Naxçıvan teatrında  'Zəfər günü "nə "Xeyir xəbər" -

Naxçıvan teatrında 'Zəfər günü "nə "Xeyir xəbər" - FOTO

17 Oktyabr 2024

Maraqlı və rəngarəng repertuarı ilə tamaşaçı qəlbinə yol tapan Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı daha bir pyesə səhnə həyatı verib. Bu, əməkdar incəsənət xadimi , yazıçı-dramaturq Əli Əmirlinin qələmə aldığı" Xeyir xəbər" adlı dram əsəridir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, mövzu aktuallığı, ictimai təsir gücü, maraqlı süjet xətti ilə diqqətəlayiq dram əsəri teatrın direktor əvəzi, baş rejissoru Mir Qabil Əkbərovun quruluşunda ərsəyə gələcək. Şanlı tariximizə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsindən ,qəhrəman igidlərimizin sücaətindən bəhs edən tamaşada əsas rolları əməkdar artistlərdən Vidadi Rəcəbov, Nazlı Hüseynquliyeva canlandırır.

Tamaşada peşəkar, istedadlı aktyorların ifasında kulminasiya xəttinə doğru cərəyan edən gərgin psixoloji anlar, qanlı- qadalı müharibə dəhşətləri, ən əsası igidlərin qələbəyə inam cəsarəti ilə rəşadətləri, eləcə də zəfər naminə xalqın birliyi bir ailənin timsalında dolğunluğu ilə əksini tapır.

Tamaşanın rejissor assistenti Mehri Nəcəfova, quruluşçu rəssamı Naxçıvan Muxtar Respublikasının əməkdar rəssamı Səyyad Bayramovdur. Tamaşada rəssam işi də əsərin ideyasının tamaşaçıya çatdırılmasına kömək edir.Həmçinin musiqi tərtibatçısı İbrahim Əliyevin də işi təqdirolunasıdır.

Qeyd edək ki, tamaşa hər il qürur və təntənə ilə keçirdiyimiz qəhrəmanlıq salnaməmizin qızıl hərflərlə yazılı tarixi olan "ZƏFƏR GÜNÜ "nə həsr olunub.