20 Yanvar tariximizə qızıl hərflərlə yazılmış qəhrəmanlıq səhifəsidir

20 Yanvar tariximizə qızıl hərflərlə yazılmış qəhrəmanlıq səhifəsidir

18 Yanvar 2025

Xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazılan 20 Yanvar bizə əbədi azadlığımızı, müstəqilliyimizi və bütün xalqlara nümunə olacaq birliyimizi qazandırdı. Bu gün tariximizin qəhrəmanlıq salnaməsi, xalqımızın vətənpərvərlik nümunəsi, azadlıq mübarizəsinin rəmzi, iftixar günüdür. Bu gün Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, azadlıq istəyinin oyanışı, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir gündür.

Həmin gün öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini uca tutan Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Sovet qoşunlarının törətdiyi qanlı qırğından 35 il keçməsinə baxmayaraq, Azərbaycan xalqı öz qəhrəman övladlarının fədakarlığını daim yüksək qiymətləndirir hər il 20 Yanvarda onların xatirəsini dərin ehtiramla yad edir.

Bu qanlı terror aktına ilk dəfə öz etirazını bildirən Ümummilli Liderimiz Heydər Əliyev olmuşdur. Ulu Öndər 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək bu cinayəti pisləmiş, əliyalın əhalinin kütləvi şəkildə qətlə yetirilməsini hüquqa, demokratiyaya və insanlığa zidd aksiya kimi kəskin ittiham etmişdi. Görkəmli dövlət xadimi Bakıda törədilən qanlı faciənin təşkilatçılarını cinayətkar adlandırmış və aksiyanı törədənlərin məsuliyyətə cəlb edilməsini qətiyyətlə tələb etmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il 21 noyabr tarixli sessiyasında Ümummilli Liderimiz tərəfindən hazırlanan və onun təşəbbüsü ilə qəbul edilən “1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” Qərarda ilk dəfə olaraq yanvar hadisələrinə siyasi qiymət verilmiş, törədilən qırğının təşkilatçılarının məsuliyyətə cəlb olunması tələb edilmişdir. Həmçinin bu tarixi sənəddə 20 Yanvar gününün hər il Naxçıvan Muxtar Respublikasında Milli Matəm Günü kimi qeyd olunması da öz əksini tapmışdır. 1992-ci il yanvarın 13-də isə daha bir tarixi addım atılmış, “1990-cı ilin yanvar ayında Bakı faciəsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Rəyasət Heyətinin bəyanatı” qəbul olunmuşdur.

Ümummilli Lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra 1994-cü ilin 20 Yanvar hadisələrinin hüquqi müstəvidə əsl mahiyyəti açıqlandı. Ulu Öndərin 20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi ilə bağlı 1994-cü il yanvarın 5-də imzaladığı Fərmanda həm də Milli Məclisə hadisəyə tam siyasi-hüquqi qiymət verməsi tövsiyə olunurdu. Bu qiymət xalqımızın müstəqillik yolunda çarpışmasının dolğun mənzərəsini əks etdirməli idi. 1994-cü il mart ayının 29-da ölkə parlamenti “1990-cı il yanvarın “20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Beləliklə də 20 Yanvar faciəsi məhz Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra öz hüquqi-siyasi qiymətini aldı. Ulu Öndərin 2000-ci il yanvarın 17-də imzaladığı Fərmanla isə 1990-cı ilin faciəli yanvar günlərində şəhid olanlara “20 Yanvar şəhidi” fəxri adı verildi.

Bu gün Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, o cümlədən onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsini daim diqqətdə saxlayır. Ötən 35 il ərzində Azərbaycanın siması çox dəyişib. İndi ölkəmizin iqtisadi gücü, qüdrətli ordusu, beynəlxalq səviyyədə qazanılan uğurları var. Ötüb keçən illərin axarında dəyişməz qalan yalnız xalqın milli həmrəyliyi və birliyidir. Bu həmrəyliyi xalqımız Vətən müharibəsi zamanı bir daha nümayiş etdirdi.

Cənab Prezident, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər Ordumuz 2020-ci ildə 44 günlük Vətən müharibəsində əzəli torpaqlarımızı işğaldan azad etdi və şəhidlərimizin qisası alındı, tökülən qanlar yerdə qalmadı, Azərbaycan misilsiz tarixi qələbə qazandı. 2023-cü ildə keçirilən antiterror tədbirləri nəticəsində isə bütün ərazilərimiz üzərində milli suverenliyimiz tam təmin olundu. Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq niyyəti tam reallaşdı. Vətən müharibəsindən və antiterror əməliyyatlarından sonra bütün ərazilərimizdə Azərbaycan dövlətinin Konstitusiya əsasları təmin edildi.

Vətənimizin azadlığı, suverenliyi uğrunda özlərini qurban verən şəhidlərin xatirəsi həmişə qəlbimizdə yaşayacaqdır. Onları hörmətlə yad edir, ruhları qarşısında baş əyirik.

Canməmməd CANMƏMMƏDOV

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı