Məntəqə seçki komissiyalarının təşkili hansı qaydada həyata keçirilir? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Məntəqə seçki komissiyalarının təşkili hansı qaydada həyata keçirilir?
Cavab: Məntəqə seçki komissiyaları müvafiq dairə seçki komissiyaları tərəfindən 6 üzvdən ibarət tərkibdə təşkil edilir.
Məntəqə seçki komissiyasının 2 üzvünün namizədliyi deputatları Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanı dairə seçki komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən, 2 üzvünün namizədliyi deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları dairə seçki komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən, 2 üzvünün namizədliyi isə heç bir siyasi partiyaya mənsub olmayan Milli Məclis deputatlarını dairə seçki komissiyasında təmsil edən üzvlər tərəfindən təqdim edilir. Məntəqə seçki komissiyasının üzvlüyünə namizədləri dairə seçki komissiyasında partiyaları təmsil edən dairə seçki komissiyasının üzvlərinə müvafiq siyasi partiyaların yerli təşkilatları, heç bir siyasi partiyaya mənsub olmayan Milli Məclis deputatlarını təmsil edən dairə seçki komissiyasının üzvlərinə isə seçicilər də (seçicilərin təşəbbüs qrupları) təklif edə bilərlər. Həmin namizədlər müvafiq seçki dairəsinin ərazisində daimi yaşayan Azərbaycan Respublikası vətəndaşları olmalıdırlar.
Məntəqə seçki komissiyasının 2-dən çox üzvü bələdiyyə qulluğunda ola bilməz.
Məntəqə seçki komissiyaları bilavasitə seçkilərdən (referendumdan) əvvəl yaradılırsa, onlar səsvermə gününə azı 40 gün qalmış təşkil edilməlidir.
Məntəqə seçki komissiyasının üzvləri Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyənləşdirilmiş qaydada müvafiq vəsiqə alırlar.
Hər bir qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, seçicilərin təşəbbüs qrupunun məntəqə seçki komissiyası işə başladığı andan səsvermənin nəticələri rəsmiləşdirilənədək məntəqə seçki komissiyasına bir müşahidəçi təyin etmək hüququ vardır. Həmin müşahidəçilər üçün Seçki Məcəlləsinin 40.7-ci maddəsinə uyğun olaraq qeydiyyatdan keçmək tələb olunmur və onlara nəzərdə tutulan müvafiq lövhəciklər verilir.
Seçki Məcəlləsinin 35.4 və 35.5-ci maddələrində göstərilən hallarda seçicilərin sayı 100-dən az olan və 50-dən çox olan və yolu çətin keçilən yerlərdə yerləşən seçki məntəqələrində məntəqə seçki komissiyası seçicilərin ümumi yığıncağında açıq səsvermə yolu ilə seçilir.
Bu halda məntəqə seçki komissiyasının tərkibi dairə seçki komissiyası tərəfindən təsdiqlənir.
Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov