Mətin Kamal: Mətbuatımızın 150 illik yubileyi yalnız keçmişin təhlili deyil, eyni zamanda gələcəyə məsuliyyətli baxışdır
2025-ci ilin 25 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev milli mətbuatın 150 illik yubileyinin qeyd edilməsi ilə bağlı mühüm bir sərəncam imzaladı. Bu sənəd təkcə Azərbaycan jurnalistikasının keçdiyi şərəfli və mürəkkəb tarixin qiymətləndirilməsi deyil, həm də söz və ifadə azadlığının, informasiya təhlükəsizliyinin və ictimai rəyin formalaşmasında medianın əvəzsiz rolunun bir daha vurğulanması kimi dəyərləndirilə bilər.
150 illik jurnalistika tarixi – senzuralı dövrlər, sovet repressiyaları, müstəqillik uğrunda mübarizə illəri və nəhayət rəqəmsal medianın yüksəlişi ilə səciyyələnən bir yoldur. Bu çətin, lakin şərəfli yol bu gün müasir Azərbaycan jurnalistikasının formalaşmasında əsas dayaqlardan biri kimi çıxış edir.
Prezident İlham Əliyevin bu yubiley münasibətilə imzaladığı sərəncam dövlətin mətbuata verdiyi yüksək dəyərin parlaq nümunəsidir. Dövlət başçısının informasiya cəmiyyətində medianın oynadığı rolu dəfələrlə vurğulaması ölkədə demokratik dəyərlərə sadiqliyin və şəffaf idarəetmə prinsipinin təzahürüdür. Bu gün demək olar ki, ölkəmizin bütün regionlarında fəaliyyət göstərən media qurumları özünün inkişaf dövrünü yaşayır.
Bu mənada Naxçıvanda fəaliyyət göstərən informasiya platformalarının da – "Naxçıvan Televiziyası", "Şərq qapısı" qəzeti, "Naxçıvan Xəbərləri" və "Nuhçıxan" kimi informasiya portallarının da rolu xüsusi qeyd olunmalıdır.
Həmin media orqanları muxtar respublikanın informasiya məkanını zənginləşdirməklə yanaşı, regionun dinamik inkişafını, ictimai-siyasi hadisələrə operativ münasibəti, vətəndaş-məmur münasibətlərini və dövlətçilik dəyərlərini peşəkar səviyyədə işıqlandırırlar.
Xüsusilə sosial şəbəkələr vasitəsilə yayımlanan videoreportajlar və yerli hadisələrə çevik reaksiya Naxçıvanda jurnalistikanın yeni mərhələyə qədəm qoyduğundan xəbər verir. Bu da Naxçıvan mediasının təkcə informasiya təminatı baxımından deyil, həm də ictimai rəyin düzgün formalaşdırılmasında mühüm vasitəyə çevrildiyini göstərir.
Azərbaycan mətbuatının 150 illik yubileyi yalnız keçmişin təhlili deyil, eyni zamanda gələcəyə məsuliyyətli baxışdır. Bu baxış isə müasir texnologiyalarla silahlanmış, etik dəyərlərə sadiq və milli maraqları qoruyan güclü medianın formalaşdırılması hədəfinə yönəlib.
Prezident İlham Əliyevin bu sərəncamı məhz bu hədəfə doğru atılmış ciddi və strateji bir addım kimi qiymətləndirilə bilər.
Biz – Naxçıvan mediasının təmsilçiləri isə bu ümummilli çağırışın regiondakı əsas daşıyıcıları olaraq informasiya təhlükəsizliyinin təminində, ictimai rəyin formalaşdırılmasında və medianın inkişafında öz məsuliyyətimizi dərk edərək fəaliyyətimizi davam etdiririk, bundan sonra da uğurla davam etdirəcəyik.
Mətin KAMAL
"NAXÇIVANXƏBƏRLƏRİ"-nin direktoru