Pedaqoji yönümlü ixtisaslarda kadr  hazırlığına mühüm töhfə

Pedaqoji yönümlü ixtisaslarda kadr hazırlığına mühüm töhfə

05 Fevral 2025

Son günlərdə müəllifi psixologiya üzrə fəlsəfə doktoru, dosent Nuralı Çələbiyev olan pedaqoji ali təhsil müəssisələrinin bakalavriat təhsil səviyyəsinin qeyri-ixtisas fakültələri üçün nəzərdə tutulmuş “Psixologiya” adlı yeni dərs vəsaiti (Bakı, ADPU-nun nəşriyyatı, 2024, 591 səh.) diqqətimi çəkdi. Dosent N.Z. Çələbiyevin Elm və Təhsil Nazirliyi tərəfindən 2020-ci ildə təsdiq edilmiş “Təhsil Proqramı”nın standartları əsasında tərtib etdiyi “Psixologiya” adlı bu vəsaitdə fənnin tədrisi üçün ayrılan 45 saatlıq mühazirə kursuna uyğun mövzular öz əksini tapmışdır.

Dərs vəsaitinin elmi redaktoru psixologiya elmləri doktoru, BDU-nun professoru R.V. Cabbarov, rəyçiləri isə ADPU-nun Ümumi psixologiya kafedrasının müdiri, psixologiya elmləri doktoru, professor R.İ. Əliyev, psixologiya elmləri doktoru, ADPU-nun professoru Q.N. Qəhrəmanova, psixologiya elmləri doktoru, dosent, Təhsil İnstitutunun şöbə müdiri E.B. Bəylərov və psixologiya üzrə fəlsəfə doktoru, BSU-nun dosenti G.A. Həsənovadır.

Dərs vəsaitinin strukturu

“Psixologiyaya giriş” adlanan I bölmədə “Psixologiyanın predmeti və vəzifələri”, “Psixologiyanın bir elm kimi xarakteristikası və təşəkkül mərhələləri” və “Psixologiyanın tədqiqat metodları” olmaqla 3 mövzu, “Psixologiyanın kateqoriyaları” adlanan II bölmədə “Fəaliyyət və davranış. Fəaliyyətin strukturu və növləri”, “Ünsiyyətin psixoloji səciyyəsi. Nitq və onun növləri” olmaqla 2 mövzu, “Şəxsiyyət psixologiyası məsələləri” adlanan III bölmədə “Psixologiyada fərd və şəxsiyyət problemi”, “Sosial qrupların psixologiyası” olmaqla 2 mövzu, “Psixi proseslər” adlanan IV bölmədə “Diqqət haqqında anlayış. Diqqətin növləri və xassələri”, “Duyğular və onların əsas xassələri”, “Qavrayış”, “Hafizə və hafizə prosesləri”, “Təfəkkür rasional idrak prosesi kimi”, “Təxəyyül və yaradıcılıq” olmaqla 6 mövzu, “Emosional və iradi proseslər” adlanan V bölmədə “Hisslər və emosional hallar”, “Aktivliyin iradi tənzimi. İradi keyfiyyətlər və onların formalaşması xüsusiyyətləri” olmaqla 2 mövzu, “Şəxsiyyətin fərdi-psixoloji xüsusiyyətləri” adlanan VI bölmədə “Temperament şəxsiyyətin fərdi-psixoloji xassələrindən biri kimi”, “Xarakter”, “Qabiliyyətlər və istedad” olmaqla 3 mövzunun, ümumilikdə isə Ümumi psixologiya kursuna aid cəmi 18 mövzunun şərhi və izahı verilmişdir.

Yeni “Təhsil Proqramı”nın standartlarına görə, qeyri-ixtisas fakültələrində “Psixologiya” fənni bir semestr ərzində tədris olunur və kursun məzmununa həm “Yaş psixologiyası”, həm də “Pedaqoji psixologiya”ya aid mövzuların tədrisi daxil edilməlidir. Bu tələbə uyğun olaraq, müəllif vəsaitin “Yaş psixologiyası məsələləri” adlanan VII bölməsinə “Yaş psixologiyasının predmeti, vəzifələri və tədqiqat metodları”, “Kiçik məktəb yaşı dövrünün psixoloji xüsusiyyətləri”, “Yeniyetməlik dövrünün psixoloji xüsusiyyətləri”, “Erkən gənclik yaş dövrünün psixoloji xüsusiyyətləri” olmaqla 4, sonuncu, “Pedaqoji psixologiya məsələləri” adlanan VIII bölməyə isə “Pedaqoji psixologiyanın predmeti, vəzifələri və tədqiqat metodları”, “Təlim, tərbiyə və özünütərbiyə psixologiyası”, “Pedaqoji fəaliyyətin və müəllim şəxsiyyətinin psixologiyası” adı altında 3 mövzunu daxil etmişdir.

Dərs vəsaitinin əhəmiyyəti

Dərs vəsaiti ilə tanışlıq göstərir ki, psixologiyaya aid çoxsaylı dərs vəsaitlərinin müəllifi olan dosent N.Z. Çələbiyev yeni dərs vəsaitini də peşəkarlıqla hazırlamış, psixologiya ixtisası ilə qeyri-psixologiya ixtisası arasındakı fərqləri nəzərə alaraq, tərtib etdiyi yeni proqram əsasında mövzuların sistemli şərhini və izahını verməyə müvəffəq olmuş, psixologiya elmində yeni inkişaf tendensiyalarına biganə qalmamışdır.

Dərs vəsaitində verilən sxemlər, cədvəllər və çoxsaylı şəkillər onun oxunaqlı olmasına şərait yaradır. Mövzuların şərhi və izahında müəllif yeri gəldikcə ayrı-ayrı alimlərin tədqiqatlarından və həyatda müşahidə etdiyi psixi fakt və hadisələrə də yer vermişdir ki, bu da vəsaitin oxunaqlı, sadə və anlaşıqlı dildə yazıldığını sübut edir.

Müəllifin ayrı-ayrı psixoloq alimlər, onların nəzəriyyə və təlimləri haqqında verdiyi məlumatlar öz elmi mahiyyəti ilə diqqəti cəlb edir. O, elmi üslubun tələblərini gözləməklə yanaşı, yeri gəldikcə, ədəbi əsərlərdən, folklordan nümunələr də verməklə, vəsaitin maraqlı olmasını, onun emosionallığını da təmin etmişdir.

Dərs vəsaiti yalnız tələbələr üçün deyil, həm də praktik pedaqoji fəaliyyətdə olan müəllimlər üçün də xüsusi əhəmiyyət kəsb edən dəyərli mənbədir. Bütün bunlar deməyə əsas verir ki, dosent N.Z. Çələbiyevin bu yaxınlarda işıq üzü görmüş “Psixologiya” adlı dərs vəsaiti pedaqoji ixtisaslarda kadr hazırlığı üçün mühüm töhfədir.

Çapay QULİYEV

Psixologiya üzrə fəlsəfə doktoru

Naxçıvan Dövlət Universiteti

Magistratura və doktorantura mərkəzinin direktoru