Namiq Babayevdən ardıcıl 3-cü qızıl medal -

Namiq Babayevdən ardıcıl 3-cü qızıl medal - FOTO

16 Fevral 2025

Bakı şəhərində 2008-2009-cu il təvəllüdlü idmançılar arasında ölkə birinciliyi keçirilib. Bakı Atletika Mərkəzində iki gün davam edən yarışa muxtar respublikadan 1 məşqçi, 6 idmançı qatılıb.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, təmsilçilərimizdən Namiq Babayev ona bəslənilən ümidləri yenə doğruldub. Hərçənd, idmançı ötən ölkə birinciliyindəki (2010-2011) ikiqat qızıl medal sevincini təkrarlaya bilərdi. Maraqlıdır ki, Namiq bu cür yarışlarda nadir rastlanan məqamı yaşayıb. 1500 metr məsafəyə qaçış yarışında finişə rəqibi ilə başabaş gələn Naxçıvan atleti yekun nəticədə saniyənin 2/100 nisbətində bir fərqlə (4:33.71-4:33.69) birinciliyi əldən verib. Buna rəğmən idmançımız 3000 metr məsafədə bütün rəqiblərini geridə qoyaraq (9:58.90) qızıl medala sahib çıxıb.

Bu nəticələrlə Namiq Babayev son on gündə iştirak etdiyi ölkə birinciliklərindən 3 qızıl və 1 gümüş medal qazanmağa müvəffəq olub.