Əbülfəz Ülvinin “Yolun sonu” adlı kitabının təqdimatı keçirilib - FOTO
M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında tanınmış şair Əbülfəz Ülvinin “Yolun sonu” adlı kitabının təqdimatı keçirilib
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, təqdimatı giriş sözü ilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elmi işlər üzrə direktor müavini Yeganə Səfərova açaraq qeyd edib ki, Naxçıvan ictimaiyyəti arasında layiqli nüfuza malik olan Əbülfəz Ülvi, ədəbi mühitdə öz sözünü demiş və özünəməxsus yerini tutmuşdur. Şair nədən yazırsa yazsın, onu Azərbaycan poeziyasının tələb etdiyi səviyyəyə qaldıra bilmişdi. Şairin yaradıcılığında vətəni, təbiəti, insanları, gözəlliyi və s. tərənnüm etdiyi şeirlər özünün yeniliyi ilə qəlblərə yol tapa bilmişdir. Əbülfəz Ülvi vətəninə bağlı şair olmuş və Naxçıvanı vəsf edən şeirləri dillər əzbərinə çevrilmişdir.
Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, şair-publisist, dramaturq Asim Yadigar “Öz yaradıcılığı ilə ülviləşən şair” adlı mövzu ilə çıxış edərək bildirib ki, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, Prezident mükafatçısı, “Qızıl qələm” mükafatı laureatı Əbülfəz Ülvi Naxçıvan ədəbi mühitində öz dəst-xətti ilə seçilən ədiblərdən olub. Şair yaradıcılığa 1970-ci illərdən başlayıb və “Quş yuvası” adlı ilk şeirlər kitabı çap edilib. Şairin şeirləri bir çox mətbuatda və ədəbi almanaxlarda işıq üzü görüb. Poetik axtarışları, obrazlı deyimləri, vətən sevgisi, əsgər andı, şəhid ucalığı, gənclərin duyğu və düşüncələri şairin yaradıcılığında başlıca mövzulardandır.
Əbülfəz Ülvinin şeirlərində doğma Naxçıvana, onun təbii gözəlliklərinə sevgi, məhəbbət duyğusu həmişə aparıcı mövzu olub. Onun “Elə füsunkarlıq vardır”, “Dağların” kimi şeirlərində vətənin hüsn və gözəlliklərinin tərənnümü, xalqın birliyi və ərazi bütövlüyü uğrunda mücadiləsi kimi ictimai-siyasi məzmunlu əsərləri diqqəti cəlb edir. Şairin “Əsl dostluğun rəmzi”, “Dəmir yumruq”, “Xalqın bir xahişi var” şeirləri son dövrlərin qürur doğuran hadisələri fonunda çox maraqla qarşılanmışdır. Şairin “Dəmir yumruq” adlı şeiri 44 günlük Vətən müharibəsi dönəmində xalq-dövlət birliyinin ifadəsinə yazılıb. Əbülfəz Ülvi öz yaradıcılığında qadın-ana mövzusuna da toxunmuş “Anadan olur” və “Qadın” kimi şeirlərində ana müqəddəsliyi, qadın saflığı bütün ülviyyəti ilə öz əksini tapmışdır. “Yolun sonu” şair Əbülfəz Ülvinin vəfatından sonra çap olunmuş 39-cu kitabıdır. Kitabda şairin vətəninə, elinə bağlılığı, ailəsinə, doğma və əzizlərinə, dost-tanışlarına, yoldaşlarına məhəbbəti, Vətənimizin istiqlaliyyəti və azadlığı uğrunda canlarını fəda edən igid oğullarımızın şəhadətə yetməsindən doğan ürək yanğısı, saf məhəbbətin tərənnümünə həsr etdiyi şeirləri verilmişdir.
Sonra Yazıçılar Birliyinin üzvlərindən Sona Teymurbəyli, Hüseyn Əsgərov, Əmanət Musayeva, Yadulla Zaman, Tofiq Qəbul və şairin ailə üzvləri şairlə bağlı öz ürək sözlərini, xatirələrini paylaşmış, şeirlərini qiraət ediblər.
Sonda elektron lövhədə şairin şeirinə bəstələnmiş mahnı səsləndirilmiş və tədbir iştirakçıları müəllifin kitabxananın fondunda olan digər kitabları ilə tanış olmuşlar.