Babəkdə hüquqpozmalara dair tədbir keçirilib - FOTO
Naxçıvan Muxtar Respublikası Prokurorluğunun təşkilatçılığı ilə Muxtar Respublikanın daxili işlər, səhiyyə nazirlikləri və Naxçıvan Dövlət Universitetinin aidiyyatı əməkdaşları ilə birgə Babək rayon İcra Hakimiyyətində “Yetkinlik yaşına çatmayanlar və ailə münasibətləri əleyhinə olan hüquqpozmalar və onların profilaktikası” mövzusunda maarifləndirici tədbir keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbirdə Babək rayon İcra Hakimiyəti başçısının müavini Səbinə Abbasova giriş sözü ilə çıxış edərək mövzunun əhəmiyyətdən danışıb.
Tədbirdə Muxtar Respublika Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi baş ədliyyə müşaviri Faiq Səfərov çıxış edərək yetkinlik yaşına çatmayanların hüquq pozuntularının qarşısının alınması, bu pozuntuların baş verəsinə imkan verən səbəb və halları aradan qaldırılması, yetkinlik yaşına çatmayanların hüquqları və qanuni mənafelərinin qorunması, yetkinlik yaşına çatmayanların cinayətkar fəaliyyətə cəlb edilməsi hallarının aşkar edilməsi və aradan qaldırılmasına dair tədbirlər həmçinin, yetkinlik yaşına çatmayan şəxsləri nikaha daxil olmağa məcbur etmə hallarının qarşısının alınmasından bəhs edib.
Tədbirdə, həmçinin Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı Samiq Məmmədov, Səhiyyə Nazirliyinin əməkdaşı Nigar Səfərova və Naxçıvan Dövlət Universitetinin əməkdaşı Nuranə Səlimova mövzu ilə bağlı çıxış ediblər.
Tədbir zamanı iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.