
Azərbaycan səfirliyi Bosniya və Herseqovinada iftar süfrəsi açıb
Bosniya və Herseqovinanın Breza şəhərində bu ölkədə fəaliyyət göstərən Dostluq Körpüsü Assosiasiyasının təşkilatçılığı, Azərbaycan səfirliyinin maliyyə dəstəyi ilə şəhər məscidində 110 nəfərlik iftar süfrəsi açılıb. İştirakçılar sırasında şəhər sakinləri ilə yanaşı, ətraf kəndlərdəki müsəlman icmalarının nümayəndələri də olub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, iftar süfrəsində Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev, Breza bələdiyyəsinin sədri Vedad Yusiç, səfirliyimizin əməkdaşları, şəhər müftiliyinin nümayəndələri, yerli hakimiyyət orqanlarının təmsilçiləri, sıravi vətəndaşlar iştirak ediblər. Qurani-Kərimdən ayələr və Ramazan duaları oxunub.
Dostluq Körpüsü Assosiasiyasının sədri Yasmin İmamoviç çıxışında Azərbaycan səfirliyinin artıq üçüncü ildir ki, sülh və qardaşlıq ayı olan müqəddəs Ramazan ayında Bosniya və Herseqovina müsəlmanları üçün iftar süfrəsi açdığını qeyd edib. O bildirib ki, səfirliyin bu təşəbbüsünün mühüm mənəvi dəyəri var. Burada toplanan insanlar Azərbaycanın simasında uzaq Bosniya və Herseqovinada yaşayan müsəlmanlar üçün dost və qardaş ölkə görür, böyük insani və mənəvi dəstək hiss edirlər.
Səfir Vilayət Quliyev Bosniya və Herseqovinada xalqımıza göstərilən böyük maraqdan, həqiqi dostluq və qardaşlıq hisslərinin açıq şəkildə ifadə olunmasından məmnunluğunu bildirib. Azərbaycan haqqında qısa məlumat verən diplomat İslam dünyasının hər yerində olduğu kimi ölkəmizdə də Ramazan bayramının geniş qeyd edildiyini vurğulayıb. Bosniya və Herseqovinanın yalnız dini mənsubiyyət deyil, tarix və tale baxımından da Azərbaycana yaxın ölkə, strateji tərəfdar olduğunu xüsusi qeyd edən səfir müqəddəs Ramazan bayramı günlərində sadə bosniyalılarla bir yerdə, eyni bayram süfrəsi ətrafında olmaqdan böyük məmnunluq duyduğunu diqqətə çatdırıb və iştirakçıları bayram münasibətilə təbrik edib.
Azərbaycan səfirliyinin təşəbbüsü şəhər müftiliyi, yerli hakimiyyət qurumları, sıravi vətəndaşlar tərəfindən yüksək qiymətləndirilib və minnətdarlıq ifadə olunub.