9 fevral Naxçıvan Muxtar Respublikasının yarandığı gündür
NAXÇIVANIN MUXTARİYYƏTİ MÜHÜM HADİSƏDİR
1918-1920-ci illər Naxçıvan diyarı üçün çox çətin və mürəkkəb tarixi dövr olmuşdur. Belə ki, Rusiyada çarizm devrildikdən sonra imperiyanın bir çox əyalətlərində olduğu kimi, Naxçıvan bölgəsində də ikihakimiyyətlilik hökm sürmüş, yaranmış mürəkkəb vəziyyətdən istifadə edərək Azərbaycanın ayrılmaz tərkib hissəsi olan bu diyara yiyələnmək üçün cəhdlər edilmişdir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə respublikada və onun ətrafında siyasi vəziyyət daha mürəkkəb idi. Müstəqilliyini elan edən Ermənistan hökuməti elə ilk günlərdən Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürür, Azərbaycan torpaqlarını zorla ələ keçirməyə cəhd edirdi. Daşnaklar Naxçıvan, Zəngəzur və Qarabağ torpaqları hesabına Ermənistan ərazisini genişləndirmək niyyətində idilər.
Həm daşnaklara, həm də bolşeviklərə qarşı mübarizə aparan Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Naxçıvanın və Zəngəzurun müdafiəsində ciddi çətinliklərlə qarşılaşmışdı. Bakıdan Naxçıvana gələn dəmir yolu Ermənistan ərazisindən keçirdi. Şose yollarının keçdiyi Zəngəzur bölgəsinə də erməni silahlı quldur dəstələri tez-tez basqınlar edir, əhaliyə divan tuturdular. Buna görə də Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ilə lazımi əlaqə yox idi. Naxçıvan həm özünü idarə etməkdə, həm də ərazi bütövlüyünü, xalqın təhlükəsizliyini təmin etməkdə ağır məsuliyyəti öz üzərinə götürmüşdü. Belə çətin vəziyyətdə özünü Azərbaycanın ayrılmaz tərkib hissəsi sayan Naxçıvan təpədən-dırnağa qədər silahlanmış erməni quldurlarına qarşı mətanətlə mübarizə aparırdı.
1919-cu ilin əvvəllərində daşnak hökumətinin təhriki ilə ingilislər Naxçıvana daxil oldular və burada ingilis general-qubernatorluğu yaradıldı. Araz-Türk Respublikasının rəhbərliyi ingilislər tərəfindən sıxışdırıldı. Naxçıvanı faktiki olaraq Cəfərqulu xan idarə edirdi. Kalbalı xan isə silahlı qüvvələrin komandanı idi.
Bu dövrdə Naxçıvanın Azərbaycan Xalq Cümhuriyyəti ilə əlaqələri çox zəifləmişdi. Belə bir şəraitdə – martın 21-də daşnak qoşunları Naxçıvan üzərinə irimiqyaslı hücuma keçdilər. Türk zabiti Zob bəyin, Kalbalı xanın, Xəlil bəyin, Nuru bəyin, Nəci bəyin, Ədib bəyin başçılığı ilə naxçıvanlılar ermənilərə güclü zərbə vuraraq geri oturtdular. 1920-ci il aprelin 27-də bolşevik Rusiyası Azərbaycanı işğal edəndən sonra Zəngəzurda və Naxçıvan bölgəsində ermənilər daha da fəallaşdılar. Zəngəzurda yollara nəzarət edən ermənilər Naxçıvanın Azərbaycanla əlaqəsini tamam kəsmişdilər.
Ümummilli Liderimiz Heydər Əliyevin “Naxçıvan Muxtar Respublikasının 75 illik yubileyinin keçirilməsi haqqında” imzaladığı 1999-cu il 4 fevral tarixli Fərmanda da XX əsrin əvvəllərində torpaqlarımıza qarşı daşnak planları barədə danışılır və Naxçıvanın muxtariyyət statusunu şərtləndirən başlıca tarixi-coğrafi amil göstərilirdi: “İlk olaraq Azərbaycan torpağı olan Zəngəzur mahalı Ermənistan SSR-in tərkibinə qatıldı. Əslində isə ermənilərin planları daha geniş idi və onların torpaq iddialarının əsas hədəfi məhz Naxçıvan idi. Onlar Zəngəzurun Ermənistana ilhaq edilməsini bu yolda atılmış mühüm addım hesab edirdilər. Beləliklə, Naxçıvanı Azərbaycandan ayıran Azərbaycan torpaqlarının – Zəngəzur mahalının Ermənistana verilməsi Naxçıvanın muxtariyyət məsələsini zəruri etdi”.
