Milli suverenlik və hüquqi dəyərlərin qorunması diqqət mərkəzindədir
2025-ci il “Konstitusiya və Suverenlik ili” elan edilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 dekabr 2024-cü il tarixində imzaladığı sərəncamla 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik ili” elan edilmişdir. Bu tarixi sərəncam hüquqi, siyasi və ictimai baxımdan böyük əhəmiyyət daşıyır. Konstitusiya və milli suverenlik anlayışları tarixi-hüquqi müstəvidə bir-birini tamamlayaraq ölkəmizin inkişafında həlledici rol oynamışdır.
Tarixi baxış: Milli Konstitusiyamızın 30 illiyi və ərazi bütövlüyümüzün bərpası
2025-ci ildə Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının qəbul edilməsinin 30-cu ildönümü, həmçinin Konstitusiyanın 11-ci maddəsi ilə təsbit olunan ərazi bütövlüyümüzün bərpasının 5-ci ildönümü qeyd olunur. 12 noyabr 1995-ci ildə qəbul edilən Konstitusiya, Azərbaycanın tam müstəqilliyini hüquqi baxımdan təmin edən mühüm sənəd kimi tarixə düşmüşdür.
Ümummilli lider Heydər Əliyevin imzaladığı 1 noyabr 1996-cı il tarixli fərmanla hər il noyabrın 12-si ölkəmizdə Konstitusiya Günü kimi qeyd edilir. Keçən 30 il ərzində Konstitusiya müasir dövrün tələblərinə uyğunlaşdırılmış, 2002, 2009 və 2016-cı illərdə əlavə və dəyişikliklər edilərək təkmilləşdirilmişdir. Bu dəyişikliklər sosial-iqtisadi inkişafı gücləndirmək, vətəndaş hüquq və azadlıqlarını genişləndirmək və dövlət idarəetməsini daha da mükəmməlləşdirmək məqsədini daşıyırdı.
Hüquqi perspektiv: Suverenlik hüququnun bərpası
Konstitusiya dövlətçiliyin nəzəri-hüquqi təməlini təşkil edərkən, 2020-ci ildəki Vətən müharibəsi bu təməlin praktik təminatını gerçəkləşdirmişdir. Ermənistanın işğal siyasəti nəticəsində pozulmuş xalqımızın hüquqları 44 günlük müharibədə qazanılan tarixi qələbə ilə bərpa olunmuşdur. Bununla da Konstitusiyanın 2-ci maddəsində təsbit edilən suverenlik hüququ təmin edilmişdir. 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən antiterror əməliyyatı isə ölkəmizin bütün ərazisində suverenliyin tam bərpa olunması ilə nəticələnmişdir.
İnkişaf və dirçəliş
Tarixi qələbəmizdən sonra Azərbaycanın bütün bölgələrində, o cümlədən Qarabağ və Şərqi Zəngəzurda intensiv sosial və iqtisadi inkişaf prosesi başlanmışdır. Azad edilmiş ərazilərdə quruculuq və dirçəliş işləri davam edir. Bu baxımdan, 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan edilməsi milli suverenlik və hüquqi dəyərlərin təbliği, hüquqi dövlət quruculuğunun inkişafı üçün mühüm stimul olacaqdır.
Zeynəb QULİYEVA
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı,
Tarix elmləri doktoru