
Novruz gəlir, yaz gəlir...
İlin ən gözəl fəsillərindən biri bahardır. Bu fəsil gözəllik fəsli, xoş əhvaliruhiyyə fəslidir. Bahar gələndə təbiətdə böyük dəyişikliklər baş verir Təbiətin nazlı gəlini bahar yenə də cilvələnir. Təbəssümlə boylanan günəşin ilıq nəfəsi ana torpağı qış yuxusundan oyadır. Yurdumuza bahar gəlir. Kol dibindən boylanan bənövşə, novruzgülü baharın müjdələri kimi könül oxşayır. Bahar- ilin ən gözəl fəsillərindən biridir. Bu fəsil gözəllik, xoş əhvaliruhiyyə, xoş ətirli bir fəsildir. Bahar gələndə təbiətdə böyük dəyişikliklər baş verir. Bahar gələndə təbiət canlanır, günlər uzanmağa başlayır, torpaq isinir, ağaclar oyanır. Açan ilk çiçəklər təbiəti bəzəyir, gözəlliyə gözəllik qatır. Ta qədimdən insanlar təbiətin oyanmasına səadət və xoşbəxtlik rəmzi kimi baxmış, onu xeyrin şər üzərində qələbəsi kimi qiymətləndirmişlər.
Ona görə də ulularımız çox qədim zamanlardan baharın ilk gününü yeni ilin başlanğıcı kimi bayram şənlikləri ilə qarşılayırlar. Bu Bahar bayramı adlanır. Sonralar bu bayramı Novruz bayramı adlandırmışlar. Novruz təbiətə nur, torpağa hərarət, ürəklərə sonsuz sevinc, sevgi bəxş edir. Novruzu hamı xoş duyğularla gözləyir.
Novruz “yeni gün” deməkdir. Xalq şaxtadan, soyuqdan, qışın əziyyətindən qurtulmasının ilk gününü bayram edir. Bəzi Şərq xalqlarında bu bayram həm də Yeni il bayramı kimi qeyd olunur. Novruz səmimiyyət bayramı, xoş arzular bayramıdır.
Bahar, istəklimsən başdan-binadan,
Ən gözəl qızısan sən təbiətin.
Xoşbəxt yaranmısan xoşbəxt anadan,
Gözünün odusan şeirin, sənətin,
Ən gözəl qızısan sən təbiətin.
Görkəmli Azərbaycan şairi Məhəmməd Hüseyn Şəhriyar da ”Heydərbabaya salam” şerində Novruz bayramını belə təsvir edirdi:
Bayram idi, gecəquşu oxurdu,
Adaxlı qız bəy corabın toxurdu,
Hər kəs şalın bir bacadan soxurdu,
Ay nə gözəl qaydadı şal sallamaq,
Bəy şalına bayramlığın bağlamaq.
Bayram olub, qızıl palçıq əzərlər,
Naxış vurub otaqları bəzərlər,
Taxçalara düzmələri düzərlər,
Qız-gəlinin fındıqçası, hənası,
Həvəslənər anası, qaynanası.
Bakıçının sözü, sovu, kağızı,
İnəklərin bulaması, ağızı,
Çərşənbənin girdəkanı, mövizi,
Qızlar deyir: “Atıl-matıl, çərşənbə,
Ayna təin bəxtim açıl, çərşənbə”.
Yumurtanı göyçək, güllü boyardıq,
Çaqqışdırıb sınanların soyardıq,
Oynamaqdan bircə məgər doyardıq?
Əli mənə yaşıl aşıq verərdi,
İrza mənə novruzgülü dərərdi.
Novruz xalqın həyata nikbinliklə baxmasının, təbiətin oyanmasına sevinməsinin bayramıdır. Bu əziz gündə hamı sevinir, küsülülər barışır, böyüklər, uşaqlar təzə paltar geyinir.
Onu da qeyd edək ki, Novruzdan əvvəl 4 həftə ardıcıllıqla qeyd olunan çərşənbələr hm də bayrama hazırlıq kimi düşünülür. Hər çərşənbəyə qoyulan adlar həmin günlərdə odu, suyu, yeli, torpağı onunla bağlı oyanışı özündə əks etdirir deyə düşünülür.
İlk çərşənbə Su çərşənbəsi adlanır. Su çərşənbəsi adətən havaların yavaş-yavaş isinməyə başladığı, çaylardakı buzların əriyərək çaya qarışdığı vaxt ilə üst-üstə düşür.
İlin ikinci çərşənbəsi isə Od çərşənbəsi adlanır. Bu çərşənbədən etibarən günəş torpağı daha da qızdırmağa başlayır və insanlar həyətlərində tonqallar qalayıb evlərində hər ailə üzvünə görə bir şam yandırırlar.
