
Üzeyir Hacıbəyli dühası
Mədəniyyət tariximizdə dahi bəstəkar, peşəkar musiqi sənətimizin və milli operamızın banisi, musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim kimi xüsusi yer tutan dahi şəxsiyyətlərdən biri Üzeyir Hacıbəylidir. Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Üzeyir Hacıbəylinin 140 illik yubileyinin qeyd olunması ilə bağlı 2025-ci il fevralın 3-də Sərəncam imzalanmışdır. Sərəncamda haqlı olaraq qeyd edilir: "Üzeyir Hacıbəyli çoxşaxəli yaradıcılığı ilə Azərbaycan mədəniyyəti tarixində silinməz iz qoymuş qüdrətli şəxsiyyətlərdəndir. Ömrünü cəmiyyətin mədəni tərəqqisinə həsr edən fədakar ziyalının yüksək mənəvi-estetik dəyərə malik irsi Azərbaycan xalqının XX əsrin ilk onilliklərindən vüsət almış ədəbi-mədəni intibahının aynasıdır. Azərbaycan bəstəkarlıq məktəbinin banisi olan Üzeyir Hacıbəyli novator sənətkar kimi milli musiqi xəzinəsini unikal forma və janrlarla zənginləşdirmişdir. O, Şərqin və Qərbin musiqi nailiyyətlərinin dərin vəhdətində dünya musiqisinin qızıl fondunda fəxri yer tutan nadir sənət inciləri meydana gətirmiş, Azərbaycan mədəniyyətinə beynəlxalq miqyasda geniş şöhrət qazandırmışdır. Üzeyir Hacıbəyli eyni zamanda parlaq bədii dühası sayəsində Azərbaycan dramaturgiyasına dəyərli töhfələr vermiş, alovlu publisistikası ilə mətbuat salnaməsinə yeni səhifələr yazmışdır. Onun azərbaycançılıq məfkurəsi ilə yoğrulmuş dolğun ictimai-siyasi fəaliyyəti əsl vətənpərvərlik nümunəsidir".
Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli 1885-ci il sentyabrın 18-də Azərbaycanın səfalı güşələrindən biri olan Ağcabədidə anadan olmuşdur. Atası Əbdülhüseyn Hacıbəyli Şuşanın maarifpərvər ziyalılarından biri olmuş, ağcabədili Kərbəlayı Ələkbər bəyin qızı Şirin xanımla evlənmıişdir. Dahi Üzeyir Hacıbəylinin uşaqlıq və gəncliyinin ilk çağları da məhz Şuşada keçmişdir. Məlumdur ki, Şuşa yalnız öz təbii gözəlliyi, tarixi yaraşığı ilə deyil, həm də özünün elmə, mədəniyyətə, ədəbiyyat və incəsənətə verdiyi böyük şəxsiyyətləri ilə həmişə diqqəti cəlb etmişdir. Pənahabad kimi tarixə daxil olan, Şuşa kimi məşhurlaşan bu şəhər Vaqiflərin, Zakirlərin, Natəvanların, Cabbar Qaryağdıoğlaarın, Seyid və Xan Şuşinskilərin ilham mənbəyi olmuşdur. Respublikamızın ilk musiqi ocağı kimi şöhrət qazanan Şuşa Üzeyir Hacıbəyli üçün də ilk yaradıcılıq qaynağı idi. Üzeyir Hacıbəyli haqlı olaraq yazırdı: "...Mən ilk musiqi təhsilimi uşaqlıq zamanı Şuşada, ən yaxşı xanəndə və sazəndələrdən almışam. O vaxt mən "Muğam" və "Təsnif oxuyardım. Səsim xanəndələrin xoşuna gələrdi. Onlar məni oxudar və öyrədərdilər..."
Tələbəlik illərindən bəhs edən Üzeyir Hacıbəyli yazırdı: "...Seminariyada skripkada, violonçeldə və nəfəsli alətlərdə çalmağı öyrəndim. Mən orada musiqi nəzəriyyəsi haqqında da az-maz məlumat ala bildim".
Bütün bunlar onu deməyə əsas verir ki, hələ uşaqlıqdan Üzeyirdə musiqiyə böyük həvəs yaranmış, beləcə Şərq aləmində böyük musiqiçi kimi ad qoymuşdur. Müəllim kimi fəaliyyətə başlayan, bir çox mətbu orqanlarda məqalələri ilə çıxış edən Üzeyir Hacıbəyli xalqımızın maarif və mədəniyyət cəhətdən inkişafi üçün bir sıra dəyərli işlər görmüşdür.
