Azər Tağıyev: Şuşa üçün düşmənlə əlbəyaxa oldu

Azər Tağıyev: Şuşa üçün düşmənlə əlbəyaxa oldu

12 Aprel 2024

Tağıyev Azər Kamil oğlu 1999-cu il dekabr ayının 20-si Naxçıvan Muxtar respublikasının Kəngərli rayonunun Şahtaxtı kəndində anadan olub.O, orta təhsilini Şahtaxtı kənd tam orta məktəbində almış, 2018-ci ildə həmin məktəbi bitirmişdi. Elə həmin il hərbi xidmətə çağırılmış, 2019-cu ildə xidməti başa vurmuşdu.
 
Azər Tağəyev həqiqi hərbi xidmətini bitirdikdən sonra könüllü ərizə yazaraq yenidən ordu sıralarına daxil olur və xüsusi təyinatlı qüvvələrin kəşfiyyatçı qumbaraatan vəzifəsində xidmətini davam etdirir.

Müharibə başlayandan Naxçıvandan yollanan dəstələrin içində ön cəbhədə döyüşlərə qatılır. Hadrut, Xankəndi istiqamətində döyüşlərdə iştirak edir. Şuşaya ilk ayaq basan igidlərimizdən olan Azər, Şuşa uğrunda gedən əlbəyaxa döyüşlərdə iştirak edir. Noyabr ayının 9-u  minamyot mərmisinin partlayışı nəticəsində qəhrəmancasına şəhid olur.  Azər Tağıyev noyabrın 13-də doğulduğu Şahtaxtı kəndində son mənzilə yola salınıb.
 
Tağıyev Azər Kamil oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda", "Laçının azad olunmasına görə" və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.