Üçüncü çərşənbə isə Yel çərşənbəsidir. Bu gündən etibarən bəzi ağaclarda tozlanma başlayır. Bu isə demək olar küləyin hesabına əmələ gəlir. Necə ki, tozlanma vaxtına çatmış tumurcuqları külək tərpədərək onları tozlanması üçün birləşdirir.
Dördüncü və ilin son ilaxır çərşənbəsi isə Torpaq çərşənbəsi adlanır. Bu çərşənbədə isə torpaq oyanır, canlanır. Artıq ağaclar çiçək açmağa, təbiət yaşıl örpəyə bürünməyə başlayır.
"Yeni gün” anlamını ifadə edən Novruz bayramı, Azərbaycanla yanaşı bütün Şərqdə, xüsusilə də, Mərkəzi Asiya, İran, Pakistan, Türkiyə, Qazaxıstan, Tacikistan, Özbəkistan, Türkmənistan, qeyd olunur. 2009-cu il sentyabrın 30-da Novruz bayramı UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına salınıb, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan edilib.
Novruzun milli taleyimizdəki yerini, milli dirçəlişimizdəki rolunu dəyərləndirən ulu öndər Heydər Əliyev bu bayramı milli ideologiyamızın ana sütunu kimi əbədiləşdirmişdir: “Böyük mənəvi gücə malik olan Novruz bayramı ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar olub, Azərbaycan xalqının milli ruhunu və yaddaşını, onun daxili aləmini bütün zənginliyi ilə yaşadır. Təbiətin oyanışının, varlığın yenidən canlanmasının müjdəsini verən Novruz bayramı ən qədim zamanlardan bəri həyat və məişətimizə daxil olmuş, insanlara aydın və işıqlı sabaha, xoşbəxt gələcəyə inam duyğusu bəxş etmişdir”.
Bəli, Novruz bayramı həmrəylik bayramıdır, hamının bir araya gəldiyi dostluq bayramıdır. Küsənlər barışar, hamı bir araya gələr, böyük sevinc hissi ilə bayramı qeyd edərlər. Hər bir eldə-obada bayram şənlikləri keçirilər.
2021-ci il martın 20-də Prezident İlham Əliyev ailəsi ilə birlikdə Şuşada Cıdır düzündə 30 ildən sonra bayram tonqalı alovlandıraraq sevinc hissi ilə qeyd edirdi: “Biz bu il Novruz bayramını Şuşada, Cıdır düzündə qeyd edirik. Bu, tarixi hadisədir. 2004-cü ildən başlayaraq, hər il mən Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən deyirdim ki, biz öz doğma torpaqlarımıza qayıdacağıq. Deyirdim ki, biz ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik. Deyirdim ki, biz Novruz bayramını torpaqlarımız işğaldan azad olunandan sonra Qarabağda qeyd edəcəyik və bu gün gəldi. Bu gün biz Novruz bayramını qədim şəhərimizdə, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada qeyd edirik. Bu, tarixi hadisədir. Bu, böyük xoşbəxtlikdir. Allah Azərbaycan xalqının dualarını eşitdi. Hər il Novruz bayramı ərəfəsində hamımız yəqin ki, fikirləşirdik, bir-birimizə deyirdik, inşallah, gələn il Novruz bayramını Qarabağda qeyd edək, gələn il Novruz bayramını Şuşada qeyd edək və bu gün gəldi. 28 ildən sonra biz Şuşaya qayıtdıq. Novruz bayramını Cıdır düzündə qeyd edirik, tarixi ədaləti bərpa etmişik”.
Onu da qeyd edək ki, Prezidentimiz İlham Əliyev 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, 2023-cü ildə Talışda, 2024-cü ildə Xankəndində Novruz tonqalını yandırdı. Prezidentimiz İlham Əliyev 2025-ci ildə isə Ağdərənin Həsənriz kəndində Novruz tonqalını yandırdı. Bundan böyük xoşbəxtlik ola bilməz.
Azad edilmiş torpaqlarımızda bayramı qeyd etmək, bayram tonqalları yandırmaq necə də gözəldir. Azərbaycan xalqı artıq neçə ildir ki, Novruz bayramını qalib dövlətin vətəndaşları olaraq qeyd edir, Azərbaycan vətəndaşları Novruz bayramını işğaldan azad olumuş ərazilərdə qarşılayır. Bu torpaqlarda Novruz sevinci yaşanır, bayram tonqalları qalanır. Novruz bayramının düşmən tapdağından azad edilən torpaqlarda qeyd edilməsi müstəqil Azərbaycan dövlətinin tarixinin ən şanlı, qürurlu günləri kimi tarixə yazılır.
Bəli, yurdumuza bahar gəlir!
Bu il bahar Azərbaycana martın 20-də saat 13:01:25-də daxil oldu.
Novruz bayramınız, Bahar bayramınız mübarək olsun!
Fəxriyyə CƏFƏROVA