Saz həvəsli, yaz nəfəsli sənətkar

Saz həvəsli, yaz nəfəsli sənətkar

09 Yanvar 2025

Ümummilli lider Heydər Əliyev: Zəlimxan Yaqubun mövzuca rəngarəng və məzmunca dolğun olan şeirləri poeziyamızda həmişə yeni səs, yeni söz kimi qəbul edilmişdir. Onun ulu əcdadlarımızın qədim sənəti olan aşıq yaradıcılığının incəliklərini dərindən bilməsi şeirlərinin bədii siqlətini daha da artırır. Şair Azərbaycan poeziyasının inciləri səviyyəsinə qalxa bilən nəzm əsərləri yaratmışdır.

Çağdaş Azərbaycan poeziyasında özünəməxsus yeri, poetik nəfəsi olan görkəmli yazarlarda biri də  Zəlimxan Yaqubdur. Zəlimxan Yaqubun əsərləri xalqımıza məxsus mütləq dəyərlərin, folklor yaradıcılığı qaynaqlarından süzülüb gələn ənənələrin diriliyi ilə səciyyələnir, ədəbiyyatımızda irsilik ideyasını tərənnüm edir.

Zəlimxan Yaqubun yaradıcılığı sanki, şeirlə yazılmış milli poeziya tarixidir. Onun şeir dili çox aydın, çox sadə və bədii təsvir vasitələrilə zəngin, xalq deyimləri və atalar sözlərilə doludur. Həssas oxucu ilk baxışdan müəllifin mövzu dairəsinin genişliyini, rəngarəngliyini duyur, başa düşür. Şair qələmin gücü ilə poeziyamızın gözəl nümunələrini yaradıb.  Şairin "Yaz  qələmim,  yaz"  şeiri bu mənada  diqqət çəkir:

Ömür bir fürsətdi verilib sənə,

Ömürdən, fürsətdən yaz qələmim, yaz.

Yaradan dünyanı cənnət yaradıb,

Sehrli cənnətdən yaz qələmim, yaz.

Çağır ilhamını, çağır təbini,

Həm elmini göstər, həm ədəbini.

Dəryalardan götür mürəkkəbini,

Tükənməz hikmətdən yaz qələmim, yaz.

Azərbaycanı canı qədər sevən şair Füzuli sevgisindən, Xətai mətanətindən, aşıq Ələsgər, aşıq Alı ruhundan, öz xalqından mənəvi dəstək, ilham alaraq yazıb yaratdı. Bu dəstəkdən  qüdrətlənən Z.Yaqub yaradıcılığı təkrar olunmazdır, bənzərsizdir. Hər bir əsəri öz mayası, öz ruhu ilə seçilir:

Nə alim doğuldum, nə də ki, dahi,

Peşiman da deyiləm gələn günümə.

Əliboş aparma ilahi məni,

Doğulan günümdən ölən günümə.

Zəlimxan Yaqub poeziya ümmanından güc alaraq öz əqidəsinə sadiq qalan bir vətəndaş kimi şeirləri ilə həmişə yaradıcılığında önəm verdiyi həqiqətin, ədalətin, Vətənə xidmətdən yaranan ülvi hisslərin təbliğatçısı kimi çıxış edib.

Zəlimxan  vətəndaş şair kimi vətənin ağır günündə xalqı intiqam almağa,  mübarizəyə səsləyib, əsgərləri milli istiqlaliyyəti göz bəbəyi kimi qorumaq, ölkəmizin bütövlüyünü bərpa etmək naminə silaha sarılmağa, döyüş meydanına çağırıb:

Çatıb həqiqətinə haqqını almaq üçün.

Düşmən bayrağını ayağa salmaq üçün.

Qalibiyyət hayqırıb,

qələbə çalmaq üçün

Millətin xilas yolu

bu gün savaşdan keçir.

1. Yaqub Ana təbiətə vurğun idi. Bəlkə də buna görədir ki, ənənəvi olaraq poeziyasında öncül yerlərdən birini yurda tükənməz sevgi motivləri tutur və onun yaradıcılığının ana xəttini təşkil edir.