Onu da qeyd edək ki, XX əsrin llk onilliyi həm Üzeyir Hacıbəylinin və həm də ümumən Azərbaycan xalqının mədəni həyatında ən uğurlu və ən əlamətdar illər kimi yadda qalan olur. Milli operanın əsası məhz bu onillikdə qoyulur, ilk musiqili komediya bu illərdə yaranır. Üzeyir Hacıbəylinin bu sahələrdəki böyük xidmətləri yalnız Azərbaycan ücün deyil, bütün Şərq üçün əlamətdar hadisə idi.
Üzeyir Hacıbəylinin ilk operası olan "Leyli və Məcnun" 1908-ci ildə yaranmışdır. Bu, həm Azərbaycanda, həm də bütün Şərqdə ilk opera idi. Bununla Ü. Hacıbəyli XX əsrin əvvəllərində Azərbaycanda pəşəkar bəstəkarlıq sənətinin təməl daşını qoymuş oldu.
"Leyli və Məcnun" operasının premyerası 1908-ci il yanvarın 12-də Bakıda Hacı Zeynalabdın Tağıyevin teatrında keçirilir. Tamaşanın iştirakçıları xanəndələr, dram aktyorları və sadəcə musiqi həvəskarları idi. İlk tamaşaya istedadlı aktyor və rejissor Hüseyn Ərəblinski quruluş vermişdi. Dirijor isə yazıçı-dramaturq Əbdülrəhim bəy Haqverdiyev idi.
Azərbaycanda ilk opera olan “Leyli və Məcnun” xalq tərəfindən çox sevildi və bu günə kimi də Azərbaycan opera və balet teatrının səhnəsində oynanılır.
1911-ci ildə tamaşaya qoyulan "O olmasın, bu olsun" musiqili komediyası Üzeyir Hacıbəylini böyük dramaturq kimi təsdiq etmiş oldu. Q.Şirvanski adlı bir müəllif "Zakavkazye" qəzetinin 29 iyun nömrəsində yazır: "...Əsərin ədəbi qiyməti haqqında mətbuatda çox yazılmışdır. Ona görə də mən ona toxunmayacağam. Ancaq onu deməliyəm ki, "O olmasın, bu olsun" bizim yeni doğulmaqda olan dram ədəbiyyatımıza böyük hədiyyədir. Onun müəllifinin adı isə artıq Axundzadə, Vəzirov, Haqverdiyev kimilərinin sırasında yer tutmuşdur..". Üzeyir Hacıbəylinin ən böyük xidmətlərindən biri bunda idi ki, o, hər bir yeni əsərinin müvəffəqiyyətindən son dərəcə düzgün nəticə çixarır, arxayınlaşmır, həmin xətti davam etdirirdi.
Buna görədir ki, bəstəkarın əsərlərinin yaranma tarixləri arasında o qədər də böyük vaxt fərqi yoxdur. "O olmasın, bu olsun"un təsiri qurtarmamış Üzeyir Hacıbəyli "Şah Abbas və Xurşidbanu" operasını yazır. "Baku" qəzeti 1912-ci il 11 aprel tarixli nömrəsində yazır: "Aprelin 9-da Tağıyev teatrında talantlı samorodok müsəlman kompozitoru Hacıbəyli cənablarının "Şah Abbas" operası oynandı... Teatr tam mənası ilə ağzınadək dolu idi. Tamaşaçılar Şah Abbasın "xalq kütləsi içərisinə girməsi hadisəsini" böyük diqqətlə izləyirdi... Tar və kamança müşayiəti ilə çalınan xalq mahnıları diqqətlə dinlənilirdi... Artlstlər və Hacıbəyli dəfələrlə səhnəyə çağırıldılar". 1912-ci ildə tamaşaya qoyulan "Əsli və Kərəm" operası Üzeyir Hacıbəylinin sənətkar şöhrətinə dəyərli əlavə idi və Üzeyirin adını görkəmli bəstəkar kimi də əbədiləşdirdi. Həmin ilin 20 may nömrəsində "Baku" qəzetində dərc olunan "Q.M." imzalı bir məqalədə deyilir: "Mən Uzeyir bəy Hacıbəylinin operalarının hamısını görməmişəm, lakin mayın 18-də Mayılov teatrında "Əsli və Kərəm" operası birinci dəfə oynandığı zaman deyirdilər ki, bu opera bizim gənc kompozitorun qələmindən çıxmış operalardan yüksəkdir...
