Qazaxıstanlılar Aktau faciəsi ilə əlaqədar Azərbaycana dəstək göstərir
Qazaxıstan rəsmiləri, parlamentin deputatları və paytaxt sakinləri Aktau yaxınlığında “Azerbaijan Airlines”a məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar başsağlığı vermək və dəstəklərini ifadə etmək üçün Azərbaycan səfirliyinə gəlirlər.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, faciə təkcə Azərbaycanda deyil, Qazaxıstanda da dərin kədər doğurub. Qazaxıstan paytaxtının sakinləri və rəsmilər səmimi qəlbdən başsağlığı verməyə və dəstəklərini ifadə etməyə davam edirlər.
Deputatlar, Qazaxıstan senatorları və Məclis üzvləri başsağlığı kitabına ürək sözlərini yazmaq üçün Azərbaycan səfirliyini ziyarət ediblər. Paytaxt sakinləri isə Astanadakı Azərbaycan səfirliyinə gələrək gül və oyuncaqlar qoymağa davam edirlər.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən "Embraer” tipli sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Qəza nəticəsində sərnişinlərin 38-i həlak olub, 3-ü uşaq olmaqla 29-u sağ qalıb.
Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb.