Məcid Seyidov Şahbuzda vətəndaşları qəbul edib - FOTO
Fevralın 20-də Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyyətlərini icra edən, nazir müavini Məcid Seyidov və qurumun məsul əməkdaşlarının iştirakı ilə Şahbuz şəhərində vətəndaşların müraciətlərinə baxılıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Rayon İcra Hakimiyyətində reallaşan qəbul zamanı vətəndaşların fikir, təklif və şikayətləri dinlənilib. Müraciətlər əsasən, vətəndaşların yaşadıqları ərazilərdə futbol meydançalarının, idman zallarının yaradılması, gənclərin asudə vaxtlarının səmərəli təşkili və digər məsələlərlə bağlı olub.
Nazir müavini Məcid Seyidov diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə əhalinin, xüsusən də gənc nəslin sağlam həyat tərzinə təşviqi milli prioritetlərdən biridir. Bu istiqamətdə Naxçıvanda da davamlı işlər görülür, tədbirlər keçirilir. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində, o cümlədən paralel olaraq həyata keçiriləcək infrastruktur layihələri barədə məlumat verilib. Qeyd olunub ki, cari ili əhatə edən bu layihələr Şabuz rayonunu da əhatə edəcək. Rayon mərkəzində Dövlət Proqramına uyğun olaraq açıq hava idman qurğularının quraşdırılması, eləcə də Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin “Sağlam məhəllə” layihəsi çərçivəsində idman meydançasının inşa edilməsi nəzərdə tutulub.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti