Naxçıvanda müayinə və əməliyyatlar həyata keçirir -

Naxçıvanda müayinə və əməliyyatlar həyata keçirir - FOTO

10 Aprel 2025

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə Akademik M. A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzindən dəvət olunan yüksək ixtisaslı cərrahlar Naxçıvan Sağlamlıq Mərkəzində müayinə və əməliyyatlara başlayıblar.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, aksiya çərçivəsində müxtəlif ixtisaslar üzrə – endokrin cərrahiyyə, qaraciyər, öd kisəsi, mədəaltı vəzi, qida borusu, 12 barmaq bağırsağı sahəsində əməliyyatlar, eləcə də anesteziologiya-reanimasiya və intensiv terapiya üzrə peşəkar tibbi xidmətlər göstərilir. İki gün davam edəcək aksiyanın əsas məqsədi əhalinin sağlamlıq vəziyyətinin yaxşılaşdırılması və müasir tibbi xidmətlərə çıxış imkanlarının artırılmasıdır.

Səfər çərçivəsində mütəxəssislər Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxovla da görüşüblər. Görüş zamanı səhiyyə naziri muxtar respublikada son illər ərzində səhiyyə sahəsində aparılan islahatlar, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi və əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. Bildirilib ki, səhiyyə infrastrukturunun müasirləşdirilməsi, yeni tibb müəssisələrinin istifadəyə verilməsi, ixtisaslı kadr hazırlığı və profilaktik tədbirlərin genişləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Görüşdə gələcək əməkdaşlıq imkanları və birgə layihələrin reallaşdırılması perspektivləri də müzakirə olunub.

Mütəxəssislər, həmçinin Naxçıvan Sağlamlıq Mərkəzində son illərdə görülən yeniliklərlə tanış olublar. Onlar, müasir tibbi avadanlıqlarla təchiz olunmuş əməliyyat otaqları, yüksək standartlara cavab verən palatalar və yaradılan digər şəraitin peşəkar səviyyədə olduğunu vurğulayıblar. Qonaq cərrahlar tibbi infrastrukturun və xidmət səviyyəsinin yüksək olmasını xüsusilə qeyd edərək, Naxçıvanda səhiyyə sahəsindəki inkişafı yüksək qiymətləndiriblər.

Qeyd edək ki, aksiya çərçivəsində müayinələr və əməliyyatlar aprelin 12-dək davam edəcək.