Firudin Rzayevin tədqiqatlarında “Qədim Naxçıvan-Naxər ölkəsinin mifoloji inancları və bu miflərin yayım arealı”
AMEA Naxçıvan Bölməsində filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Rzayevin “Qədim Naxçıvan-Naxər ölkəsi türklərin mifoloji inancları və bu miflərin yayım arealı” adlı ikicildlik monoqrafiyasının təqdimatı keçirildi. Hər iki kitab AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin qərarı ilə “ADPU-nun nəşriyyatı”nda çap edilib. İkicildliyin məsləhətçiləri AMEA həqiqi üzvü, tarix elmləri doktoru, professor İsmayıl Hacıyev və AMEA-nın həqiqi üzvü, filologiya elmləri doktoru, professor Muxtar İmanovdur. Filologiya elmləri doktoru, professor Akif İmanovun elmi redaktorluğuyla nəşr olunan monoqrafiyanın rəyçisi isə filologiya elmləri doktoru, professor Adil Babayevdir. Hər iki cild akademik İsmayıl Hacıyev və professor Adil Babayevin ön sözüylə açılır.
Əvvəlcədən onu da vurğulayım ki, Firudin Rzayev Azərbaycan dilçilik elminə verdiyi dəyərli töhfələrilə daima diqqəti cəlb edən son dərəcə məsuliyyətli və zəhmətkeş bir alim kim tanınır. Onun zəngin və çoxşaxəli fəaliyyətinin bir sahəsini dilçilik, digər bir sahəsini isə dilçiliyin xüsusi bir şöbəsi olan onomastika təşkil edir.
Monoqrafiyaya gəlincə qeyd edim ki I cild 3 fəsildən, II cild 4 fəsildən ibarətdir və Naxçıvan toponimlərini öyrənmək baxımından dəyərli bir mənbədir.
Kitabın girişində Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan qədim Naxçıvan-Naxər ölkəsi ərazisinin hazırkı Naçıvan Muxtar Respublikasının ərazisindən 6 dəfə böyük olduğu, Urmiya, Van, Göyçə gölləri arasını əhatə etdiyi faktlar əsasında qeyd edilmişdir. Kitabda Firudin Rzayev e.ə. III-I minilliklərdə yaşamış Azərbaycan türk tayfalarının daşıdığı mifik inancları, bu inancların yayım arealı, antik mənbə məlumatlarındakı yerini araşdırmışdır. Qədim Naxçıvan ərazisi tayfalarının inanclarında yer alan Tanrı, İlahə adları mifologiyaya dair mənbələrə istinadən araşdırılmış, elmi, tarixi faktlar və türk sözlükləri mifoloji mənbələrə istinadən izah edilmiş, bu miflərin yayım arealı sübut olunmuşdur. Monoqrafiyada qədim Naxçıvan-Naxər ölkəsinin e.ə. III-I minilliyə aid tayfalarının mifoloji inancları da zamana görə sistemləşdirilmiş, digər millətlərə aid edilmiş türk Azərbaycan mifi tarixi-müqayisəli şəkildə təkzib edilərək, bu inancların da qədim Azərbaycan mifindən onlara adladığı elmi və tarixi faktlarla sübut edilmişdir. Qədim Naxçıvan-Naxər ölkəsi türklərinin mifoloji inancları və bu miflərin yayım arealı II cilddə daha ətraflı təhlil edilmişdir. Burada e.ə. III-I minilliklərdə Naxçıvan ərazisində yaşamış Şirak, Kol, Çul, Bolqar, Qıpcaq Xaçmatak, Oğuz, Kimmer kimi 40-a yaxın tayfaların da dünyanı dərkdə mifoloji inanclarını geniş araşdırılmışdır. Bununla bərabər kitabda qədim mənbələrə istinadən eramızdan əvvəl III-I minilliklərdə zaman ardıcıllığı nəzərə alınmış, qədim Naxçıvan ərazisindəki tayfalarımızın məişətdəki inancları, bu tayfalardan miras qalmış qədim qala, türbə məbədlər kimi tikintilərdəki mifoloji inanc naxışları da tədqiqata cəlb edilmişdir.
Monoqrafiyanın I cildin birinci fəslində Naxçıvan paleotoponimlərində qədim türk miflərinin izlərindən bəhs olunur. Əsərdə faktlar əsasında göstərilir ki, qədim tarixi özündə əks elətdirən bu ərazilərdə hər bir etnik qrupun tayfa şəklinə düşməsi 2, xalq şəklinə düşməsi tarixi prosesi isə 3 min illik bir zamanı əhatə edir. Bildiyimiz kimi mifoloji baxışlar dünya xalqlarının inkişaf dönəmində ibtidai insanların ilkin təsəvvürlərindən başlayaraq əsasən kainatın formalaşması, onda baş verən iqlim, təbiət dəyişiklikləri, qalaktikadakı müxtəlif görüntülər fövqündə meydana gəlir və insanların yaranmasında bu amillərin rolu və fəlsəfi baxışları haqqında ilkin təsəvvür, mifik inanclar formalaşmağa başlamışdır. Müəllif burada ilkin fəlsəfi fikir baxışlarının, istərsə də mifoloji baxışların yaranmasının qədim Asər-Azər tayfaların xalqımıza məxsusluğunu və onlarla bağlılığını, ilk dünya fəlsəfəsinin qədim Asər türklərindən yunanlara, Asallak-“Qüvvətli uca işıq” Allah Tanrı adının da bizdən ərəblərə adladığını tarixi faktlarla sübut edir.
