
Naxçıvanlı idmançılar 2024-cü ildə 201 medal qazanıblar
2024-cü ildə Naxçıvanlı idmançılar ölkəmizlə yanaşı, Türkiyə, Rusiya, Gürcüstan, Bəhreyn, Finlandiya, Monqolustan, Belarus və Bolqarıstanda keçirilən müxtəlif səviyyəli yarışlarda önəmli uğurlara imza atdılar. Naxçıvan təmsilçiləri dünya, Avropa, ölkə və beynəlxalq səviyyəli yarışlarda ümumilikdə 72 qızıl, 71 gümüş, 58 bürünc medal olmaqla 201 medal qazandılar.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu fikirləri Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin
2024-cü il üzrə fəaliyyəti barədə mətbuat konfransında jurnalistlərə açıqlamasında gənclər və idman nazirinin müavini, nazir səlahiyyətlərini icra edən Məcid Seyidov deyib.
O, həmçinin qeyd edib ki,
* Röya Abdullayeva 17 yaşadək qızlar arasında qrepplinq üzrə Avropa çempionu olaraq tarixə adını yazdırdı.
* Fidan Paşayeva həmin qitə birinciliyində bürünc medal qazandı.
* Əli Əsgərov pauerliftinq üzrə Avropa çempionatının qızıl medalçısı və mütləq çempionu oldu.
* Xədicə Bayramova XIV Dünya Şotokan Çempionatında 8-9 yaş kateqoriyasındakı 3 qızıl medalı ilə diqqət çəkdi.
* Ləman Bağırova 15 yaşadək cüdoçular arasında ölkə çempionu olan ilk qız idmançı oldu.
Bundan əlavə, müxtəlif döyüş növlərində, o cümlədən boks, atletika, gimnastika, karate və voleybol kimi idman sahələrində fərdi və kollektiv uğurlar əldə olundu.
"Futbol sahəsində də müsbət inkişaflar yaşanmaqdadır. “Araz Naxçıvan” futbol klubu Azərbaycan Premyer Liqasının liderlər sırasına daxil olub və avrokuboklara vəsiqə uğrunda iddiasını davam etdirir. Bu, Naxçıvan futbolunun tarixində ilk dəfə ölkəmizi avrokuboklarda təmsil etməyə imkan yarada bilər. Bu nailiyyətlər Naxçıvanın idman ictimaiyyəti və futbolsevərləri üçün böyük bir arzuya çevrilmişdir". - deyə nazir müavini bildirib.