Üzeyir Hacıbəyli 1913-1914-cü tədris ilində SanktPeterburqa gedir. Peterburqda ikən məşhur "Arşın mal alan" musiqili komediyasını yazır. Bu əsər Üzeyir Hacıbəylini bütün dünyada məşhar edir. Bir ilin içərisində "Arşın mal alan" yalnız Bakı teatr səhnələrində 150 dəfədən çox oynanılır, tezliklə bir sıra dillərə tərcümə edilir, özünə son dərəcə güclü və çoxlu tərəfdarlar, o cümlədən əleyhdarlar qazanır.
Bununla da,Üzeyir Hacıbəyli nəinki Zaqafqaziya və Orta Asiya respublikalarında, habelə Yaxın Şərq ölkələrində tanınmağa başlayır.
Üzeyir Hacıbəyli bütün ömrünü, bilik və bacarığını müasir mədəniyyətin, musiqi elmi və musiqi sənətinin inkişafına sərf edir.
Üzeyir Hacıbəylinin yaradıcılıq fəaliyyətini izlədikdə məlum olur ki, 1936-1937-ci illərdə bəstəkar daha zəngin fəaliyyət göstərmiş zamanla səsləşən, müasir insanın zövqünə, ruhuna yatan dərin məzmunlu əsərlər yaratmışdır. Məhz 1937-ci ildə "Koroğlu" operasını yaradır. Bu əsər eyni zamanda Üzeyir Hacıbəylinin dünyagörüşünün milli mahiyyəti, Üzeyir fantaziyası və istedadının qüdrət və əzəmətinin ifadəsi kimi daha da şöhrətlənir. Xəlqilik, vətənpərvərlik ideyaları ilə yoğrulan "Koroğlu" operası yalnız bir musiqi əsəri kimi yaddaşlara köşmür. Bu əsər həm də klassik irsə, xalqın tarixinə, el ədəbiyyatına yanaşmaq, onlardan yaradıcı şəkildə istifadə etmək, mədəni irs və folklor ənənələrini müasir dövrün tələb və prinsiplərinə uyğun davam etdirməyin gözəl nümunəsi kimi də diqqət çəkirdi.
Ümummilli liderimiz Heydər Əliyev dahi bəstəkarın yaradıcılığını, xalqımız qarşısındakı xidmətlərini yüksək qiymətləndirərək deyirdi: "Üzeyir Hacıbəyov fövqəladə fitri istedadı, böyük fədakarlığı, mükəmməl təhsili, elmi, vətənpərvərliyi, ictimai-siyasi fəaliyyəti ilə xalqımızın böyük şəxsiyyətlərindən biri olmuş, dünya korifeylərinin ön sırasında duran, Azərbaycanı təmsil edən görkəmli şəxsiyyət olmuşdur".
Məhz Ulu öndər Heydər Əliyevin 1995-ci ildə – bəstəkarın 110 illik yubileyi münasibətilə imzaladığı fərmanla hər il sentyabrın 18-i ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur.
Bildiyimiz kimi, 1985-ci ildə Üzeyir bəy Hacıbəylinin 100 illik yubileyi münasibətilə Şuşada bəstəkarın heykəli ucaldılmışdı. Abidə, həmçinin dahi musiqiçinin şəhərdəki ev-muzeyi 1992-ci ildə, Birinci Qarabağ müharibəsində ermənilər tərəfindən Şuşa işğal edildikdən sonra vandalizmə məruz qalaraq tamamilə dağıdılır.
2020-ci ilin 44 günlük Vətən müharibəsində Qarabağımız və onun tacı Şuşa işğaldan azad edildikdən sonra Üzeyir bəyin doğma yurduna mədəniyyətimizin də qayıdışı başlanır. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, bəstəkarın yeni heykəli hazırlanır. Dövlət başçısının iştirakı ilə 2021-ci il avqustun 29-da Şuşa şəhərində abidənin açılışı keçirilir. 2021-ci il sentyabrın 18-də isə uzun illərdən sonra ilk dəfə Milli Musiqi Günü çərçivəsində Şuşada görkəmli bəstəkara həsr olunmuş Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalının konserti baş tutur.
Əlbəttə, Üzeyir Hacıbəyli bütün həyatını xalqına həsr etmiş, müasir Azərbaycan musiqi mədəniyyətinin qurucusu kimi adını tarixə abədi həkk etmişdir.
Fəxriyyə CƏFƏROVA