1921-ci il martın 16-da Rusiya ilə Türkiyə arasında bağlanan müqavilə bir çox prinsipial məsələlərlə yanaşı, Naxçıvan bölgəsinin də taleyini birdəfəlik həll etdi. Müqavilənin üçüncü maddəsinə uyğun olaraq Naxçıvan heç bir zaman üçüncü bir dövlətə verilməmək şərti ilə bir muxtar bölgə kimi Azərbaycanın tərkibinə verildi. 1921-ci il oktyabrın 13-də Türkiyə, Ermənistan, Azərbaycan və Gürcüstan arasında Rusiya nümayəndəsinin iştirakı ilə bağlanan Qars müqaviləsi Moskva müqaviləsinin Naxçıvan bölgəsi ilə əlaqədar şərtlərini bir daha təsdiqlədi. Müqavilənin 5-ci maddəsində deyilirdi: “Türkiyə hökuməti və Azərbaycanın və Ermənistanın sovet hökumətləri razılığa gəlirlər ki, Naxçıvan vilayəti bu müqavilənin III əlavəsində göstərilən sərhədlər daxilində Azərbaycanın qəyyumluğu altında muxtar ərazi təşkil edir”.
Naxçıvan diyarının muxtariyyət statusu məsələsində Nəriman Nərimanovun prinsipial mövqeyi, onun ardından Behbud ağa Şahtaxtinskinin Moskvada apardığı danışıqlar Moskvanın Naxçıvan məsələsinə münasibətinin dəyişməsinə və nəticə etibarilə Naxçıvana Azərbaycanın tərkibində muxtariyyət statusu verilməsinə təsir etmişdi. Ümumiyyətlə, Naxçıvan Diyar İnqilab Komitəsinin və Xalq Komissarları Sovetinin sədri, Azərbaycanın Ədliyyə komissarı, Türkiyə və Rusiyada Azərbaycanın səlahiyyətli nümayəndəsi kimi çox məsul vəzifələrin öhdəsindən layiqincə gələn, böyük nüfuz sahibi olan Behbud ağa Şahtaxtinskinin Naxçıvanın muxtariyyət statusu qazanmasında çox böyük xidmətləri olmuşdur.
Naxçıvan diyarının tarixi taleyini, yəni onun Azərbaycan SSR-in tərkibində muxtar respublika kimi qalmaq imkanlarını Moskva və Qars müqavilələri reallaşdırdı. Bu beynəlxalq müqavilələr Naxçıvanın Azərbaycan tərkibində muxtar ərazi statusunu təsbit etmiş, Rusiya, Türkiyə, Gürcüstan və Ermənistan Naxçıvanı Azərbaycanın tərkibində muxtar qurum kimi tanımış və ona beynəlxalq hüquqi təminat vermişlər. Naxçıvanın muxtariyyət statusunun hüquqi bazası 1924-cü ilin aprelində Azərbaycan MİK tərəfindən təsdiq edilmiş Naxçıvan MSSR haqqında Əsasnamənin qəbulu ilə yaradılmışdır. Muxtar qurumlar yaranma əsaslarına görə milli-ərazi və inzibati-ərazi növlərinə ayrılır. Naxçıvan Muxtar Respublikası dövlətin ərazisindən tam təcrid olunmuş ərazi kimi geosiyasi əsasa görə yaranmışdır. Belə coğrafi-siyasi əlamət tarixi zərurət kimi Naxçıvana muxtar hüquqların verilməsini şərtləndirmiş və qismən özünüidarə hüququnun tanınmasına yol açmışdı.
Ümummilli Liderimiz Heydər Əliyevin Naxçıvana rəhbərlik etdiyi illər, eləcə də Azərbaycan Respublikasının Prezidenti olduğu illər Naxçıvanın muxtariyyət statusunun möhkəmləndirilməsində mühüm dövr oldu. Hələ 1991-ci il yanvar ayının 11-də böyük öndərin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Moskva və Qars müqavilələrinin iştirakçısı olan dövlətlərə bəyanat verərək həmin ölkələri muxtar respublikanın ərazi bütövlüyünün erməni təcavüzü nəticəsində kobud şəkildə pozulması faktına münasibət bildirməyə çağırdı. Bu, muxtar respublikanı məruz qaldığı hərbi müdaxilə təhlükəsindən diplomatik yolla qorumaq istiqamətində atılmış mühüm addım idi.
