
Naxçıvanda “Hədəf-2025” təlimi reallaşıb - FOTO
“Naxçıvan” Təlim Mərkəzində gənclərin ənənəvi “Hədəf” atış təlimi keçirilib. Naxçıvan Əlahiddə Ümumqoşun Ordu ilə Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı əsasında reallaşan təlimdə onlayn qeydiyyatdan keçmiş 65 gənc iştirak edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, nazirliyin şöbə müdiri İlhahə Haqverdiyeva “Hədəf” atış təliminin önəmindən bəhs edərək deyib ki, uzun müddətdir keçirilən ənənəvi atış təlimlərində, düşərgə və hərbi oyunlarda iştirak edən minlərlə gəncin hərb peşəsinə marağı yüksəlib, qəhrəman hərbçilərimizin timsalında milli dəyərlərə sahiblik, vətənpərvərlik və cəsurluq örnəyinin şahidi olublar.
Əlahiddə Ümumqoşun Ordunun zabiti tərəfindən təhlükəsizlik qaydaları və icra olunacaq tapşırıqlar barədə məlumat verildikdən sonra gənclər təlim nöqtələrinə dəvət olunublar. Bu mərhələdə patronların darağa doldurulması və boşaldılması, silahların texniki xüsusiyyələri, natamam sökülüb-yığılması və digər zəruri psoseslər iştirakçılara izah olunub, atəş tapşırığı simulyasiya edilib. Gənclər əsas mərhələdə müxtəlif çaplı silahlardan 100 metr məsafədən hədəfə doğru atışlar icra ediblər. Daha yaxşı nəticə göstərən iştirakçılar diplomla təltif olunublar.