Şərqi Zəngəzuru Naxçıvanla birləşdirəcək dəmir yolunun inşası müzakirə edilib
Azərbaycan və İran arasında Şərqi Zəngəzur və Naxçıvanı birləşdirəcək dəmir yolu xəttinin inşası müzakirə edilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sədri Rövşən Rüstəmov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"İrana rəsmi səfər çərçivəsində bu ölkənin dəmir yolu administrasiyasının rəhbəri Cabbar Əli Zakeri Sardrudi ilə görüşdük. Müzakirələrimizin mövzusu İrandan keçməklə Şərqi Zəngəzur İqtisadi Rayonu və Naxçıvan Muxtar Respublikası arasında birbaşa quru əlaqəsi təmin edəcək dəmir yolu xəttinin inşası və Şimal-Cənub dəhlizi üzrə əməkdaşlığın gücləndirilməsi oldu. ADY-nin hər iki marşrutun inkişafı ilə bağlı atdığı addımları və gələcək planlarını nəzərə çatdırdıq", - deyə o qeyd edib.