Dövlətçilik xalqın özü qədər əbədi və sarsılmazdır

Dövlətçilik xalqın özü qədər əbədi və sarsılmazdır

16 Yanvar 2025

2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik ili” elan olunması dövlətçilik prinsiplərinin daha dərindən öyrənilməsi, milli suverenliyin qorunması və konstitusiyamıza uyğun idarəetmə prinsiplərinin daha geniş şəkildə tətbiq edilməsi üçün mühüm bir addımdır.

Bu qərar dövlətçilik ənənələrinə dərin hörmətin və suverenliyin qorunmasının Azərbaycanın gələcəyində əsas prioritetlərdən biri olduğunu göstərir.

Azərbaycanın 1995-ci ildə qəbul etdiyi Konstitusiya isə yalnız hüquqi sənəd deyil, xalqın öz suverenliyinə olan inamının və özünüidarəetmə qabiliyyətinin təcəssümüdür. Konstitusiya dövlətin hüquqi əsasını yaratmaqla yanaşı, insan hüquqlarını və demokratik idarəetmə prinsiplərini qorumağa xidmət edir. Sanki xalqın dövlətə olan sevgi hekayəsidir.

Konstitusiyamızda yazılan hər söz Azərbaycanın milli suverenliyini qorumaq üçün yazılmış bir and kimi səslənir.

Suverenlik bir dövlətin öz taleyinə sahib çıxma haqqıdır. Bu haqq bəzən qələmlə, bəzən qılıncla qazanılır. Azərbaycan öz suverenliyini həm sülh masalarında, həm də döyüş meydanlarında təsdiq edib.

44 günlük Vətən müharibəsi və antiterror əməliyyatları suverenliyin nə demək olduğunu bütün dünyaya nümayiş etdirdi. Bu zəfər yalnız torpaqlarımızı işğaldan azad etmək deyil, həm də milli ruhumuzun yenidən dirçəlməsi idi. Şuşanın, Xankəndinin, Xocalının geri qaytarılması, bayrağımızın Qarabağın zirvələrində dalğalanması suverenliyin haqq səlnaməsinə yazılmış qızıl hərflərdir.

Azərbaycanın dövlətçilik modeli yalnız daxili güc deyil, həm də beynəlxalq arenada öz prinsipial mövqeyini qorumaqla seçilir. Enerji siyasəti, regionun inkişafına töhfələr, mədəniyyət diplomatiyası – bütün bunlar suveren bir dövlətin öz ayaqları üstündə dayana biləcəyini göstərir.

2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan edilməsi, xalqın öz tarixini yenidən oxuması və gələcəyə inamla baxması üçün bir fürsətdir. Bu il ərzində həyata keçiriləcək tədbirlər, yalnız hüquqi maarifləndirmə deyil, həm də xalqın öz dəyərlərini yenidən kəşf etməsi deməkdir. Məktəblərdə keçirilən dərslərdən tutmuş beynəlxalq forumlara qədər hər bir təşəbbüs, Azərbaycanın dövlətçiliyinin möhkəmlənməsinə xidmət edəcək.

Azərbaycanın dövlətçilik ruhu, hər bir vətəndaşın qəlbindəki alovdur. Bu alov yalnız tarixin közü ilə yox, gələcəyin ümidləri ilə də yanır. Konstitusiya və suverenlik bizim yalnız hüquqlarımızı deyil, həm də məsuliyyətimizi ifadə edir.

2025-ci il dövlətçiliyimizin fəlsəfəsini yaşadan və onu daha da möhkəmləndirən bir mərhələ olacaq. Azərbaycan xalqı olaraq biz, yalnız tarixin yaddaşına güvənmirik, biz gələcəyin qurucuları olaraq özümüzə inanırıq. Dövlətçilik xalqın özü qədər əbədi və sarsılmazdır.

Mətin KAMAL

"NAXÇIVANXƏBƏRLƏRİ"