“Bədxassəli Şişlərin Diaqnostika və Müalicəsinə Müasir Yanaşma” mövzusunda elmi-praktik konfrans keçirilib -

“Bədxassəli Şişlərin Diaqnostika və Müalicəsinə Müasir Yanaşma” mövzusunda elmi-praktik konfrans keçirilib - FOTO

08 Dekabr 2024

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Milli Onkologiya Mərkəzinin dəstəyi ilə “Bədxassəli Şişlərin Diaqnostika və Müalicəsinə Müasir Yanaşma” mövzusunda elmi-praktik konfrans keçirilib. 

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, ardınca Heydər Əliyev Muzeyinə baxış keçiriblər.

Konfransın açılışı ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Açılış nitqində Naxçıvan Muxtar Respublikası səhiyyə naziri Samiq Sadıxov bu cür elmi tədbirlərin səhiyyə sahəsində bilik və təcrübə mübadiləsini təşviq etdiyini, xüsusilə onkologiyanın müasir yanaşmalarla inkişafına mühüm töhfə verdiyini vurğulayıb. O, Milli Onkologiya Mərkəzinin Baş direktoru, akademik Cəmil Əliyev başda olmaqla, tədbirin təşkilinə dəstək verən bütün tərəfdaşlara təşəkkürünü bildirib.

Konfransda onkologiya sahəsinin müxtəlif aspektlərini əhatə edən elmi çıxışlar dinlənilib. Çıxış edən həkimlər "Baş və boyun şişlərinə müasir yanaşma", "Azərbaycanda uşaq onkologiyasının inkişafı", "Sümüklərin bədxassəli törəmələrində cərrahi bərpa üsulları", "Uşaqlıq boynu xərçənginə müasir yanaşma" və digər mövzularda elmi bilik və təcrübələrini iştirakçılarla bölüşüb və auditoriyanın suallarını cavablandırıblar.

Konfrans, onkologiya sahəsində beynəlxalq standartlara uyğun yeni yanaşmaların müzakirəsi və praktiki təcrübə mübadiləsi üçün vacib bir platforma olmuşdur. 

Tədbir, səhiyyə sahəsində yeni əməkdaşlıq perspektivləri və inkişaf imkanları ilə uğurla başa çatmışdır.

Daha sonra Milli Onkologiya Mərkəzinin həkim və mütəxəssislərindən ibarət heyət Əziz Əliyev adına Mərkəzi Uşaq Xəstəxanasının önündə yerləşən akademik Əziz Əliyevin büstünü ziyarət edərək önünə gül dəstələri qoyub akademikin xatirəsini ehtiramla yad ediblər. Ardınca qonaqlar xəstəxananın tərkibində yaradılan Təcili Tibbi Yardım şöbəsinə baxış keçiriblər.

Səfər zamanı qonaqlar Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində yerləşən DƏSTƏK Mərkəzində olmuş və burada yaradılan müasir şərait və göstərilən xidmətlərlə tanış olublar. Həmçinin, onlar Təcili Tibbi Yardım Xidmətinin fəaliyyəti ilə yaxından maraqlanıblar. Nazir Samiq Sadıxov təcili yardım maşınlarında quraşdırılmış GPS izləmə sistemləri, 103 çağrı mərkəzinin iş prinsipi və göstərilən xidmətlərin keyfiyyətini artırmaq məqsədilə həyata keçirilən yeniliklər barədə ətraflı məlumat təqdim edib.

Daha sonra Milli Onkologiya Mərkəzinin həkim və mütəxəssisləri Naxçıvan Muxtar Respublikası Xəstəxanasında yaradılan şəhidlərimizin adlarını daşıyan təlim otaqlarına baş çəkərək burada yaradılan şəraitlə tanış olublar