Məmməd Arazın 91 illiyi ilə bağlı tədbir keçirilib - FOTO
Xalq şairi Məmməd Arazın anadan olmasının 91 illiyi münasibətilə şairin Şahbuz rayonunun Nursu kəndində yerləşən Ev Muzeyində tədbir keçirilib
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbiri giriş sözü ilə açan muzeyin direktoru Əzizə Süleymanova bildirib ki, Xalq şairi Məmməd Araz çoxcəhətli və zəngin ədəbi irsinə, sənətkarlıq qüdrətinə görə Azərbaycan ədəbiyyatında özünəməxsus yeri və mövqeyi olan söz ustasıdır. Dahi şairinin yaradıcıllığının bütün dövrlərdə aktual oldugu, dövlətimiz tərəfindən hər zaman yüksək qiymətləndirildiyi, gələcək nəsillərə nümunə olan şairin ölməz irsinin öz əhəmiyyətini heç bir dövrdə itirmədiyi qeyd edilib.
Naxçıvan Dövlet Universitetinin Tarix-filologiya fakültəsinin dekanı, dosent Arif Ağalarov çıxış edərək diqqətə çatdırıb ki, ana dilimiz bütün zənginliyi, dərinliyi, əlvanlığı ilə məhz onun yaradıcılığında vətəndaşlıq məhəbbəti qazanıb. Onun vətən duyğulu şeirləri poeziyamızda özünəməxsus yer tutur.
Sonra Şahbuz Rayon İcra Hakimiyyətinin əməkdaşı Nubar Səfərovanın, Naxçıvan Dövlet Televziyasının baş redaktoru Fariz Əhmədovun, Naxçıvan Müəllimlər İnstitutunun məzunu yazıçı şair Mirşahin Seyidovun çıxışları dinlənilib. Çıxışlarda qeyd olunub ki, Naxçıvan Muxtar Respulikasında Xalq şairi Məmməd Arazın yaradıcılığına daim yüksək qiymət verilir. Vurğulanıb ki, Xalq şairi Məmməd Araz müasir dövr Azərbaycan lirikasının poetik zirvəsini fəth edən və bu zirvədə əbədi yaşamaq haqqı qazanan qüdrətli şair, publisist, filosof və sözün həqiqi mənasında layiqli vətəndaşdır.
Daha sonra Məmməd Arazın yaxın qohumları Cavanşir Məmmədov və Namiq Abbasov şairlə bağlı xatirələrini bölüşüblər.
Tədbirin bədii hissəsində Naxçıvan Dövlet Universitetinin Tarix-filologiya fakültəsinin tələbələrinin ve Nursu kənd orta məktəbinin şagirdlərinin ifasında şairin şeirləri qiraət olunub.
Sonda muzeyin ekspozisiyasına baxış keçirilib.