Aran da, yaylaq da doğmadır mənə

Qəlbimi dağlara verməsəm ölləm,

Yazda çiyələyi, yayda yarpızı,

Payızda moruğu dərməsəm ölləm.

Hər kimin qar düşsə yayda yadına,

Vüqarlı zirvələr çatar dadına,

 Bizim o dağların ölməz adına,

Şeirdən bir çələng hörməsəm ölləm.

Professor Qəzənfər Paşayev çöx gözəl qeyd edib: "Zəlimxan Yaqubun poeziyasında həyat həqiqətdə olduğundan daha həyatidir. Ən önəmlisi isə odur ki, onun poeziyası milli oyanışa, milli ruhun təbliğinə, milli özünüdərkə xidmət edir".

Zəlimxan Yaqub  yaradıcılığında diqqət çəkən məqamlardan biri də odur ki, Zəlimxan Saz üstə yazılan sözün, sözü ucaldan sazın Ustadıdır. Onun saza-sözə, aşıq sənətinə münasibətini  dediyi kəlamlar da sübut edir: "Saz mənim üçün Türk ruhunun şəksiz və şəriksiz, tək və müqəddəs alətidir. Saz mənim üçün ana laylası, beşikdən məzara qədər ömür yolunda yol yoldaşım, könül sirdaşım, həyatım, varlığımdır". Elə bu səbəbdəndir ki şair yazırdı:

Sən varsan, həyatda mən varam demək,

Səsimi hər yana yetir, ay sazım.

Akademik K.Talıbzadə də qeyd edirdi: "Zəlimxan sazla şeirin ruhunu, mayasını birləşdirən şairdir".

Bəli, Zəlimxan Yaqubda həyat eşqi, yazıb-yaratmaq eşqi tükənməz idi. Heç bir çətinliyə, əzab-əziyyətə, məhrumiyyətə baxmadan ürəyində vətən məhəbbəti, əlində qələm söz mülkündə “yerlə-göylə” əlləşirdi. Çünki hər bir narahatlıq, gözlənilməz dəyişikliklər dövründə yazıçının xalq qarşısında məsuliyyəti, vətən qarşısında cavabdehliyi Zəlimxan Yaquba bir şair kimi dinclik vermədi. Zəlimxan Yaqub xalqın böyük etimadını qazanmış ictimai xadim idi. O, ömrünün mənasını xalqa xidmətdə görürdü və bu missiyasına da sadiq qaldı.  Zəlimxan Yaqub ulu ozan qopuzu ilə, sazlı-sözlü çələngi ilə həmişə hər bir elin, obanın sevimlisi oldu və könüllərə yol tapdı.  

Yaşadı, özünün də qeyd etdiyi kimi:

Mənim ömrüm təbiətin ömrüdü,

Damlasında, ümmanında yaşadım.

Zirvələrin çiskinində, çənində,

Yağışında, dumanında yaşadım.



Sular kimi hey töküldüm çarxa mən,

Boş gəlmədim otuza mən, qırxa mən.

Əlli yaşda oldum elə arxa mən,

Ümidində, gümanında yaşadım.



Dərd ürəkdə, əsrin yükü çiyində,

Ağrı başda, qasırğalar beyində.

Aha döndüm ürəklərin heyində,

Kədər oldum, kamanında yaşadım.



Ürəyində buz yaşamaq – faciə,

Yarasında duz yaşamaq – faciə,

Çox yaşamaq, az yaşamaq – faciə,

Mən zamanı zamanında yaşadım.

Bəli, Zəlimxan Yaqub öz zamanında yaşadı. Könüllərdə özünə taxt qurdu.  Qələmindən süzülüb gələn poeziyamızın gözəl inciləri ilə çağdaş ədəbiyyatımızda silinməz iz qoydu.

Ne gözəldi bu dağların talası,

Mən getsəm də, könlüm burda qalası.

Sevsə məni bir zalımın balası,

Ölüb, elə bu yerlərdə qalardım.

Ölməz şair, siz ölmədiniz, siz söz inciləriniz ilə əbədiyaşarlıq qazandınız. Özünüz də qeyd edirdiniz:

Canım qara torpağın, 

nəfəsim göylərindir,

Qəbirdə yatsam belə, 

həmişə həyatdayam.

Fəxriyyə CƏFƏROVA