Qəhrəmanlıq tariximizin şanlı səhifəsi - 20 Yanvar

Qəhrəmanlıq tariximizin şanlı səhifəsi - 20 Yanvar

19 Yanvar 2025

Hər bir millətin tarixində onun var olması, yaşaması, öz potensial gücünü dünyaya  sübut etməsi üçün önəmli tarixi günləri var. Bu günlər millətin azadlığı üçün yenidən doğuluş qədər vacibdir. Azərbaycan xalqının da teleyinə yazılan belə günlərdən biri 20 Yanvar faciəsidir. Yüzlərlə vətəndaşımızın qanı bahasına başa gələn bu tarixi gün 20-ci əsrin sonunda yenidən qazandığımız müstəqilliyin qığılcımı idi.

20 Yanvar faciəsinin kökü əslində 1987-ci ildən;azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyası, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin geniş vüsət aldığı zamandan başladı. Bu faciə öncədən Sovet rəhbərliyi tərəfindən planlaşdırılmışdı. Çünki həmin günlərdə baş verən haqsızlığıa qarşı Azərbaycan xalqı etiraz edir və birbaşa SSRİ rəhbərliyini, Moskvanı bu işdə günahlandırırdı.  Çünki ermənilərin torpaqlarımıza təcavüzünə onlar sadəcə göz yumurdular. Sovet hökuməti  xalqımızın iradəsindən qorxduğu üçün bu faciə ilə sanki bizə dərs vermək istəyir və xalqı qorxu altında saxlamaqla öz çürümüş hakimiyyətini qoruyub saxlamağa çalışırdı. Elə buna görə də  Azərbaycana göndərilən ordu hissələrinin tərkibinə Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantları da cəlb edilmişdi. 1990-cı il yanvarın ortalarında SSRİ Müdafiə və Daxili İşlər nazirliklərinin, habelə başqa xüsusi təyinatlı hərbi birləşmələrin 66 min nəfərdən çox əsgər və zabiti Bakı şəhərinə gətirilərək, Qala və “Nasoslu” aerodromlarında, Respublika stadionunda, Salyan kazarmasında yerləşdirilmişdi. Sonra isə bu qoşunlar Mixail Qorbaçovun əmri ilə 1990-cı il yanvarın 19-dan 20-n keçən gecə Bakıya və ölkənin bir neçə rayonuna yeridildi. Dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirildi. “Bakı əməliyyatı” adlanan bu cinayətdə isə günahkarlar SSRİ müdafiə naziri Dmitri Yazov, SSRİ daxili işlər naziri Vadim Bakatin, SSRİ DTK sədrinin müavini Filip Babkov idi. Elə həmin gecə tətbiq  edilən fövqəladə vəziyyət haqqında əhali xəbərdar edilməmişdi. Fövqəladə vəziyyətin tətbiqindən öncə hərbi qulluqçular 82 nəfər vətəndaşımızı  amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Xalqımızın qanına susayan sovet ordusunun əsgərləri yanvarın 20-də saat 00-dan başlanmış hərbi əməliyyatlarda tanklardan və müxtəlif təyinatlı zirehli döyüş maşınlarından istifadə edirdi. Bundan başqa  Xəzər Hərbi Donanmasına məxsus gəmilərdən şəhərə desant çıxarılmışdı. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın  20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürüldü. Qanlı Yanvar günündən sonra fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda yanvarın 25-də Neftçala, yanvarın 26-da Lənkəranda 8 nəfər qətlə yetirildi. Ümumilikdə Respublikada 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Dövlət, ictimai və şəxsi əmlaka həmin dövrün qiymətləri ilə 5.637.286 rubl miqdarında maddi ziyan vurulmuşdu. Bununla da Sovet imperiyası Azərbaycanda özünün bütün siyasi və hüquqi dayaqlarını itirdi. Kommunist partiyasının sıralarından kütləvi şəkildə istefalar başladı. Bu hadisə daxilimizdəki siyasi qüvvələrin də iş üzünü açdı. O zaman  20 Yanvar hadisələrinə siyasi qiymət verilməsi tələbi ilə dəfələrlə çıxış edən Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəldikdən sonra bu mövzunu unutdu. Onlar hakimiyyətdə olduğu dövrdə faciəyə siyasi qiymət vermək üçün öz imkanlarından istifadə etmədilər.  Lakin bu addımı ilk dəfə ümummilli liderimiz Heydər Əliyev atdı. O, faciənin ertəsi günü - yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqla birgə olduğunu bildirdi, 20 Yanvar faciəsinə siyasi qiymət verdi, onun hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu, mərkəzin və ozamankı respublika rəhbərlərinin xəyanəti üzündən baş vermiş siyasi səhv olduğunu bəyan etdi. O, faciə ilə əlaqədar xalqımıza başsağlığı verdi və mətbuat konfransı keçirib Bakıdakı terror aktına rəvac verən hakimiyyət nümayəndələrini və hərbçiləri cinayətkar, onların dinc əhaliyə tutduqları divanı isə bütöv bir xalqa qarşı edilən tarixi cinayət adlandırdı. Bu tarixi çıxışın mətni Kremlin kəskin informasiya blokadası siyasətinə baxmayaraq, bütün dünyada, o cümlədən Azərbaycanda yayıldı və geniş əks-səda doğurdu. Bu addımla o, Azərbaycan xalqının qəlbində ümid çırağı yandırdı.

1994-cü il martın 29-da Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 20 yanvar faciəsinə ali qanunvericilik orqanı – Milli Məclis səviyyəsində ilk dəfə siyasi-hüquqi qiymət verildi. Milli Məclisin qəbul etdiyi Qərarda 20 Yanvar faciəsinin günahkarları konkret qeyd olundu və bu qanlı aksiya Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın inamını, iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirildi. Həmçinin, şəhidlərin xatirəsi əbədiləşdirildi, Şəhidlər xiyabanında “Əbədi məşəl” abidə-kompleksi ucaldıldı, 20 Yanvar Ümumxalq Hüzn Günü elan edildi, şəhid ailələrinin, 20 Yanvar hadisələrində əlil olan şəxslərin sosial müdafiəsi gücləndirildi.

Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə 1998-ci ildə “20 Yanvar Şəhidi” fəxri adı təsis edildi.

Bu gün Ulu Öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev də şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həllinə xüsusi diqqət ayırır.

Ötən dövrdə 20 yanvar şəhidlərinin ailələrinə, 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olanlara 143 mənzil,  20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə 100-dək avtomobil təqdim edilib.

20 Yanvar faciəsi dünyaya, işğalçılara verilən dərs, həm də ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan bir xalqın tarixində şərəfli bir səhifədir. 20 Yanvar faciəsi müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub. 20 yanvar hadisələri dünya azərbaycanlıların təşkilatlanmasına səbəb oldu. Dünya azərbaycanlıları ilk dəfə olaraq milli faciəmizin tanıdılması naminə yaşadıqları müxtəlif ölkələrdə təşkilatlanmağa başladılar.  

Bir sözlə üzərindən 35 il keçən  Qanlı Yanvar hadisələri Azərbaycan milli kimliyinin formalaşmasına təsir göstərən amil oldu. Faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrildi, dönməz xarakter aldı və xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda gördü!

Rza XUDİYEV

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı,

Xalq artisti