“O olmasın, bu olsun” – yeni quruluşda, yeni baxış

“O olmasın, bu olsun” – yeni quruluşda, yeni baxış

20 Aprel 2025

2025-ci ilin aprel ayından etibarən C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında məşqlərinə start verilmiş Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun” operettasının yeni səhnə quruluşu, sözün həqiqi mənasında, yalnız teatr ictimaiyyətini deyil, bütün sənətsevərləri ciddi şəkildə düşündürəcək. Səhnə əsəri bu il – dahi bəstəkar Üzeyir Hacıbəyovun anadan olmasının 140 illiyi münasibətilə hazırlanır və Naxçıvan Dövlət Filarmoniyası ilə birgə səhnələşdirilir. Operettanın iyun ayında tamaşaçılara təqdim olunması planlaşdırılır.

Əsər haqqında ətraflı məlumata varmadan öncə tamaşanın quruluşçu rejissoru, teatrın direktoru və baş rejissoru Mir Qabil Əkbərovun əsərə yanaşması və quruluş prinsipləri ilə bağlı bir neçə məqamı qeyd etmək kifayətdir ki, bu tamaşanın yenilikçi bir ruhla ərsəyə gəlməkdə olduğunu anlayasan.

Qeyd edək ki, “O olmasın, bu olsun” Azərbaycan teatr sənətində və musiqili səhnə janrında özünəməxsus yer tutan, təkcə ölkəmizdə deyil, Cənubi Qafqazda, Türkiyədə, Bolqarıstanda və hətta Yəməndə də müxtəlif teatrlar tərəfindən səhnəyə qoyulmuş, həmçinin 1956-cı ildə ekranlaşdırılmış əsərdir. Belə bir sənət incisinin Naxçıvan teatr səhnəsində yeni quruluşda təqdim olunması, xüsusilə də müasir teatr texnikaları ilə işlənməsi, əsərə olan marağı bir qədər də artırır.

Əsərin özündəki satirik və sosial tənqidi elementlər zamanın ruhunu daşımaqla yanaşı, bu günümüzlə də rezonans təşkil edir. Əsərdə ailə münasibətləri, patriarxal dəyərlər, qadının cəmiyyətdəki yeri, varlı və nüfuzlu şəxslərin riyakarlığı və xalqın passivliyi kimi məsələlər ön plandadır. Lakin bütün bu aktual məsələlərə baxmayaraq, əsərin sonunda heç bir qəti həll yolu təqdim olunmur. Bu isə rejissorun təxəyyülünə və yaradıcı axtarışına geniş meydan verir.

Məhz buna görə də, Mir Qabil Əkbərovun C.Məmmədquluzadənin “Ölülər” əsərinə verdiyi müasir və fəlsəfi həll burada da böyük maraq doğurur. Xatırladaq ki, rejissor “Ölülər”də Kefli İsgəndərin monoloqunu Mirzə ilə paylaşaraq, zamanın dəyişməsinə baxmayaraq, xalqın xurafat və cəhalət içində qalmasının zamansız dövriyyəsini səhnədə ön plana çıxarmışdı.

Rejissor bu dəfə də klassik obrazlara yeni nəfəs verərək onları bir vasitə kimi təqdim etməyi qarşıya məqsəd qoyur. Bu baxımdan Bertolt Brextin epik teatr prinsipləri, yəni tamaşaçının emosional yox, məntiqi reaksiyasını oyatmaq üsulu, bu quruluşda aydın şəkildə sezilir. Dekorların, kostyumların və səhnə mühitinin qeyri-ənənəvi istifadəsi, eləcə də aktyorların bəlli bir teatr estetikasından uzaq performansları, tamaşaçını hadisələrin mahiyyətinə yönəltmək niyyəti güdür.

Ən maraqlı məqamlardan biri isə Məşədi İbad obrazının əməkdar artist Vidadi Rəcəbli tərəfindən canlandırılmasıdır. Vidadi Rəcəbli realistik və romantik aktyor məktəbinin yetkin nümayəndəsi olmaqla yanaşı, daxili konfliktləri dərinliklə çatdırmaq bacarığı və obrazlara ironik yanaşma tərzi ilə də seçilir. Onun ifasında Məşədi İbad sadəcə qınaq obyektinə çevrilmir, eyni zamanda cəmiyyətin yaralarını açıq-aşkar göstərən bir güzgüyə çevrilir. Aktyorun öz içində apardığı “ikinci Vidadi” ilə söhbətlər tamaşaya fəlsəfi qat əlavə edir.

Quruluş zamanı rejissor aktyor seçiminə və obrazların daxili təhlilinə xüsusilə diqqət yetirmiş, səhnə kimyası və psixoloji balans prinsiplərini ustalıqla qorumuşdur. Bu da onu göstərir ki, Əkbərovun məqsədi sadəcə bir klassik operettanı yenidən oynamaq yox, onun vasitəsilə tamaşaçının düşüncəsində yeni suallar yaratmaq və çağdaş cəmiyyətə ünvanlanan güzgünü səhnəyə çıxarmaqdır.

Sonda qeyd etmək lazımdır ki, “O olmasın, bu olsun” operettasının bu yeni quruluşu yalnız teatr sənətində deyil, həm də Azərbaycan mədəniyyətində yeni bir mərhələnin başlanğıcı ola bilər. Əsərin milli kontekstdə yenidən düşünülməsi, universal problemlərin səhnə dili ilə təhlil olunması və teatrın maarifləndirici missiyasının ön plana çəkilməsi baxımından bu tamaşa müstəsna əhəmiyyət daşıyır.

Yaradıcı heyətə bu yolda uğurlar arzulayır, tamaşanın premyerasını böyük səbirsizliklə gözləyirəm.

İsmayıl MİRZƏCANOV

C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının mətbuat katibi