
Xulianlıq nədir ? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Xulianlıq nədir ?
Cavab: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221-ci maddəsinə əsasən xuliqanlıq dedikdə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər nəzərdə tutulur.
Qeyd edilən anlayışdan da göründüyü kimi xuliqanlıq bir neçə hərəkətin edilməsi ilə müşahidə oluna bilər.
Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulması başa düşülür.
Əgər ictimai qaydanı kobud surətdə pozan hərəkətlər başqa şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq olunması hədəsi ilə, yaxud başqa şəxsin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət olunmursa, bu halda əməl xuliqanlıq cinayəti kimi yox, inzibati xəta kimi (xırda xuliqanlıq) kimi tövsif olunmalıdır.
Diqqət edilməli olan digər məqam ondan ibarətdir ki, xuliqanlıq cinayətinin şərhi baxımından başqa şəxslər üzərində zor tətbiq olunması dedikdə, şəxsin sağlamlığına yüngül zərər vurulması nəzərdə tutulur. Yəni, ictimai qaydanı pozan şəxs başqa şəxsin sağlamlığına yüngül zərər vurduqda onun əməli ancaq xuliqanlıq kimi qiymətləndirilir. Lakin, ictimai qaydanı pozan şəxs başqa şəxsin sağlamlığına qəsdən az ağır və ağır zərər vurduqda, bu halda təqsirkar şəxsin əməli həm xuliqanlıq, həm də başqa şəxsin sağlamlığına qəsdən az ağır və ya ağır zərər vurma kimi qiymətləndiriləcək.
Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov