Nikah dövründə alınan avtomobilin mülkiyyəti necə bölünməlidir? -

Nikah dövründə alınan avtomobilin mülkiyyəti necə bölünməlidir? - HÜQUQ MƏSLƏHƏTİ

19 Noyabr 2024

Sual: Keçmiş həyat yoldaşımla mənim aramda əmlak bölünməsi ilə bağlı məhkəmə işi olmuşdur. Məhkəmə əmlakların əksər hissəsini aramızda bərabər bölüb. Ancaq məhkəmə keçmiş həyat yoldaşımın adına qeydiyyata alınmış avtomobilin bizim faktiki olaraq ayrı yaşadığımız müddətdə alındığını əsas gətirərək yalnız ona məxsus olduğunu bildirmişdir. Halbuki avtomobil alınan anda biz faktiki ayrı yaşasaq da, nikahımız qüvvədə idi, pozulmamışdı. Belə olan halda avtomobilin yalnız keçmiş həyat yoldaşıma qalması qanunidirmi?

Cavab: Nikah müddətində əldə edilən əmlakın ər-arvadın ümumi birgə mülkiyyəti sayılması üçün təkcə tərəflər arasında nikahın mövcud olması kifayət deyil. Bunun üçün əmlakın əvəzli əqdlər üzrə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilməsi də tələb olunur (Azərbaycan Respublikası Ailə Məcəlləsi, maddə 32.1 və 32.2). Qanun nikah dövründə üzrlü (ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər) səbəblərə görə müstəqil qazancı olmayan ərin (arvadın) da ümumi əmlak üzərində hüquqa malik olmasını nəzərdə tutur (həmin məcəllə, maddə 32.3). Sizin qeyd etdiyiniz hal isə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.5-ci maddəsinin təsiri altına düşür. Bu maddəyə görə, məhkəmə ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə məxsusi qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. Odur ki, sualınıza cavab olaraq onu deyə bilərik ki, məhkəmənin mövqeyi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.5-ci maddəsinə uyğundur, qanunidir.

Sualı cavablandırdı: Culfa rayon prokurorunun köməkçisi II dərəcəli hüquqşünas - Heydər İbrahimov