
İnformasiya mənbəyinin açıqlanmasına yol verilməyən hallar hansılardır? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: İnformasiyanın yayılmasına, informasiya mənbəyinin açıqlanmasına yol verilməyən hallar hansılardır?
Cavab: Media subyekti və jurnalist tərəfindən aşağıdakılara yol verilmir:
1. şəxsin gizli saxlanmaq şərtilə verdiyi informasiyanın proqram və materiallarda yayılmasına;
2. məlumat vermiş şəxsin razılığı olmadan onun şəxsiyyətinin açıqlanmasına;
3. təhqiqatçının, müstəntiqin, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmənin icazəsi olmadan ibtidai araşdırma məlumatlarının yayılmasına;
4. Azərbaycan Respublikasının CPM-də nəzərdə tutulmuş qaydada tərtib edilən və “İnformasiya əldə etmək haqqında” Qanuna uyğun olaraq sənədləşdirilmiş informasiya hesab edilən cinayət təqibi üzrə icraat materiallarının surətlərinin olduğu kimi yayılmasına;
5. yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə hər hansı məlumatların həmin şəxslərin və onların qanuni nümayəndələrinin razılığı olmadan yayılmasına;
6.“Dini ekstremizmə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsində nəzərdə tutulmuş məlumatların yayılmasına;
7. Azərbaycan Respublikası İXM-nin 388-ci maddəsində nəzərdə tutulmuş sui-istifadə hallarına.
Məsul redaktor və (və ya) jurnalist istintaqı aparılan, yaxud məhkəmə icraatında olan işlə əlaqədar Media haqqında Qanunun 15.3-cü maddəsi ilə müəyyən edilmiş hallardan başqa informasiya mənbəyini açıqlamağa məcbur edilə bilməz.
Məsul redaktor və ya jurnalist aşağıdakı hallarda məhkəmənin qərarı ilə öz informasiya mənbəyini açıqlamalıdır:
1. insan həyatının müdafiəsi üçün;
2. ağır və xüsusilə ağır cinayətlərin qarşısını almaq üçün;
3. ağır və xüsusilə ağır cinayət törətməkdə təqsirləndirilən şəxsin müdafiəsi üçün.
Media haqqında Qanunun 15.1.3-cü maddəsinin tələbləri jurnalistin müstəqil araşdırma aparmaq hüququnu məhdudlaşdırmır.
Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov