
Vətən Müharibəsi Qəhrəmanı Ramiz Qasımovun anım mərasimi keçirilib
İkinci Fəxri Xiyabanda Vətən Müharibəsi Qəhrəmanı, polkovnik-leytenant Ramiz Vaqif oğlu Qasımovun anım mərasimi keçirilib.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə nazirlikdən məlumat verilib.
Tədbirdə Hərbi Hava Qüvvələrinin (HHQ) nümayəndələri, şəhidin ailə üzvləri, xidmət etdiyi hərbi hissənin hərbi qulluqçuları iştirak ediblər.
Mərasimdə bildirilib ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpasında xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad edilməsi uğrunda döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlığa, igidlik və mərdliyə görə Ramiz Qasımova Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Vətən Müharibəsi Qəhrəmanı" fəxri adı verilib.
Ramiz Qasımov 17 fevral 1975-ci ildə Beyləqan rayonunda anadan olub. 1992-ci ildə Beyləqan şəhər orta məktəbini bitirdikdən sonra Azərbaycan Ordusunda Uçuş Hazırlığı Təlim Mərkəzini və Azərbaycan Ali Hərbi Təyyarəçilər Məktəbini bitirib. Hərbi Hava Qüvvələrində vertolyot eskadrilyasının axtarış-xilasetmə xidmətinin aviasiya manqasının şturmanı vəzifəsindən Aviasiya bazası komandirinin uçuşların təhlükəsizliyi üzrə müavini - uçuşların təhlükəsizliyi bölməsinin rəisi vəzifəsinədək yüksəlib.
2016-cı il Aprel döyüşlərində və 2020-ci il Tovuz döyüşlərində iştirak edərək HHQ-nin döyüş salnaməsinə parlaq səhifələr yazıb. Yüksək "Snayper" dərəcəsinə yüksəlmiş təlimatçı və sınaqçı pilot olan Ramiz Qasımov sağlığında 7 döyüş medalı ilə təltif olunub.
Azərbaycan Silahlı Qüvvələrinin veteranı kimi bir çox milli təyyarəçi kadrların yetişməsində əvəzsiz xidmətlər göstərib. Komandanlıq və şəxsi heyət arasında böyük nüfuz sahibi olmaqla yanaşı, yüksək mənəvi və iradi keyfiyyətlərə malik bir şəxsiyyət kimi fərqlənib.
Ermənistanın təxribatlarına cavab olaraq Azərbaycanın ərazi bütövlüyünün bərpası və tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda başladığı Vətən Müharibəsinin ilk günündə polkovnik-leytenant Ramiz Qasımov ekipajı ilə birlikdə Ağdərə-Tərtər istiqamətində döyüş əməliyyatları zamanı düşmənin radio-elektron mübarizə vasitələrini, zenit-raket komplekslərini məhv edərək düşmənə ciddi itkilər verib. Lakin döyüş zamanı onun idarə etdiyi vertolyot düşmən tərəfindən vurulub. Yaralanmasına baxmayaraq, mülki əhalinin zərər çəkməməsi üçün vertolyotu təhlükəsiz istiqamətə yönləndirib, ekipaj üzvlərindən sonra kabinəni tərk edib.
Ağır yaralanan pilot 25 gün komada qaldıqdan sonra, 2020-ci il oktyabrın 20-də şəhidlik zirvəsinə ucalıb. Oktyabrın 22-də onun məzarı ziyarət olunub, önünə gül dəstələri qoyulub, ruhuna dualar oxunub.
Fəxri Xiyabandakı anım mərasimindən sonra Bakı şəhərində Ramiz Qasımov adına 216 nömrəli tam orta məktəbdə "Səmadakı Qəhrəman" adlı anım tədbiri keçirilib. Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Məktəbin şagirdləri şəhidə həsr olunmuş şeirlər səsləndirib, vətənpərvərlik ruhunda çıxışlar ediblər.
Ramiz Qasımovun qəhrəmanlığı Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq. Allah rəhmət eləsin!