Abbas İsmayılov: İqtisadiyyat Nazirliyi yeni iş yerlərinin, əlavə dəyər yaradan sahələrin maliyyələşdirilməsində maraqlıdır

Abbas İsmayılov: İqtisadiyyat Nazirliyi yeni iş yerlərinin, əlavə dəyər yaradan sahələrin maliyyələşdirilməsində maraqlıdır

26 İyul 2024

Maliyyə əlçatanlığının təmin edilməsi məsədilə Sahibkarlığın İnkişafı Fondunun fəaliyyəti yenidən təşkil olunmuş, aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət Müşahidə Şurası yaradılmış, güzəştli kreditlərin real sektora yönləndirilməsinin təşviqi, kredit bazarı iştirakçıları ilə səmərəli və şəffaf əməkdaşlıq kimi hədəflər müəyyən edilmişdir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu jurnalistlərə açıqlamasında Naxçıvan Muxtar Respublikası İqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov deyib. 

O qeyd edib ki, hesabat dövrü ərzində fondun kredit qoyuluşlarının artması nəticəsində kredit portfelinin diversifikasiyası təmin edilmişdir. Hal-hazırda Fondun kredit portfeli 52,5 milyon manat təşkil edir.

Kredit borclarının geri qaytarılmasının sürətləndirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilmiş, Sahibkarlığın İnkişafı Fonduna öhdəlik olaraq vaxtında qaytarılmalı, lakin qaytarılması təmin edilməyən vaxtı keçmiş kreditlərin məbləği 1 yanvar 2024-cü il tarixə 16 milyon manata yaxın olmuşdursa, 2024-cü il 1 iyul tarixinə 10,1 milyon manat və ya 63,5 faiz azalaraq 5,8 milyon manata endirilmişdir.

Nəticədə, Fondun ehtiyatlarının qalıq məbləği 2,4 dəfə artaraq 6,7 milyon manatdan 16,1 milyon manata çatmışdır.

Cari ilin 6 ayında vaxtı keçmiş kredit vəsaitinin ödənilməsi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 25,4 dəfə çox olmuşdur.

İş adamlarına müraciət edərək real sektora və prioritet sahələrə yönəlmiş layihələrini Sahibkarlığın İnkişafı Fondunun güzəştli kreditləri hesabına maliyyələşdirmə imkanlarından istifadə etməyə dəvət edirəm.

Fond gələcəkdə maliyyə əlçatanlığının artırılması istiqamətində fəaliyyətini davam etdirəcək, Naxçıvanın iqtisadi artımına təsir edən layihələr dəstəklənəcəkdir.

Bu günkü tədbir çərçivəsində daha bir bankla müvəkkil kredit təşkilatı kimi əməkdaşlıq müqaviləsi bağlanmışdır. Bununla da müvəkkil kredit təşkilatlarının sayı 4-ə çatdırılmışdır.

"Digər kredit təşkilatlarını da Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondu ilə sıx əməkdaşlıq etməyə dəvət edirəm".- deyə nazir müavini qeyd edib.