Zərər çəkmiş şəxsin hüquqi varisinin hansı hüquqları məhdudlaşdırıla bilər? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Cinayət təqibi həyata keçirilərkən zərər çəkmiş şəxsin hüquqi varisinin hansı hüquqları məhdudlaşdırıla bilər?
Cavab: Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən hadisə nəticəsində ölmüş zərər çəkmiş şəxsin hüquq və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istəyini bildirən yaxın qohumlarından biri zərər çəkmiş şəxsin hüquqi varisi hesab olunur. Ölmüş zərər çəkmiş şəxsin yaxın qohumları olmadıqda, digər qohumları, onlar da olmadıqda və ya həmin şəxslər hüquqi varis hesab edilə bilmədikdə, təyin edilmiş vəkil həmin cinayət işi üzrə icraatda zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınır.
Zərər çəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi istisna olmaqla, digər hüquqi varisin şübhəli və ya təqsirləndirilən şəxslə barışmaq, xüsusi ittihamçı qismində cinayət təqibindən imtina etmək və zərər çəkmiş şəxsin verdiyi şikayətdən imtina etmək hüququ yoxdur.
Sualı cavablandırdı: Sədərək rayon prokurorunun köməkçisi, I dərəcəli hüquqşünas - Rəmzi Həsənov