Üzeyir Hacıbəylinin 140 illik yubileyi: Azərbaycan musiqisinin böyük ustadına həsr olunmuş Sərəncam
2025-ci il fevralın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Üzeyir Hacıbəylinin 140 illik yubileyinin qeyd olunması ilə bağlı Sərəncam imzalanmışdır. Yubileyinin yüksək səviyyədə keçirilməsi qərarı örkəmli bəstəkar, musiqişünas, xalq artisti, Azərbaycanın milli musiqi mədəniyyətinin inkişafına mühüm töhfələr vermiş Üzeyir Hacıbəyli irsinin dəyərləndirilməsi və gələcək nəsillərə çatdırılması istiqamətində atılmış mühüm bir addımdır.
Üzeyir Hacıbəyli 1885-ci il sentyabrın 18-də Şuşa şəhərində doğulmuşdur. O, Azərbaycanın ilk professional musiqi bəstəkarı və müasir musiqi mədəniyyətinin əsasını qoyan şəxsiyyətlərdən biridir. Hacıbəyov həmçinin opera, simfonik musiqi, rəqs, mahnı və xalq musiqisinin inkişafında əvəzsiz xidmətlər göstərmişdir.
Bəstəkarın ən məşhur əsərləri arasında "Leyli və Məcnun", "Koroğlu", "Əsli və Kərəm" operaları, "Arşın mal alan" musiqili komediyası və bir çox instrumental əsərlər yer alır. Onun yaratdığı opera və baletlər yalnız Azərbaycan musiqisinin deyil, ümumən Şərq musiqisinin zənginliyini dünyaya tanıtmışdır.
Prezident İlham Əliyevin imzaladığı sərəncam Üzeyir Hacıbəyli irsinin təbliği, onun yaradıcılığının dərindən öyrənilməsi və gələcək nəsillərə çatdırılması məqsədini güdür. Bu yubiley tədbirləri çərçivəsində bir çox mədəniyyət və incəsənət sahəsində əhəmiyyətli tədbirlər, konsertlər və sərgilər təşkil ediləcək, həmçinin bəstəkarın yaradıcılığına dair elmi konfranslar və simpoziumlar keçiriləcəkdir.
Yubileyin qeyd olunması yalnız musiqi sahəsində deyil, Azərbaycan mədəniyyətinin bütün sahələrində böyük bir tədbirə çevriləcək. Bu tədbirlər Üzeyir Hacıbəylinin həyatını və irsini gənc nəsillərə təqdim edəcək, həmçinin onun Azərbaycan musiqisinin inkişafında oynadığı mühüm rolu bir daha vurğulayacaqdır.
Azərbaycan musiqi mədəniyyətinə böyük töhfələr vermiş Üzeyir Hacıbəylinin musiqi yaradıcılığı Azərbaycan xalqının milli kimliyinin formalaşmasında əvəzsiz rol oynamışdır. Onun musiqisində ənənəvi Azərbaycan muğamı və folklorunun incəlikləri ilə yanaşı, Qərb musiqisinin elementləri də mükəmməl birləşmişdir. Bu sintez onun əsərlərinə yalnız Azərbaycan deyil, dünya səviyyəsində də böyük diqqət yetirilməsinə səbəb olmuşdur.
Bəstəkarın "Arşın mal alan" musiqili komediyası Azərbaycan musiqisinin ən böyük şah əsərlərindən biri olaraq yalnız milli səhnədə deyil, dünya teatrlarında da uğurla nümayiş etdirilmişdir. O, eyni zamanda Azərbaycan dilində opera janrının əsasını qoymuş, musiqinin xalqla inteqrasiyasına böyük diqqət yetirmişdir.
Böyük sənətkar Azərbaycanda musiqi məktəblərinin yaradılması və musiqi təhsilinin inkişafı məsələsində böyük önəm daşıyan bir şəxsiyyət idi. O, musiqi təhsilinin bütün Azərbaycan üzrə inkişafına diqqət yetirərək 1937-ci ildə doğma Naxçıvanımızda musiqi məktəbinin açılmasını təşviq etmiş və bu məktəbin tədris proqramlarının hazırlanmasında aktiv iştirak etmişdir. Naxçıvanda musiqi məktəbinin açılması yalnız bir təhsil ocağının yaranması deyil, həm də milli musiqinin qorunması və inkişafı sahəsindəki mühüm bir addım idi.
Üzeyir Hacıbəyli həm də 1937-ci ildə Azərbaycan SSR Ali Sovetinə deputat seçilən ilk musiqiçilərdən biri olmuşdur. Bu, onun yalnız musiqi sahəsindəki fəaliyyətinin deyil, həm də cəmiyyətin digər sahələrindəki aktiv iştirakının göstəricisi idi. Naxçıvanın təmsilçisi olaraq Azərbaycanın mədəni həyatının inkişafı və xalqın musiqi təhsilinin yüksəlməsi məsələlərinə daima diqqət yetirmişdir.
Hacıbəylinin deputat seçilməsi onun yalnız musiqi dünyasında deyil, eyni zamanda dövlət səviyyəsində də tanınan və hörmət edilən bir şəxsiyyət olduğunu göstərirdi. Deputat olaraq fəaliyyət göstərərkən, o, musiqi təhsilinin təkmilləşdirilməsi, mədəniyyətin qorunması və milli irsin yaşadılması istiqamətində müxtəlif təşəbbüslər irəli sürmüşdür.
Üzeyir Hacıbəyli həmçinin Azərbaycan folklorunun zənginliyini və gözəlliyini dəyərləndirən bir şəxsiyyət idi. Xüsusilə, "Şərur Yallısı" haqqında söylədiyi fikirlər onun xalq musiqisinə olan dərin sevgisini və bu musiqinin Azərbaycan mədəniyyəti üçün əhəmiyyətini vurğulamışdır. "Şərur Yallısı" Naxçıvan bölgəsinin ən məşhur xalq rəqslərindən biridir və Hacıbəyli bu rəqsə olan heyranlığını və bu rəqsin musiqi mədəniyyətimizdəki əhəmiyyətini dəfələrlə qeyd etmişdir.
Üzeyir Hacıbəyli Naxçıvan səfərlərinin birində "Şərur yallısı" onun diqqətini çəkərək qeyd etmişdir: "Şərur Yallısı"nın musiqisinin və ritminin Azərbaycan xalqının ruhunu, həyatını və təbiətini əks etdirir, bu rəqs və musiqinin Azərbaycan mədəniyyətinin bir parçası olaraq xalqın öz tarixi və ənənələrini yaşatmaqda mühüm rol oynayır. O, həmçinin, "Şərur Yallısı"nın təkcə Naxçıvanda deyil, bütün Azərbaycanda musiqi və rəqs sahəsindəki əvəzsiz irsi təmsil etdiyini bildirmişdir.
Üzeyir Hacıbəylinin 140 illik yubileyinin qeyd olunması Azərbaycan mədəniyyətinin inkişafı üçün önəmli bir mərhələdir. Həm də Hacıbəyli irsinin yaşadılmasına və təbliğinə verilən yüksək qiymətin təzahürüdür. Onun əsərləri və yaratdığı mədəni miras Azərbaycan musiqisinin gələcək nəsillərə ötürülməsi, eləcə də dünya mədəniyyəti üçün qiymətli bir sərvət olaraq qalacaq.
Fətəli AXUNDZADƏ
Naxçıvan Musiqi Kollecinin direktor müavini