏNBƏROV,
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin deputatı