1992-ci il mayın əvvəllərində ermənilərin Naxçıvana hərbi təcavüzü daha da genişləndi. O zamankı Azərbaycan rəhbərliyinin başı hakimiyyət uğrunda mübarizəyə qarışdığından Naxçıvana heç bir real yardım göstərilmədi. Bu zaman Ulu Öndər Heydər Əliyev Naxçıvanın siyasi-diplomatik yollarla müdafiəsinin təşkili işinə böyük ehtiyac yarandığını hiss edirdi. 1921-ci ildə imzalanmış Moskva və Qars müqavilələrinin Naxçıvanın muxtariyyət statusunun hüquqi təminatı üçün son dərəcə böyük əhəmiyyət kəsb etdiyini bilən böyük öndər ermənilərin təcavüzü barədə Türkiyə ilə danışmış və nəticədə qardaş ölkənin Nazirlər Kabineti Ermənistanın Naxçıvana təcavüzü ilə bağlı 20 may 1992-ci il tarixli bəyanatla çıxış etmişdi. Aparılan diplomatik mübarizənin ən böyük uğuru isə onda təzahür etdi ki, dünyanın 57 ölkəsi Ermənistanın Naxçıvana hərbi təcavüzünü rəsmi şəkildə pislədi.
1993-cü ilin birinci yarısında Naxçıvanda əhalinin çörəklə təminatı məsələsində ciddi sıxıntılar yaşandığı dövrdə bölgədə müsbət hal bundan ibarət idi ki, Naxçıvana qarşı erməni təcavüzünü dayandırmaq, muxtar respublikada əmin-amanlıq yaratmaq, ictimai asayişi bərpa etmək mümkün olmuşdu. Lakin o zamankı ölkə rəhbərliyi Naxçıvanda fövqəladə vəziyyət elan etmək istəyir, bura xüsusi komendant təyin olunmasına çalışırdı.
1993-cü ilin iyun ayı Azərbaycanın son illərdə düşdüyü ağır fəlakətlərdən xilası yolunda mühüm mərhələ oldu. Ölkədə anarxist rejimin mahiyyətindən və yürütdüyü siyasətdən doğan hərbi-siyasi hadisələr Azərbaycan Xalq Cəbhəsi-Müsavat cütlüyünün hakimiyyətdən getməsi ilə nəticələndi. 1993-cü il iyunun 15-i, Ümummilli Liderimizin Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildiyi gün Qurtuluş mübarizəsinin qalibiyyət günü kimi tariximizə yazıldı. Beləcə, xalqımızın və müstəqil dövlətçiliyimizin xilası mərhələsi başlandı.
Ulu Öndərin ölkəmizin Prezidenti olduğu illər Azərbaycanın ayrılmaz parçası olan Naxçıvanın muxtariyyət statusunun siyasi-hüquqi cəhətdən daha da möhkəmləndirilməsi mərhələsi kimi də əlamətdar oldu. Naxçıvanın muxtariyyət statusunun zəruriliyini əsaslandıran Ulu Öndər Heydər Əliyev demişdir: “Naxçıvanın muxtariyyəti mühüm hadisədir. Bu, çətin dövrdə, böyük bir mübarizənin nəticəsi olubdur. Naxçıvanın statusunu qoruyub saxlamaq üçün Moskva müqaviləsinin və xüsusən Qars müqaviləsinin böyük əhəmiyyəti olubdur. Naxçıvan Azərbaycanın əsas torpağından ayrı düşdüyünə görə, Naxçıvanın bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyətini gələcəkdə də təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük, əvəzi olmayan bir sənəddir. Belə ağır şəraitdə Naxçıvanın yaşamasının, inkişaf etməsinin əsas şərtlərindən biri də odur ki, Naxçıvana o vaxt muxtariyyət hüququ veriblər. Bu muxtariyyət hüququ bu çətin vəziyyətdə yaşamaqda, inkişaf etməkdə Naxçıvana böyük şərait yaradıbdır. Amma Naxçıvanın bundan sonra da buna ehtiyacı vardır”.
