Daşa dönmüş tarix: Əcəmi – 900
Səməd Canbaxşiyevin düşüncələri
Naxçıvanlı Əcəmi dahi və yaradıcı idi. Dahiliyi ərsəyə gətirdiyi əsərlərdəki həndəsi uyğunluq və üslubda, yaradıcılığı isə süslədiyi naxışlardan görünür. Nə idi Əcəminin naxışlarındakı sirli müəmmalar və yaradıcı qüdrət?
Naxçıvan şəhərindəki 28 metrlik Möminə Xatın türbəsinin yanından etinasız keçmək mümkün deyil. Əcəmi sənəti insanı maqnit kimi özünə tərəf çəkir. Onunla danışır və “Mənə bax və sev!” deyə sanki öz gücünü və sevgisini diktə edir.
Nədir bu abidənin üzərindəki naxışlara saatlarla dayanıb insanı baxmağa məcbur edən? Bir-birinin içindən keçərək dairə yaradan və bir hissəsi digər dairənin bir tərəfi olan şəbəkəli naxışlar əslində elə “fələk”, “tale”, “zəmanə” dediyimiz məfhumun nəsnə halı, daşa dönən maddi görkəmidir. Dövran da Əcəmi naxışları kimi dolanır, əyilir, düzəlir və yüksəlir… Yenidən dolanır və əbədi olaraq bu dolanbaclar min illərdir davam edir.
Əskidən evlərimizdə ərəb əlifbası ilə olan yazılara müqəddəs kimi baxılırdı. Çünki bu yazıları oxuya bilməyənlər onu müqəddəs Quranın ayələri, surələri hesab edirdilər. Bu gün buna xurafat kimi baxılsa da, əslində düz edirdilər, çünki yazı həmişə müqəddəsdir. İnsan yazını kəşf etməklə öz duyğularını gələcəyə göndərməyin yolunu da kəşf edib. Möminə Xatın türbəsi ona görə müqəddəsdir ki, onun üzərində Quranın “Yasin” surəsindən ayələr həkk olunub. Deməli, məscidlərdən sonra dünyada bəlkə də çox az sayda abidə var ki, Əcəmi bu addımla ayələri ilk dəfə daş naxışa – yazılara çevirərək ona müqəddəslik möhürü vurub.
Əcəminin yadigarı olan Möminə Xatın türbəsindəki naxışlara-yazılara yaxından baxanda sanki insanın əyri-üyrü damarları və sinirləri kimi bədənə – məqbərəyə dolanıb. Bu naxışlar insan cisminə damarlar və sinirlər həyat verdiyi kimi abidəyə də “can” – süs, bəzək verir.
Əcəmi yer adamı idi, amma ruhu göydən gəldiyi üçün yaratdığı bu abidə elə göylərə doğru yollanan, uzanan bir ismarıc, mesajdır. İnsan oğlunun yaradıcı təxəyyülü Tanrı vergisi olduğu üçün də yerdən göyə doğru ucalır.
Ətrafdakı ağaclardan daha uca, daha yaşlı bir abidə ilə qarşı-qarşıya qalanda həm də qadın əzəməti, ana ucalığı ilə baş-başa qalırsan. Türkün hökmdar xanımı – xatın qadını Möminə Xatının, Azərbaycan tarixinə iki böyük dövlət adamı – Cahan Pəhləvan və Qızıl Arslan kimi sərkərdələr bəxş edən ananın şərəfinə ucaldılan bu abidənin lap yanında dayananda, yuxarısına qədər uzanan ayələri oxuyanda ya papağın düşməli, ya da onu əvvəlcədən başından çıxarmalısan. Təbii ki, abidə sanki özü sənə ona ehtiram göstərməyə məcbur edir. Daha bir Əcəmi dahiliyi…
Naxçıvan torpağının özəl çalarlarına boyanan, qəhvəyi rəngli abidəni ətrafda daşlaşmış tarix – oğullar, üzəri yazılı “qoç əsgərlər” – qoç igidlər qoruyur.
Əslində Möminə Xatın türbəsi və 900 yaşlı Əcəminin digər abidələri sadə sənət əsəri, bir məzar üzərində ucaldılan türbə deyil, sabaha yollanan sirli bir mesajdır. Enerji axını və hüzur dolu bir aura var bu tarixi sənət əsərinin ətrafında. Müqəddəslik necə olsa, özünü göstərir…
P.S. Bu il Əcəmi Əbubəkr oğlu Naxçıvani 900, onun yadigarı Möminə Xatın türbəsi isə 839 yaşını qeyd edir.
Səməd Canbaxşiyev,
Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti.