Azərbaycan və Gürcüstan arasında münasibətlər Qafqazda sülhə xidmət edir

Azərbaycan və Gürcüstan arasında münasibətlər Qafqazda sülhə xidmət edir

16 Aprel 2025

Azərbaycan Cənubi Qafqazda öz iqtisadi potensialı və digər sahələrdə inkişafı ilə diqqəti cəlb edir. Bundan başqa, ölkəmiz həm də regionda öz qonşuluq missiyasını uğurla yerinə yetirir. Bu sahədə, xüsusilə də qonşuluq yaşı əsrlərə çatan Gürcüstanla münasibətlər yüksək səviyyədədir. Bu gün də bu dostluq əlaqələri ən yüksək səviyyədə inkişaf etdirilir. Elə aprelin 16-da Gürcüstanın Prezidenti Mixeil Kevalaşvilinin Azərbaycana səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyevin mətbuata verdiyi bəyanatda da bu məsələlərə geniş şəkildə toxunulub.

Cənab Prezidentin vurğuladığı kimi, son vaxtlar Azərbaycan və Gürcüstan birgə çox önəmli layihələrin icrasını həyata keçiriblər. Bu layihələr həm ölkələrimiz, həm xalqlarımız, həm də coğrafiyamız üçün böyük əhəmiyyət daşıyır. Bütün bunların fonunda siyasi əlaqələrin inkişafı da ürəkaçandır. Qarşılıqlı siyasi dialoqların fəallığı, yüksək səviyyəli təmasların müntəzəm olaraq həyata keçirilməsi diqqət çəkir. Ən maraqlı məqam isə odur ki, hər iki dost və qardaş ölkə bir-birini beynəlxalq təşkilatlarda ən yüksək səviyyədə dəstəkləyir. Birgə həyata keçirilən neft-qaz kəmərləri, nəqliyyat və kommunikasiya layihələri nəinki Cənubi Qafqazın, həm də Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini yenidən tərtib edən layihələrdir. Bunun nəticəsidir ki, bu gün Avropanın enerji təhlükəsizliyini Azərbaycansız və Gürcüstansız təsəvvür etmək mümkün deyil.

Azərbaycan hazırda 12 ölkəyə təbii qaz ixrac edir ki, bu dövlətlərdən biri də Gürcüstandır və bu ixrac məhz qonşu ölkə vasitəsilə həyata keçirilir. İndi Azərbaycan və Gürcüstan nəqliyyat-kommunikasiya sahəsində Orta Dəhlizin ayrılmaz hissəsinə çevriliblər. Yeni inşa edilmiş dəmir yolları və limanlar həm Azərbaycanda, həm də Gürcüstanda fəaliyyət göstərir. Bu işlər hər iki ölkədə böyük sinergiya yaradıb. Əgər biz Cənubi Qafqazda Orta Dəhliz layihəsindən danışırıqsa, bu, sözsüz ki, Azərbaycandan və Gürcüstandan keçən dəhlizdir. Mühüm logistika layihələrinin əhəmiyyətli tərəflərindən biri də ölkələrimizin ərazisindən keçən yüklərin həcminin ildən-ilə artması və bu yüklərin həcminin genişləndirilməsi üçün əlavə addımların atılmasıdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, hər iki ölkənin həyata keçirdiyi layihələr Asiya ilə Avropanı birləşdirən mühüm tranzit xəttidir. Bakı-Tbilisi-Ceyhan və Cənub Qaz Dəhlizi kimi mühüm enerji layihələri Avropanın enerji təhlükəsizliyinə töhfə verir, Bakı-Tbilisi-Qars dəmir yolu isə Şərq və Qərb arasında qısa və səmərəli alternativ bağlantı yaradır.

Hər iki ölkə arasında yaranan əlaqələrdən doğan iqtisadi güc və qarşılıqlı münasibətlər Azərbaycan və Gürcüstanın Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsinə öz töhfəsini verməsinə şərait yaradır. Çünki Cənubi Qafqazda sülhün və əmin-amanlığın bərqərar edilməsi bizim birgə maraqlarımızda olan məsələdir və bu istiqamətdə həm Gürcüstan, həm də Azərbaycan inamlı addımlar atır. Lakin təəssüf doğuran haldır ki, uzun illər ərzində Cənubi Qafqaz münaqişə və müharibə arenasına çevrilmişdir. Ölkə başçımız İlham Əliyevin Gürcüstan Prezidentinin Azərbaycana səfəri ilə bağlı mətbuata verdiyi bəyanatda dediyi kimi: “Ümid edirəm ki, bundan sonra Cənubi Qafqazın qara səhifələri bağlanacaq və tarixdə qalacaq. Gürcüstan-Azərbaycan əlaqələri haqqında çox danışmaq olar. Sadəcə, onu bildirmək istəyirəm ki, bundan sonra da bizim əlaqələrimiz yüksələn xətlə inkişaf edəcək.”

Qeyd edək ki, bu gün hər iki ölkənin rəsmi dövlət qurumları da ən yüksək səviyyədə əməkdaşlıq edir. Hazırda Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Gürcüstan Parlamentində də Azərbaycan Respublikasının Milli Məclisi ilə dostluq qrupu mövcuddur.

Azərbaycanla Gürcüstan arasında dostluq və qardaşlıq münasibətləri hər iki ölkənin gələcək inkişafı üçün çox vacibdir. Strateji əhəmiyyətli coğrafiyada yerləşdikləri üçün Asiya ilə Avropa da bu münasibətlərdən faydalana bilir.

Rza Xudiyev

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı,

Xalq artisti