Kəşf edilməyi gözləyənlər: “Çətin uşaqlar”

Kəşf edilməyi gözləyənlər: “Çətin uşaqlar”

23 Fevral 2025

Uşaqlara verilən “tənbəl”, “dəcəl”, “problemli”, “qüsurlu” kimi adları özündə birləşdirən ümumi fikir “çətin uşaqlar” və ya “çətin tərbiyə olunan uşaqlar” hesab olunur. Həmin uşaqlarla ətraf aləm arasında böyük bir uçurum yaranır və gün keçdikcə get-gedə dərinləşir. Ailə, məktəb və mühit üçbucağının bir-birindən əlaqəsiz, qeyri-sabit fikirlərinə məruz qalan uşaqlar, əslində öz etirazlarını bir növ söz saymamaqla, qırıb-dağıtmaqla, pis vərdişlərə yönəlməklə bildirməyə çalışırlar. Yəni, fərqli tələblərin toruna düşən uşaqlar, bu qarışıqlığı qəbul etmədiyindən “çətin uşaq” olmağı seçirlər. Fərqli bir baxışdan yanaşan zaman görmək olur ki, “çətin uşaqlar” özlüyündə özünəməxsus yaradıcı, xüsusi intellektə malik, yüksək əzmkarlığa sahib uşaqlardır. Onlar bəzən qısa müddətə, bəzən də ömrü boyu ümidlə kəşf edilməyi gözləyən, həqiqi kimliyi təqdim etməyi arzulayan təkrarolunmaz düşüncə sahibidirlər. 

Təəssüf ki, bu fikirlər bədii və estetik cəhətdən gözəl səslənsə də, məna etibarilə həmişə kölgədə qalır. Çünki, “çətin uşaqlar” elə həmişə tərbiyə olunmaz olaraq qəbul olunur. Tərbiyə sözü məna etibarilə, “nizamlama” deməkdir. Yəni, çətin uşaqlar heç vaxt nizamlı ola bilməzlər kimi qiymətləndirilir. Buna görə də, onlara diqqət yetirmək, bir müddət sonra hər kəs üçün əhəmiyyətsiz sayılır. 

Bəlkə də, həmin uşaqlar üçün edilməsi gərəkən, nələrsə qalıb. “Çətin uşaqlar”ın tərbiyəsi üçün aşağıdakı diqqət etmək olar:

İlk növbədə, hər bir çətin uşağa fərdi yanaşmaq lazımdır. Çünki, onun düşüncə və yanaşma tərzi tamamilə digər uşaqlardan fərqlidir və o, həmişə ən yaxşısına nail olmağa çalışan xarakterdədir. 

Çətin uşaqlarla ünsiyyət hər zaman ən önəmli göstəricidir. Onların inam və etibarını qazanmaq birbaşa ünsiyyətdən asılıdır. Yəni, onların fikirlərinə hörmətlə yanaşıb, dəstəklədiyini bildirmək əsasdır. Onlara “olmaz”, “etmə” kimi konkret fikir bildirmək yerinə, “onu bu cür eləsə yaxşı olar” kimi cümlələrdən istifadə etmək məqsədəuyğundur. Təkcə, çətin uşaqlar deyil, ümumiyyətlə, bütün uşaqlarda inkar şəkilçilərinə “-ma, mə” qarşı aqressiv bir münasibət var. Ona görə də, xüsusi həssaslıqla ünsiyyətə nəzarət etmək lazımdır.

Onlara davamlı özünəinam, bacarıqlı olduğunu aşılanmalıdır. Mənəvi keyfiyyətlərini hər fürsətdə özünə xatırlatmaq və təqdim etməklə, öz üzərində hakimliyini təmin etmək və özü haqqında yenidən düşünməyə yönəltmək xüsusi əhəmiyyət kəsb edir. 

Beləliklə, çətin uşaqlar əslində kəşf edilməyi gözləyən gizli möcüzələr kimidir. Onları anlamaq və yanında olmaqla, buna nail olmaq olar. Bəli, bezdirici və yorucu bir proses olduğu danılmazdır. Ancaq hər əziyyət, hər zaman ən yaxşı mükafatla nəticələnir. Mükafat isə gələcək üçün, insanlıq üçün və ən əsası vətən üçün faydalı bir insanın yetişməsi deməkdir. 

Fatma İSLAMLI 

Naxçıvan Müəllimlər İnstitutunun müəllimi