Serbiya-Azərbaycan əlaqələri müasir Azərbaycan diplomatiyasının ən böyük uğurlarından biridir
1991-ci ildə Azərbaycanın müstəqilliyini bərpa etməsilə ölkəmizin tarixində yeni bir dövrün başlanğıcı qoyuldu. Sovetlər İttifaqının dağılması ilə yeni yaranan müstəqil dövlətlər arasında yerini tutan Azərbaycan bu yeni reallıqda ölkənin müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü, təhlükəsizliyini qorumaq, mənafeyi Azərbaycanın milli dövlətçilik maraqları ilə uyğun gələn ölkələrlə sıx əməkdaşlıq etmək, müttəfiqlik əlaqələri yaratmaq, regionda baş vermiş hər hansı bir gərginliyin və ya münaqişələrin aradan qaldırılmasına səy göstərmək, xalqın mənafeyinə uyğun xarici iqtisadi siyasət yeritmək, ölkə iqtisadiyyatını beynəlxalq iqtisadi sistemdə təmsil etmək, xarici ölkələrlə elmi, mədəni, humanitar əlaqələr qurmaq və bu imkanlardan istifadə edərək beynəlxalq sistemdə mövqeyini möhkəmləndirmək kimi prinsipləri özünə rəhbər tutaraq beynəlxalq arenada ilk addımlarını atmağa başladı. 90-cı illərin əvvəllərində atılan bu addımlarla Azərbaycanın xarici siyasətində ölkənin müstəqil diplomatik siyasətinin əsasını qoyuldu və bir çox regional və qlobal səviyyədə əməkdaşlıq əlaqələrinin qurulmasına zəmin yarandı. Məhz, onun nəticəsidir ki, bu gün Azərbaycan dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələrini ümummilli mənafelərə əsaslanan xətlə ən yüksək səviyyədə inkişaf etdirir. Ölkəmizin Cənubi Qafqazdakı yerini və rolunu, iqtisadi potensialını düzgün qiymətləndirən nüfuzlu dövlətlər də respublikamızla bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinə böyük maraq göstərirlər. Azərbaycanla əməkdaşlıq əlaqələrinin inkişafında maraqlı olan belə ölkələrdən biri də Serbiyadır.
İki ölkə arasında ilkin beynəlxalq münasibətlər hələ keçmiş Yuqoslaviya Federativ Respublikasının ötən əsrin 90-cı illərində- 31 dekabr 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıması ilə başlamışdır. 21 avqust 1997-ci ildə Serbiya və Azərbaycan arasında ikitərəfli münasibətlərin qurulması, 8 iyun 2011-ci ildə Azərbaycan Respublikasının Serbiya Respublikasında, 2011-ci ilin fevral ayında isə Serbiya Respublikasının Azərbaycan Respublikasında Səfirliyinin açılması əlaqələrin inkişafına təkan verən mühüm amillər sırasına çevrilmişdi. Bununla yanaşı, dövlət və hökumət başçıları arasında gedən səmərəli siyasi dialoqlar Serbiya-Azərbaycan əlaqələrini başqa bir səviyyəyə daşımışdı. Beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan və Serbiya dövlətlərinin təmsilçiləri prinsipial məsələlərin həllində birgə mövqe nümayiş etdirərək ölkələr arasındakı beynəlxalq tərəfdaşlığa bir daha sadiqliklərini bildirdilər. Serbiyanın 14 mart 2008-ci il tarixində Azərbaycanın təklif etdiyi "Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət haqqında" qətnamə layihəsi ilə əlaqədar BMT Baş Assambleyasında keçirilən səsvermədə məsələnin lehinə mövqe nümayiş etdirməsi ikitərəfli əməkdaşlığın ən parlaq nümunələrindən biridir. 2010-cu ildə Serbiya Prezidenti Boris Tadiç Azərbaycana rəsmi səfəri zamanı ölkəsinin bu prinsipial mövqeyini bir daha bəyan edərək bildirmişdir:
“Həqiqətən, Serbiya hökumətinin nümayəndə heyəti ilə Bakıda - Azərbaycanda olmağımdan, Sizinlə və Sizin nümayəndə heyəti ilə ikitərəfli münasibətlərimiz və tarixi imkanlarımız barədə danışıqlar aparmaqdan, üzləşdiyimiz problem və çağırışları müzakirə etməkdən şərəf hissi duyuram. Mən görürəm ki, bizim ümumi problem və çağırışlarımız vardır. Mən ərazi bütövlüyümüzü, ölkələrimizi qorumaq məsələləri ilə yanaşı, həmçinin mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə kimi çağırışları, ümumiyyətlə, ölkələrimizin gələcək inkişafı ilə bağlı məsələləri qeyd etmək istərdim. Bunlar özləri də hər iki tərəf üçün bir çağırışdır. Siz çoxtərəfli təsisatlarda beynəlxalq hüququn prinsiplərinin müdafiə edilməsində bizə arxayın ola bilərsiniz. Bu, prinsipial məsələdir”.
Azərbaycan Respublikası da beynəlxalq səviyyədə Serbiyanın suveren hüquqlarının qoyunmasında daim öz haqq səsini qaldıraraq obyektiv mövqeyini bildirmişdir. 1999-cu ildə Serbiyanın nəzarətindən çıxaraq BMT-nin himayəsinə daxil olan Kosovanın 2008-ci ildə müstəqilliyini elan etməsi ilə dünya birliyinin bu məsələyə rəyinin haçalandığı bir zamanda bu məsələyə ilk etirazlar məhz Azərbaycanın paytaxtından gəlmişdi. Cənab Prezidentin Azərbaycan Respublikası Milli Məclisinə Kosovadakı Azərbaycan sülhməramlılarının geri çağırılması ilə bağlı müraciət etməsi Azərbaycanın Serbiyanın suverenliyinin və müstəqilliyinin müdafiəsi istiqamətində atdığı ən böyük addımlardan biri idi.
