TƏBİB bu il 80 ədəd təcili tibbi yardım avtomobili alıb

TƏBİB bu il 80 ədəd təcili tibbi yardım avtomobili alıb

23 Dekabr 2024

İl ərzində yeni müasir tibbi avadanlıq kompleksləri ilə təchiz olunan 80 ədəd təcili tibbi yardım avtomobili alınıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov qurumun ilin yekunlarına dair keçirdiyi brifinqdə çıxışı zamanı deyib.

TƏBİB tabeli tibb müəssisələrində təmir işlərinə toxunan V.Qurbanov bildirib ki, Klinik Tibbi Mərkəzin 2 əsas korpusunun əsaslı təmir layihələndirilməsi üzrə tender prosesinə, Respublika Klinik Xəstəxanasının isə tam əsaslı təmir işlərinə başlanılıb. Eyni zamanda, Nərimanov Tibb Mərkəzinin yenidən qurulması həyata keçirilir.

O həmçinin xəstələrin dərman təchizatı məsələsinə də toxunub:

"Hazırda şəkərli diabet xəstələrinin vahid elektron registrində qeydiyyatda olan ümumi xəstə sayı 322 min 353 nəfərdir ki, onlar da zəruri preparatlarla təmin olunub.

B və C virus hepatitli xəstələrin virusəleyhinə dərman preparatları ilə təmin olunması üzrə Komissiyasının dekabrın 1-nə olan məlumatlara əsasən 512 xəstə 6 aylıq periodlarla hepatit B əleyhinə, 1 055 xəstə isə il ərzində hepatit C əleyhinə dərman vasitələri ilə təmin edilib".