I cildin III fəslində Naxçıvan toponimində e.ə. VIII- IV minilliklərlə bağlı qədim türk miflərinin izləri təqdiqata cəlb olunmuşdur. Tarixi qaynaqlar Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan ərazisində məskunlaşmış Tal, Tus, Turdi, Pal, Maq, Kəngər, Sak kimi türklərində e.ə. VIII-IV minilliklər tarix səhnəsində olduğu göstərilir. Bundan başqa müəllif birinci kitabın sonuncu fəslində qədim Naxçıvan ərazisində Yaycı prototürkləri ilə bağlı Yeuci-Yeuşi mifoloji inancların toponimlərdə izlərini mənbələrə istinadən araşdırmışdır. Naxçıvan ərazisinin toponimik sistemində ayrılıqda yer alan Yaycı türkləri ilə bağlı Yeuci-Yeuşi mifik inancının qədim bir tarixi inanc olmağı sübut edilmişdir.
Monoqrafiyanın ikinci cildi haqqında da fikirlərimizi bölüşmək istərdik. Həmin cildin I fəslində Azərbaycan ərazisində eramızdan əvvəl III-I minilliklərə aid tayfa adlarında qədim türk miflərinin izləri və tədqiqi istiqamətlərindən bəhs olunur. Dilçi alim mövcud Azərbaycan tayfalarına məxsus işarə və yazıların qədim Naxçıvan ərazisinin Gəmiqaya, Nüvədi daş yazılarında, eləcə də Azərbaycana məxsus olan Qobustan, Kəlbəcər, Təbriz ərazilərinin rəsmlərində, yazılarında və dəfn adətlərində mövcudluğunu nəzərə alaraq bu mədəniyyət və mifoloji amillərin öz qədimliyini bir daha tam olaraq təsdiq etmiş olur. Burada Mittan, Manna, Midiya, Atropatena, Alban və s. dövlətlərimizin tayfa birliklərinin mifi ilə bağlı Tanrı adlarına da rast gəlirik. Kitabda Zərdüştlük əlaməti olan günəşə, oda, təbiətə, kosmoqonik aləmdə baş verən inanclar da ayrılıqda yer alır. Müasir məişətimizə diqqət yetirsək, bu gün islamdan öncəki Tanrı, Xuda inancları da mifik inanclarımızda yer alır. Müəllif bu adların etimologiyasını araşdıraraq bu qənaətə gəlir ki, bu gün biz Tanrı inancı ilə bağlı Tanrıqulu adı və Tanrıqulu çeşməsi, qoruğu, Tanrıverdi adı və Tanrıverdi bağı kimi hidronim və oronimlərini, Xuda inancı ilə bağlı Xudakərim şəxs-antroponimik adı və Xudakərim biçənəyi, Xudyar adı və Xudayar qoruğu kimi coğrafi adlara da təsadüf edirik. Bu kimi adlar tayfa adlarına çevrilmə prosesində özlərini qoruyub saxlamaqdadır.
II cildin ikinci fəslində Naxçıvan ərazisi toponimlərində Nuh tufanı ilə bağlı mifik inancın izləri, qədim Şirak türkləri ilə bağlı Şar, Kol, Gel, Çul, Bolqar tayfalarının mifləri, onların yayım arealı faktlar əsasında göstərilmişdir. Bununla bərabər qədim Naxçıvan ərazisi toponimlərində Sak, Qıpçak, Xaçmatak protürkləri ilə bağlı Xuda, Tanrı mifik inancları da geniş araşdırılmış, xaç işarəsinin Xuda Tanrı mifində e.ə. III minillikdə yer aldığı tarixi faktlarla göstərilmişdir. Müəllif burada xristian dininin türk Xuda mifi üzərində qurulduğunu, I Roma papası Minisuyun ilk xristian duasını türk dilində eramızın IV əsrində oxuduğunu da faktlarla sübut etmişdir. “Xuday atinda bütün adəm açiq bulsun” şəklində “Xudanın altında bütün adamlar açıq qəlblə dayansın-dursun” ifadəsi ilə türk dilində oxunmuş bu dua, xristianlığın Xuda dini inancı üzərində qurulduğunu tam sübut edir.
IV fəsildə isə Naxçıvan toponimlərində müqəddəs yer adları və mədəniyyət nümunələrində qədim türk mifoloji damğa işarələri, Naxçıvan memarlıq abidələrindəki mifoloji əlamətlərə baxış, Naxçıvan qədim xalçalarında prototürk mifik damğaları və yazı işarələri, eləcə də Naxçıvan yallılarında prototürk mifi, onların adlarında dil və tariximiz mənbələr əsasında tədqiq edilmişdir. Tədqiqat zamanı e.ə. III-I minilliklərlə bağlı tayfaların məişətində yer alan xeyli sayda Tanrı inanclarını, bu inanclarla bağlı rəsmləri də özümüzə qaytaran bu əsər elmi cəhətdən xüsusi əhəmiyyət daşımaqla özümüzə qayıdışın da bariz nümunəsidir.
Bütün bunları ümumiləşdirərək qeyd edə bilərik ki, bu istiqamətdə tədqiqatlar geniş şəkildə yer almalı, mədəniyyət nümunələrimizdə özlərinə mədəniyyət oğurlayan bəzi üzdəniraq millətlərin əsl üzü ortaya çıxarılmalı, dünya ictimaiyyətinə təqdim edilməlidir. Bir sözlə, bu tədqiqat əsərindəki bütün elmi nəticələri, mifoloji inanclarla bərabər qədim xalçaçılıq, memarlıq sənətimizdəki nümunələri də ümumiləşdirsək, tarixi qədimliyimizin təsdiqini bir daha tapmış olarıq.
Natavan İbrahimova
AMEA Naxçıvan Bölməsinin əməkdaşı