Ona görə də Ulu Öndər Heydər Əliyevin səyi nəticəsində Azərbaycan Respublikasının Konstitusiyası əsasında Naxçıvan Muxtar Respublikasının yeni Konstitusiyası hazırlandı. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1998-ci il aprelin 28-də keçirilən sessiyasında müzakirə edilərək qəbul olunmuş həmin Konstitusiya 1998-ci il dekabrın 29-da Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edildi və 1999-cu il yanvar ayının 8-dən qüvvəyə mindi. Beləliklə, müstəqillik dövründə Azərbaycanın dövlətçiliyinin qorunub saxlanılması, onun möhkəmləndirilməsi ilə bağlı kompleks problemləri uğurla aradan qaldıran Ümummilli Liderimiz Naxçıvanın muxtariyyət statusu əleyhinə, onun ləğvinə yönələn çoxsaylı cəhdlərin də qarşısını böyük qətiyyətlə aldı.
Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi dövrdə Naxçıvanla bağlı verdiyi sərəncamlar, bu diyara tarixi səfərləri, muxtar respublikanın 75 illik yubileyinin qeyd olunması, muxtariyyət statusunun hüquqi cəhətdən möhkəmləndirilməsi və çox əhəmiyyətli digər məsələlərin həyata keçirilməsi Naxçıvanın hərtərəfli inkişafını təmin etmişdir. Ulu Öndərimizin yolunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin muxtar respublikamızın 80, 85, 90 və 100 illik yubileylərinin keçirilməsi ilə bağlı imzaladığı sərəncamlar isə ölkə başçısının bu qədim diyara böyük ehtiramının ifadəsidir.
Hazırda Naxçıvan Muxtar Respublikası yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu dövrdə iqtisadiyyatın dirçəlməsinə, əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına xüsusi əhəmiyyət verilmiş, yeni iş yerləri yaradılmış, sərhədlərin etibarlı təhlükəsizliyi təmin edilmişdir. Naxçıvan Muxtar Respublikasında irimiqyaslı tikinti-quruculuq, abadlıq və bərpa işləri genişlənmiş, tarixə, mədəniyyətə, təhsilə və elmə qayğının yeni mərhələsi başlanmış, səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsinə diqqət artırılmışdır. Bir sözlə, Naxçıvan Muxtar Respublikası heç vaxt indiki qədər abad, güclü, hərtərəfli inkişafa nail olmamışdır.
Blokada şəraitində – iqtisadi və nəqliyyat əlaqələrinin məhdud olduğu şəraitdə yüksək iqtisadi fəallığa nail olunması, davamlı quruculuq işləri, sosial problemlərin həlli və ən əsası əhalinin güzəranının yaxşılaşdırılması inkişafın Naxçıvan modelinin xarakterik xüsusiyyətləridir. Ötən dövr ərzində muxtar respublikada qəbul olunmuş mühüm dövlət proqramlarının uğurlu icrası nəticəsində iqtisadiyyatın inkişafına, kommunal xidmət və sosial infrastruktur təminatının yaxşılaşdırılmasına, məşğulluğun artırılmasına nail olunmuşdur. Artıq Naxçıvan kənd təsərrüfatının sürətlə inkişaf etdiyi, enerji və ərzaq təhlükəsizliyi tam təmin olunan, yüzlərlə təhsil, səhiyyə və mədəniyyət müəssisələri üçün binalar tikilən, əhalisinin gəlirləri sürətlə artan, rifah halı günü-gündən yaxşılaşan, on minlərlə iş yeri yaradılan, demək olar ki, bütün yolları yenidən qurulan, ən müasir istehsal müəssisələri istifadəyə verilən muxtar respublikadır.
2022-ci ilin sonlarından isə muxtar respublikada yeni idarəçilik sisteminin yaradılması ilə bağlı mühüm addımlar atıldı. Belə ki, dövlət başçısının 2022-ci il 22 dekabr tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi təyin olundu. Nümayəndəlik institutunun yaradılması ilə bütün sahələrdə yeni dövrün tələblərinə uyğun olaraq iş prinsipinin qurulması, muxtar respublikanın bundan sonrakı inkişafı üçün lazımi tədbirlərin həyata keçirilməsi vacib istiqamətlər kimi müəyyənləşdirilib. Muxtariyyətinin 101-ci ilində yeni inkişaf mərhələsinə qədəm qoyan Naxçıvan bundan sonra da Ulu Öndər Heydər Əliyevin ümummilli ideyalarına sadiq qalaraq gələcəyə doğru inamla addımlayacaq.
Qafar QƏNBƏROV
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin deputatı