Qırğızıstanın Baş naziri Azərbaycan səfirliyində xatirə kitabına ürək sözlərini yazıb
Qırğızıstanın Baş naziri Adılbek Kasımaliyev Azərbaycanın Bişkekdəki səfirliyində xatirə kitabına ürək sözlərini yazıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" Qırğızıstan hökumətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, A.Kasımaliyev AZAL-ın sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində Azərbaycan vətəndaşlarının həlak olması ilə əlaqədar başsağlığı verib.
"Qırğız Respublikası Nazirlər Kabineti adından və şəxsən öz adımdan Azərbaycan vətəndaşlarının həlak olması ilə əlaqədar dərin hüznlə başsağlığı verirəm. Həlak olanların doğmalarına və yaxınlarına səmimi qəlbdən başsağlığı verir, yaralananlara tezliklə sağalmağı arzulayıram", - o yazıb.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən "Embraer” tipli sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Qəza nəticəsində sərnişinlərin 38-i həlak olub, 3-ü uşaq olmaqla 29-u sağ qalıb.
Prezident İlham Əliyevin sərəncamı ilə dekabrın 26-da Azərbaycanda bir günlük matəm elan edilib.