Naxçıvanda Nəbi Xəzrinin 100 illiyi qeyd olunub - FOTO
Dekabrın 14-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Milli Dram Teatrında Azərbaycan Respublikasının Xalq şairi,ictimai xadim, Dövlət mükafatı laureatı Nəbi Xəzrinin anadan olmasının 100 illiyi münasibətilə tədbir keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının mədəniyyət nazirinin müavini,nazir vəzifələrinin icraçısı Həsən Seyidov açaraq qeyd edib ki, Azərbaycan ədəbiyyatının parlaq simalarından olan Xalq şairi Nəbi Xəzrinin əsərləri oxucular tərəfindən həmişə sevilib. Onun əsərlərində Vətən sevgisi, Azərbaycan təbiətinə bağlılıq, incə lirik duyğuların tərənnümü aparıcı mövzulardan olub. Şair dilimizin poetik imkanlarından ustalıqla bəhrələnərək, poeziyanın gözəl nümunələrini yaratmaqla ədəbi dilimizin inkişafına töhfələr verib.
Xalq şairi Nəbi Xəzrinin oğlu Arzu Babayev tədbirdə çıxış edərək Xalq şairi ilə xatirələrindən bəhs etmiş,uşaqlığında Nəbi Xəzrinin əsərlərinin ilk oxucusu olduğu üçün qürur hissi duyduğunu dilə gətirib.
Sonra Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, şair, dramaturq Asim Yadigar çıxış edərək bildirib ki, Nəbi Xəzri özünəməxsusluğu ilə seçilən sənətkarlardandır. Onun dram əsərləri Azərbaycan teatrlarında uğurla tamaşaya qoyulub. Bir çox şeirlərinə mahnılar bəstələnib. Nəbi Xəzrinin ədəbi və ictimai fəaliyyətihər zaman yüksək qiymətləndirilib.
Tədbirin bədii hissəsində Naçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının konserti təqdim edilib.
Konsert proqramında Nəbi Xəzrinin sözlərinə yazılmış “Aslanım”, “Dərələr”, “Güllər”, “Qəlbimdə qaldın”, “Nə dedim” mahnıları Naxçıvan Dövlət Filarmoniyasının Solistləri - Azərbaycan Respublikasının Əməkdar artisti Vilayət İsmayılov, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Xatirə Səfərova, Zamin Vəliyev, Habil Qasımov, Bəhruz Quliyev, Məhərrəm Quliyev tərəfindən ifa edilib.
Konsert proqramı tamaşaçılar tərəfindən alqışla qarşılanıb.