Cabbar Musayev Tumbul kənd sakinləri ilə görüşüb -

Cabbar Musayev Tumbul kənd sakinləri ilə görüşüb - FOTO

09 Yanvar 2025

Dövlət başçısının tapşırıq və tövsiyələrinə əsasən, əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli məqsədi ilə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev tərəfindən  2025 – ci ilin yanvar ayı ərzində keçirilməsi nəzərdə tutulan ilk səyyar görüşü yanvarın 8-də  Tumbul kənd sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin ərazisində yaşayan kənd sakinləri ilə olub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, görüşdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, tabeli qurumların rəhbərləri və kənd sakinləri iştirak ediblər.

İlk öncə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İcra hakimiyyətinin başçısı Cabbar Musayev çıxış edərək,  Prezident Cənab İlham Əliyevin tapşırığına əsasən yerlərdə vətəndaşların müraciətlərinin daim diqqət mərkəzində saxlanılmasını və araşdırılaraq həlli istiqamətində müvafiq işlər görüləcəyini vətəndaşların diqqətinə çatdırıb.

Həmçinin, İcra hakimiyyətinin başçısı Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2025-ci il tarixdə imzaladığı Sərəncamdan, "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində keçirilən aksiyalardan və bu aksiyaların davam etdiriləcəyindən, ölkəmizdə həyata keçirilən quruculuq işlərindən məlumat verib.

Eyni zamanda, İcra başçısı Prezident Cənab İlham Əliyevin 7 yanvar 2025-ci il tarixdə yerli televiziya kanallarına verdiyi müsahibə zamanı ölkəmiz və Naxçıvan Muxtar Respublikası üçün önəmli olan məqamları vətəndaşların diqqətinə çatdırıb. O bildirib ki, Prezident Cənab İlham Əliyevin də qeyd etdiyi kimi bu il Naxçıvan şəhərinin Baş planının hazırlanmasına başlanılacaqdır.

Daha  sonra görüş zamanı sakinləri narahat edən məsələlərlə yaxından tanış olunub, müraciət və təklifləri dinlənilib.

Tumbul kənd sakinlərinin müraciətləri əsasən sökülmüş mülklərinin əvəzində kompensasiya və ya torpaq sahəsinin verilməsindən, Mərasim Evinin tikilməsinə köməklik göstərilməsindən, suvarma suyu ilə təmin olunmalarından, yol kənarlarında olan işıq dirəklərinin yenidən təmir edilməsindən, sahibsiz itlərlə bağlı tədbir görülməsindən,  yeni marşrut xəttinin salınmasından, sahibkarlıq obyektlərinin açılmasına köməklik göstərilməsindən, qəzalı vəziyyətdə olan evinin təmirinə köməklik olunmasından  və digər məsələlərlə bağlı olub.

Sakinlərin müraciətləri ilə bağlı onları narahat edən məsələlər məsul şəxslərin  iştirakı ilə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər isə nəzarətə götürülməklə, aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, görüş Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının qrafikinə əsasən keçirilib və qarşıdakı dövrlərdə də müntəzəm olaraq yerlərdə keçirilməsi nəzərdə tutulub.

Görüşdə iştirak edən sakinlər müraciətlərinə baxılması məqsədi ilə yaradılan şərait üçün  razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.