ADAU-da Bilik Günü qeyd olunub -

ADAU-da Bilik Günü qeyd olunub - FOTO

16 Sentyabr 2024

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Bilik Günü münasibətilə tədbir keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, sonra torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxış edən Universitetin rektoru Zəfər Qurbanov pedaqoji heyəti və tələbələri Bilik günü münasibətilə təbrik edib. Rektor bildirib ki, Azərbaycan Dövlət Aqrar Universitetinin bakalavr pilləsinə tələbə qəbulu cari il 97% təşkil edib. 24 ixtisas üzrə plan yerləri 100% dolub. Həmçinin, regionun ən yüksək bal toplayan tələbələrindən Zeynəb Əliyeva 682 balla Aqrar Universiteti seçib.

Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov deyib ki, dövlətin elmə, təhsilə qayğısı nəticəsində Aqrar Universitetin maddi-texniki bazası hər il daha da gücləndirilir. Yeni qəbul olan tələbələri təbrik edən nazir müavini onlara nəzəri biliklərlə yiyələnməklə yanaşı praktiki və elmi-tədqiqat işlərində də yaxından iştirak etməyi tövsiyə edib. O, ölkəmizdə aqrar elmin inkişafında Azərbaycan Dövlət Aqrar Universitetinin xüsusi rolu olduğunu diqqətə çatdırıb.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev və YAP Gəncə Şəhər Təşkilatının sədri Bayram Aslanov da çıxış edərək müəllim və tələbə kollektivinə təbriklərini çatdırıblar.

Universitetin I kurs tələbəsi Zeynəb Əliyeva çıxışında ADAU-da tədrisin keyfiyyətli formada aparılması, peşəkar müəllim kollektivinin olmasının onun seçimində əsas amillərdən biri olduğunu bildirib.

Sonda yüksək bal toplayan bir qrup tələbəyə qiymətli hədiyyələr və tələbə biletləri təqdim olunub.