Bu gün biz şahid oluruq ki, sosialist rejimindən çıxan müstəqil dövlətlər iqtisadi rəqabətin güclü olduğu Avropa məkanında hər mənada mövcudluqlarını qorumaq, söz sahibi olmaq, iqtisadi asılılıqlarını aradan qaldırmaq üçün güclü dostlara və tərəfdaşlara ehtiyac duyurlar. Bu gün Serbiya üçün Azərbaycan istər rəsmi, istərsə də qeyri-rəsmi danışıqlarda belə dostlardan və tərəfdaşlardan biri olaraq böyük resurs zənginliyinə sahibdir. İlk növbədə məhz enerji amili bu gün iki ölkə arasında əməkdaşlığın, gələcək perspektivlərin ana xəttini təşkil edir. Bu əməkdaşlığın əsası, başqa bir ifadə ilə dayaq nöqtəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi iradəsi nəticəsində reallığa çevrilən Cənub-Qaz Dəhlizi, yaxud bu dəhlizin sonuncu seqmenti olan TAP-dır. Dəhlizin artıq yeni elementinə çevrilən Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorundan mavi qaz ala bilən ölkələrdən biri də Serbiyadır. Odur ki, bu səfər ilk növbədə ikitərəfli enerji əlaqələrinin daha sıx şəkildə qurulması, potensial ixrac-idxal imkanlarının bir daha nəzərdə keçirilməsi Serbiyanın artıq reallaşmaqda olan Cənub-Qaz Dəhlizi layihəsində aktiv iştirakının təhlili baxımızdan önəmli idi. Başqa sözlə desək, Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun ötürmə qabiliyyətinin 3.5 milyard kub metrdən 5.5 milyard kub metrədək artırılması Macarıstan, Serbiya, Slovakiya, Ruminiya, Şimali Makedoniya kimi ölkələrin də Azərbaycan qazını almasına geniş imkan yaradır. Mövcud imkanların bir daha nəzərdən keçirilməsi, təhlil edilməsi, Mərkəzi və Şərqi Avropanın enerji təhlükəsizliyinin formalaşmasında strateji mövqeyini daha da möhkəmləndirən Azərbaycan üçün şühbəsiz ki, mühüm önəm kəsb edir. 2022-ci ildə Sofiyada keçirilən iclas zamanı Serbiya Prezidenti Aleksandar Vuçiç demişdi:
“Dostumuz İlham Əliyevin iştirakı olmasaydı, bizim hər birimiz üçün qaz, eləcə də elektrik enerjisi təchizatının şaxələndirilməsinə ümid etmək asan olmazdı. Əziz dostum, görürəm ki, indi Siz Avropada çox məşhurlaşmısınız. Mən onunla dəfələrlə danışmışam. O, Avropada çox məşhurlaşıb. Bu arada mən bilmirəm, o nə edib, amma etiraf edim ki, bunun sirrini mən də bilmək istərdim.”
Bu, Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq arenada qazandığı imici və etibarlı tərəfdaşlıq nümunəsi olduğunu göstərən sübutlar sırasındadır.
Bu gün də Serbiya-Azərbaycan əlaqələri ən yüksək həddə inkişaf dövrünü yaşayır. 2022-ci ildə Belqradda çıxışı zamanı “Ölkəmizin təhlükəsizliyini təmin edəcəyik və ən azı cənab Əliyevin Azərbaycan üçün etdiklərinin yarısını edəcəyik” deyən Serbiya Prezidenti Azərbaycanı Sebiya üçün bir nümunə olaraq görür və beynəlxalq arenada ikitərəfli iqtisadi və siyasi əlaqələri diqqət mərkəzində saxlayır. Ötən gün Aleksandar Vuçiç sosial media hesabında paylaşım edərək qeyd etmişdir:
“Azərbaycandan olan qardaş və dostlarımız məni məlumatlandırdılar ki, fors-major səbəbindən yaranan obyektiv problemlərə baxmayaraq, Serbiyaya qaz təchizatı dayandırılmayacaq. Azərbaycana və tezliklə Belqradda böyük səbirsizliklə gözlədiyim Prezident İlham Əliyevə sonsuz təşəkkürümü bildirirəm.”
Buradan növbəti dəfə də şahid oluruq ki, Serbiya Prezidenti azərbaycanlı həmkarının beynəlxalq miqyasda nüfuzunu və imici yüksək qiyətləndirərək Cənab Prezidet İlham Əliyevi sözün əsl mənasında böyük bir rəhbər və lider kimi qəbul edir.
Bütün qeyd olunanları nəzərə alaraq söyləmək olar ki, ölkələrimiz arasında mövcud olan münasibətlər və bunun inkişafı meyilləri belə bir proqnozla çıxış etməyə əsas verir ki, Azərbaycan-Serbiya əlaqələri yaxın gələcəkdə daha da inkişaf edəcək və bütövlükdə regionda sülhə, sabitliyə, demokratik inkişafa, sosial-iqtisadi yüksəlişə təkan verəcəkdir.
Yusif Mirzəzadə
“Femida Könüllüləri” Təşkilatı Naxçıvan Nümayəndəliyinin Səlahiyyətli rəhbəri
Naxçıvan Dövlət Universitetinin “Hüquqşünaslıq” ixtisası tələbəsi