Səhiyyə Nazirliyində Qvineya-Bisaunun xarici işlər naziri ilə görüş keçirilib
Səhiyyə Nazirliyində Qvineya-Bisau Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdəki icmalar naziri Karlos Pinto Pereiranın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə, həmçinin Qvineya-Bisaunun ətraf mühit naziri Viriato Kassama və digər rəsmilər iştirak ediblər.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata görə, nazir Teymur Musayev ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələlərinə toxunaraq, tibb sahəsində də əlaqələrin inkişafının vacibliyini vurğulayıb. Nazirin sözlərinə görə, həmin istiqamətdə əməkdaşlıq beynəlxalq müstəvidə - Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində həyata keçirilir.
Azərbaycanın səhiyyə naziri gələcəkdə əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə əminliyini ifadə edib.
Karlos Pinto Pereira Qvineya-Bisaunun Azərbaycanla əlaqələrin inkişafına xüsusi önəm verdiyini bildirib: “Ölkələrimiz arasında 1992-ci ildən etibarən diplomatik əlaqələr qurulub. Həmin müddət ərzində Qvineya-Bisau və Azərbaycan dövlətlərinin qarşılıqlı münasibətləri müsbət dinamika ilə inkişaf edir”.
Görüşdə, həmçinin Qvineya-Bisaudan olan tibb sahəsi üzrə mütəxəssislərin hazırlanmasına dəstək verilməsi və maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.