
Naxçıvandan Türkiyəyə ixracın həcmi artıb
2024-cü ilin ilk 4 ayı ərzində qardaş Türkiyə muxtar respublikanın xarici ticarət dövriyyəsində ilk yeri tutub, Türkiyəyə ixracın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 28 faiz artıb.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, ümumilikdə Naxçıvanın xarici ölkələrlə ticarət dövriyyəsinin ümumi həcmi 32,2 milyon dollar olub ki, ticarət dövriyyəsində Türkiyənin payı 52,7 faiz təşkil edib.
Naxçıvandan Türkiyəyə mineral sular, vafli məmulatları, tütün məmulatları, elektrik enerjisi, mebel, tikinti materialları, travertin daş məhsullarının ixracı həyata keçirilib, Türkiyənin Naxçıvana ixracatında ərzaq məhsulları, məişət elektrik əşyaları, mebel, tekstil, əczaçılıq məhsulları, müxtəlif texnikalar üstünlük təşkil edib.