Hökmlərin məcmusu üzrə cəza  hansı qaydada təyin edilir? -

Hökmlərin məcmusu üzrə cəza hansı qaydada təyin edilir? - HÜQUQ MƏSLƏHƏTİ

20 Fevral 2025

Sual: Hökmlərin məcmusu üzrə cəza hansı qaydada təyin edilir?  

Cavab: Hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir.

Hökmlərin məcmusu üzrə təyin edilmiş və azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan qəti cəzanın müddəti və ya həcmi, bu Məcəllənin Ümumi hissəsində həmin cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz.

Hökmlərin məcmusu üzrə təyin edilmiş azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi beş ildən çox ola bilməz.  

Hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır.

Hökmlərin məcmusu üzrə cəza təyin edilərkən əlavə cəzaların birləşdirilməsi Cinayət Məcəlləsinin 66.4.-cü maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir.

Ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxs yeni cinayət törətdikdə, yeni təyin edilən cəza ömürlük azadlıqdan məhrum etmə cəzası ilə əhatə olunur.

Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov